Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977-1978).
İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən). Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda “Brüssel Evrika 2002” sərgisində “Oftalmologiyada yeni dərman preparatı Aktirol”un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Yeni dərman preparatı (şərikli – müəlliflər bacısı Sevinc və tələbəsi Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002).
Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən “2000 alim və intellektual” seçimində “İlin adamı” mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafata (1999), “İman” izzət və iltifat diplomuna (2000) layiq görülmüşdür. “Araz” ali ədəbi mükafatın laureatıdır (1996). Aybəniz Əliyeva “Paşa Qəlbinur” (1996), A.Məmmədov “Qəlbinur poeziyası XXI əsrin astanasında” (1999) kitabını ona həsr etmişdir. “Paşa Qəlbinur – 50” biblioqrafiya məlumat kitabı buraxılmışdır.
Ədəbi fəaliyyətə 1978-ci ildə “Ulduz” jurnalının 4-cü sayında çap etdirdiyi “Xal”, “Ay gecəyə hicran sıxır”, “Mən ilhamı gözlərimlə görmüşəm” şeirləri ilə başlamışdır. “Gözlər” adlı ilk şerini 13 yaşında ikən yazmışdır.
Bu fani dünyanın qərib şairi,
Sozlərin, gözlərin təbib şairi
İlahi nə gözəl seçib şairi? –
Sən gözləri dənizlərdən almısan!
Həyatın sirrini gözlərdə tapdın,
İlham pərisini göylərdə tapdın,
Allahın rəsmini üzlərdə tapdın,
Sən gözləri dənizlərdən almısan!
Bulağın gözü tək eynin açıqdı,
Düşüncən, ağılın, beynin açıqdı,
Təbib tək, şair tək zehnin açıqdı,
Sən gözləri dənizlərdən almısan!
Dənizin harayı, gözün səsidi,
Nəğməli ləpələr nəmi, qəmidi,
Haqqın, həqiqətin – zili, bəmidi,
Sən gözləri dənizlərdən almısan!
Gözlərin ağılı, şüuru vardı,
Çıxan Günəş kimi zühuru vardı,
Ömürə açılan səhəri vardı,
Sən gözləri dənizlərdən almısan!
Sənin ürəyinin gözləri yanır,
Odu alışmayan közləri yanır,
Dilində Tanrının sözləri yanır –
Sən gözləri dənizlərdən almısan!
Sən yeni gözlər qoy bu insanlara,
Haramı halal tək qazananlara,
Görünsün həqiqət gözdə onlara,
Sən gözləri dənizlərdən almısan!
Əmir Pəhləvan
Comments are closed.