Nərminin qətli ilə bağlı 8 şübhəli məqam

0

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın müəmmalı qətli ilə bağlı müzakirələr davam edir. Qətldə təqsirli bilinən İlkin Süleymanovun cinayətkar olmadığı ilə bağlı fikirlər, təhlillər getdikcə artır.

Axar.az sözügedən cinayətlə bağlı təhlillərin bir qismini təqdim edir:

1. Nərminin itkin düşdüyü gün hansı geyimdə olması ilə bağlı ziddiyətli fikirlər

Əmiləri, əmisi arvadı ifadələrində israrla Nərminin itkin düşdüyü gün əynində olan paltarları yadlarında saxladıqlarını bildirirlər. Həmin gün cəmi 2-3 dəqiqə gördükləri uşağın ayaqqabısının üstündəki gül, gödəkcə, şalvar, köynəyini dəqiqliklə yadda saxladıqlarını iddia edirlər. Onların sadaladıqları paltar-ayaqqabı yanmış meyitin üstündə olan və yanına atılmış geyimlərə uyğundur. Əmisi Arif Quliyevin arvadı Nailə Quliyeva da həyat yoldaşının gödəkcəsini gətirib verəndə Nərminin əynində olan geyimləri sadalayır.

Əvvəla, adi bir gün idi, heç kim bilmirdi ki, Nərmin itəcək. Geyimləri dəqiqliklə yadda saxlamaları şübhəlidir.

Ən əsası, N.Quliyeva məhkəmədə geyimləri sadalayır, istintaqda isə hər iki ifadəsində bildirib ki, Nərmin gətirib gödəkcəni qaytardığı gün onu görməyib. Çünki bir gün əvvəl qızının toyu imiş, başı tör-töküntünü yığışdırmağa qarışıb. Ona görə Nərmin gəlib-gedəndə görməyib. Bəs bu qadın məhkəmədə niyə geyimləri sadalayır? Onu belə ifadə verməyə nə vadar edir?

2. Nərminin anasının yalan danışma ehtimalı böyükdür

Meyit axşam saat 20:00 radələrində tapılıb. Nərminin anası məhkəmədə dindiriləndə məlum oldu ki, onlar həmin gün səhər Tovuz rayon Polis Şöbəsində polis rəisi ilə görüşüblər. Anası uşağından xəbər olub-olmadığını öyrənmək üçün şöbəyə getdiyini deyir. Maraqlıdır, bundan 2-3 saat sonra polis rəisi Nərmingilin evinə gəlir. Bununla bağlı suala ana belə cavab verir: “Rəis uşaq itən gün əynində olan paltarları soruşmaq üçün gəlib”. Vəkillər isə bildirdi ki, həmin vaxt uşaq artıq 47 gün idi itkin düşmüşdü. Onun əynindəki paltarlarla bağlı çoxsaylı izahatlar verilmişdi, polis rəisi niyə 47 gün sonra bunu soruşurdu? Həm də həmin gün səhər valideynlər polis şöbəsində olmuşdu, nə sual vardısa, verə bilərdi, 2 saat sonra rəisin yenidən onlara gəlməsinə nə ehtiyac vardı?

3. Şahidlərin İlkinin qatil olduğunu deməyə məcbur edilmələri

Məhkəmədə dindirilən şahidlər bildirir ki, onlardan İlkinin əleyhinə ifadə almağa cəhd göstərilib. Mahir adlı 65 yaşlı şahid bildirir ki, İlkinin əleyhinə ifadə vermədiyinə görə işdən çıxarılıb. İlkingillə üzbəüzdə yerləşən mağazanın satıcısı isə dedi ki, uşaq itkin olduğu vaxtlarda İlkinin ondan uşaq bezi (pampers) alması haqda ifadə verməsi tələb olunub. Halbuki, o, mağazada, ümumiyyətlə, “pampers” satmır.

4. Nərminin qohumlarının sözlərində müəmma var

Qohumları bildirir ki, uşaq onlara 14:30-da gəlib. Əmisi arvadı bunu əminliklə deyir. Məhkəmədə dindirilən iki məktəbli isə Nərmini əmisigilin evinin yanında saat 16:00-17:00 arası gördüklərini bildirirlər. İfadələrini əsaslandırıb deyirlər ki, onlar müəllim yanından hazırlıqdan saat 16:00-da çıxırlar. Həmin gün hazırlıqdan qayıdanda Nərmini əmisigilin evinin yanında görüblər. Deməli, 16:00-dan sonra olub.

5. Nərmin itkin olduğu vaxtda İlkin harada idi?

Nərminin itkin olduğu 47 gün ərzində İlkin Süleymanov dəfələrlə müxtəlif toy, yas məclislərində olub. Məhkəmədə dindirilən şahidlər bunu deyirlər, sübutlar var. Məsələn, dekabrda bir gün səhərdən axşama qədər Tovuz rayonunda restoranda toy məclisində olub. Pul siyahısı yazdığına görə gecə saat 01:00-da qayıdıb. Ondan bir gün əvvəl isə toyaxşamında olub. O, Gəncəyə yas mərasiminə gedib. Bu müddətdə uşaq necə nəzarətsiz qalıb?

6. Uşaq İlkinin evində necə qala bilərdi?

Ev İlkingilin babasından qalıb. Sonradan arakəsmə ilə bölünüb. Bir hissəsi İlkinin atasına, digəri isə İlkinin əmisinə verilib. Arakəsmə olduğuna görə bir evdəki səslər digər evdə də eşidilir. Necə olub ki, bu uşaq ongünlərlə orada olub, amma səsini eşidən olmayıb? İlkingilin həyətdə başqa evləri var, bu ev qışda soyuq olduğuna görə orada meyvə-tərəvəz saxlayırlar. Buna görə ailə üzvləri 47 gün ərzində dəfələrlə ora girib-çıxıb. Bacısı ifadəsində deyib ki, uşağın saxlandığı iddia olunan evdə oğlu toya gedərkən kostyum geyinib, paltar dəyişib.

7. İlkin Süleymanov bu uşağı niyə oğurlayıb öldürməli idi?

Uşağın atası ilə İlkin vaxtilə sinif yoldaşı olub. İddiaya görə, İlkin ailəsi və uşağı olmadığından sinif yoldaşına həsəd aparıb, onun uşağını oğurlayıb. Bu səbəbin özü inandırıcı deyil.

8. Atasının sözləri də şübhəlidir

Əmisigilə atası üçün gödəkcə gətirməyə gedən Nərmin qayıtmır. Atası Şərif Quliyev təxminən 1 saat sonra böyük qızı Şəbnəmi qardaşıgilə Nərminin arxasıyca göndərir. Əmisigildə Şəbnəmə deyilir ki, Nərmin heç dayanmadan gödəkcəni götürüb, hətta ona sellofan torba verilməsini gözləmədən çıxıb gedib. Şəbnəm bunu gəlib atasına deyir. Ş.Quliyev bundan sonra qızını axtarmır, əksinə, axşam saat 18:00 radələrində qardaşları ilə birgə qonşu kəndə ciyəraxşamına gedir. Uşağın itməsi haqda polisə yalnız gecə saat 23:00 radələrində xəbər verilir.

Qeyd

Ş.Quliyev Şəbnəmi Nərminin arxasınca göndərmişdisə, deməli, orada nə baş verdiyindən nigaran qalmışdı. Ondan sonra uşağın axtarılmaması şübhə yaradır. Məhkəmədə Ş.Quliyevdən qızı qayıtmadığı halda, niyə dərhal onu axtarmaması, əvəzində ciyəraxşamına getməsi barədə soruşulanda belə deyib: “Güman elədim ki, bəlkə ana nənəsigilə gedib”.

Soruşdular ki, axı sənə gödəkcə gətirməli idi, səninlə birgə toyaxşamına getməli idi, niyə zəng edib dəqiqləşdirmədin ki, oradadır, yoxsa yox? Üstəlik, ana nənəsigilin evi əmisigildən çox uzaqdır. O bildirdi ki, həmin vaxt konturu olmayıb. Niyə kimdənsə telefon zəngi üçün xahiş edib qızı ilə maraqlanmaması sualına isə cavab verməyib…

Leave A Reply

Your email address will not be published.

Tərcümə »