Korrupsiya bü­tün ölkələrdə sağalmaz yaradır

0

Prezident İlham Əliyevin 4 aprel 2022-ci tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alın­ması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektronlaşdırıl­ması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Bu sənəd ölkədə həyata keçirilən islahatların növbəti mərhələsidir. Ha­zırda bütün sahələr üzrə aparılan islahatlar öz müsbət nəticəsini göstərir. Bu gün əhalini daha çox narahat edən məsələlərdən biri də korrupsiya və rüşvətxorluqdur. Son 18 ildə həyata keçirilən tədbirlər və qəbul edilən qanun­vericilik aktları sayəsində korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kəskin xarakter alıb. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun ola­raq, ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahat­ların və təşkilati tədbirlərin səmərəliliyi yüksəlmiş, korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasında müvafiq or­qanların üzərinə düşən vəzifələrin həcmi və məsuliyyəti daha da artmışdır.

 

Korrupsiya və rüşvətxorluq halları bü­tün ölkələrdə sağalmaz yaraya çevrilib. Hələ 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə apar­maq oldu. Həmin vaxtdan başlayaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoydu. Belə ki, dövlət başçısı tərəfindən mahiyyəti qabaqlayıcı və inzibati tədbirlərin birgə həyata keçirilməsi olan qətiyyətli siyasi iradənin ortaya qoyulması nəticəsində korrupsiyaya qarşı səmərəli mübarizənin dörd istiqamət üzərində qurulması müm­kün olmuşdur: beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılması, dövlət idarəetməsində şəffaflıq, ədalətli məhkəmə sistemi və səmərəli antikorrupsiya qurumları.

 

2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olun­du. Həmin qanunun 4.2-ci maddəsinə uyğun оlaraq yaradılmış Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya bu sahədə irəliyə doğru atılan daha bir addım idi. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konsti­tusiyasını, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, habelə, bu əsasnaməni rəhbər tuturdu.

 

Həmin vaxt ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edirdi. Bu sırada kor­rupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılırdı. Bu məqsədlə mütəmadi olaraq, tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunverici­lik bazası gücləndirilmişdir. Ötən dövrdə korrupsiyaya qarşı mübarizə üzrə 2004–2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur. 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007–2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilmişdir.

 

Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlamışdır. Bunlar Korrupsi­yaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qar­şı Mübarizə Baş İdarəsidir. Bu qurumla­rın əsas fəaliyyət istiqaməti korrupsiya hallarına və onun inkişafına şərait yara­dan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Bu sahədə çoxsaylı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər. Bundan əlavə, 2008-ci ildə qəbul olunan “Azərbaycan Respublika­sında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqın­da” fərman dövlətin bu sahədə strateji kursunu müəyyən etdi. Həmin kursa əsasən, Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən, Avropa Şurası­nın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haq­qında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qar­şı” konvensiyalarına, həmçinin “Korrupsi­yaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulmuşdur. Bu­nunla yanaşı, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. 2008-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorlu­ğunun fəaliyyətinin müasirləşdirilməsinə dair” Dövlət Proqramı çərçivəsində milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikilən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binası da bu sırada mühüm yer tutur.

 

2011-ci ilə qədər Azərbaycanda korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilmişdir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilmişdir. Kor­rupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin da­vam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və effektivliyinin təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsi məqsədilə “Korupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004–2006-cı illər)” qəbul olunmuşdur. Proqramın icra­sı dövründə əhəmiyyətli qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış institutlar fəaliyyətə başlamış, dövlət orqanlarında islahatlar aparılmış, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlər ratifikasiya edilmişdir.

 

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahat­ların ən əsas elementlərindən biri də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Bu məqsədlə milli səviyyədə həm inzi­bati, həm də institusional üsullardan geniş istifadə olunur. Korrupsiya və rüşvətxorluğun ölkəmizin inkişafına dağıdıcı təsiri danılmaz faktdır. Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğun mövcudluğu, ilk növbədə, həyata keçirilən əhatəli iqtisadi və sosial proqramlara, habelə ədalətli cəmiyyətin qurulmasına mənfi təsir göstərir. Eyni zamanda, son illər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən və bütün sahələri əhatə edən mərhələli islahatla­rın səmərəliliyini artırmaq üçün korrupsi­ya və rüşvətxorluq hallarına qarşı kəskin mübarizə aparılmalıdır. Təbii ki, son illər bu sahədə ciddi mübarizə aparılması ictimaiyyət tərəfindən razılıqla qarşı­lanır. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl isla­hatların davamıdır. Bütün bunlar davamlı və uğurlu gələcəyimizin qurulmasına xidmət edəcək.

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar ciddi nəticələr verməkdədir. Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları ardıcıl olaraq davam etdirilir. İslahatların əsas məqsədlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə dövlət qulluq­çularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması yönündə müəyyən uğurlar var.

 

Qanunsuz əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara əməl etməyən, ifşa olunmuş məmurların aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurətə çevrilib. Son illər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət və Müdafiə nazirliklərinin yüksək vəzifəli şəxslərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin, nazirliyin aparat rəhbərinin, habelə Yevlax şəhərinin, Ağstafa, Biləsuvar, İmişli, Kürdəmir və Neftçala rayon­larının icra hakimiyyəti başçılarının, həmçinin bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi buna sübut­dur. Dövlətimizin başçısı İlham Əliyevin baş prokuror Kamran Əliyevi qəbul edərkən ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılması ilə bağlı qətiyyətli mövqeyi bu sahədə mübarizənin daha da kəskinləşəcəyinə bir mesaj idi. Möhtərəm Prezidentimiz vurğuladı ki, tətbiq edilən məsuliyyət tədbirləri təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcək, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcək. Artıq bu istiqamətdə konkret addımlar atılmaqdadır. Yeri gəlmişkən, DTX və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq-əməliyyat idarəsinin əməkdaşlarının bu sahədəki fəaliyyəti yüksək qiymətə layiqdir.

 

Əsas hədəflərdən biri korrupsiya və rüşvətxorluq hallarını əhəmiyyətli dərəcədə azaldaraq, səmərəli idarəçilik mexanizminin yaradılmasıdır. Bu gün milli səviyyədə aparılan mübarizədə məhz bu inkişaf qarşıda duran məqsədlərin reallaşdırılmasına xidmət etməkdir. Bu mübarizə regionlarımızın müasir çağırışlara cavab verən iqti­sadi dayanıqlılığını, sosial rifahını və şəffaf idarəçiliyini möhkəmləndirəcək və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” burada əhəmiyyətli rol oynayacaq.

 

Çingiz Qənizadə,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Leave A Reply

Your email address will not be published.

Tərcümə »