İctimairey.az Kulis.az-a istinadən XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi, Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı Ümmülbanunun həyatı haqqında yazını təqdim edir.
On doqquzuncu əsrin sonlarında paytaxt Bakı bir çox tarixi hadisələrə şahidlik edirdi. İşçi tətilləri, erməni müsəlman qırğınları, dini, siyasi çəkişmələr və. s.
Bu dəmdə dünyanın sakit küncünə çəkilib kasıbçılıqla məşğul olan insanların gözləri qarşısında, lap hər gün gəzdikləri həyətlərində, bağlarında neft quyuları fontan vurub kasıb müsəlman ailələrini milyonçuya çevirirdi.
1895-ci ildə Şəmsi Əsədullayevin satın aldığı torpaq sahələrinin birində də neft quyularından biri fontan vurur. Əlli altı gün davam edən fontan nəticəsinə bir çox insanlar kimi Şəmsi Əsədullayev də milyonçuya çevrilir.
Eyni ilə belə bir xoşbəxtlik Musa Nağıyev adlı daha bir bakılının başına gəlir. Bibiheybət quyularında fontan vuran neft quyuları da Musa Nağıyevi milyonçu edir. Bir müddət keçdikdən sonra milyonçu Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayevlə, Musa Nağıyevin qızı Ümmülbanu ailə həyatı qurur. Üç qız övladı dünyaya gətirən Ümmülbanu dördüncü qız övladını dünyaya gətirəcəyi günü gözləyir. Lakin, həmin tarix Bakının dinc olmayan vaxtına tuş gəldiyindən, Ümmülbanu övladını rahat ortamda dünyaya gətirmək üçün səssiz-küysüz neftçi qəsəbələrindən birinə gedib çıxır. Ancaq doğuş zamanı pis şərait ucbatından qadın möhkəm soyuqlayır. Tərs kimi həmin günü hava bərk çovğun olduğundan yollar qarla və buzla bağlı olur. Və qadına heç bir tibbi yardım göstərmək mümkün olmur.
Ana dünyasını dəyişir, körpə qızcığaz isə sağ qalır. Anası öldükdən sonra Mirzə Əsədullayev sonuncu qız övladının adını rəhmətlik qadının şərəfinə Ümmülbanu qoyur.
Həmin gündən Əsədullayevlər nəslinə balaca bir qızcığaz da qoşulur. Həyat yoldaşı rəhmətə gedəndən sonra Mirzə Əsədullayev xeyli vaxt dul qalır. O, dörd qızının təlim-tərbiyəsi üçün əcnəbi əsilli, savadlı, mədəni dayələr tutur. Qızlarına təhsil almaları, başqa dilləri öyrənmələri üçün hər cür şərait yaradır.
Bir müddət sonra Mirzə Əsədullayev subaylığın daşını atıb cavan və yaraşıqlı bir xanımla ailə həyatı qurur. Ailə qurduqdan sonra övladlarını büsbütün dayələrin ixtiyarına buraxır. Ən sonuncu qızını isə ümumiyyətlə çox nadir hallarda görüb onunla hal-əhval tutur.
Həmin kiçik qızcığaz dərin həyat müşahidələri, özünün inanılmaz güclü yaddaşı ilə ətrafda, ailədə, ölkəsində baş verənləri öz yaddaşının dərinliklərinə köçürüb nəqş edir. Sanki o, illər sonra başına gələcək hadisələri, əhvalatları əvvəlcədən hiss edib duyur…
Ümmülbanu dünyaya gələrkən o biri bacıları ondan yaşça çox böyük olurlar. Bunun üçün də onun tərbiyəsinə özünə ikinci ana hesab etdiyi alman əsilli Anna adlı qadın məşğul olur. Bu qadın əsl ana kimi onun qayğısına qalıb, nazını çəkir. Böyüdükcə ona cəmiyyətdə necə davranmaq lazım gəldiyini başa salır.
Uşaqlıqdan naz-nemət içərisində yaşayan Ümmülbanu öz xatirələrində də qeyd edir ki, çox gözəl və maraqlı uşaqlıq illəri olub.
Lakin, onun yeniyetməlik illərinə bunları şamil etmək olmur. Çünki, 1917-ci il oktyabr inqilabının küləkləri Azərbaycana doğru hərəkət edir. Və qısa zaman ərzində milyonçuları dilənçiyə çevirir. Bu güclü dəyişiklikdən Ümmülbanunun atası və ailəsi də öz nəsibini alır. O vaxtlar baş nazir vəzifəsini icra edən Mirzə Əsədullayev bütün varidatı müsadirə olunmaqla həbs olunur. Ümmülbanu ailəsi ilə Bakıda yaşamalı olur. Ancaq sonradan onun ailə üzvləri bacıları, analığı Bakını tərk edib Fransaya köç edirlər.
Bir müddət sonra Balabəy Qocayev adlı çox nüfuzlu bir gənc Mirzə Əsədullayevi həbsdən xilas edib onun Fransaya mühacirət etməsinə köməklik edir. Əvəzində isə Ümmülbanu Əsədullayeva ilə ailə qurur. Xeyli vaxt birlikdə yaşayan cütlük sonradan Gürcüstana, ordan isə Türkiyəyə köç edirlər. Daha sonra iş elə gətirir ki, Ümmülbanu özü təkcə Franya köçür.
Həyat yoldaşına zərrə qədər də olsa sevgi hissi duymayan Ümmülbanuya bu ayrılıq hava-su kimi gərəkli olur. Sonralar o, həmin adamdan boşanmaq üçün 7 il zəhmət çəkməli olur.
Fransanın paytaxtı Paris şəhərində məskunlaşan Əsədullayevlər ailəsi bir müddət Bakıdan gətirdikləri daş-qaşları satıb həmin pullarla bir müddət rahat ömür sürülər. Lakin, daş-qaşlar bitdikdən sonra ailənin aclıq dolu günləri başlayır. Ailə üzvləri, xüsusilə də analığı ilə yollaşmayan Ümmülbanu ailəsindən ayrılıb kiçik bir işçi daxmasında sığınacaq tapır. Satıcılıqdan tutmuş manikenliyə qədər hər çətin işi sınayan gələcəyin yazıçısı dolanmaq üçün gəliri daha çox manikenlikdən əldə edir.
Ümmülbanu zahirən o qədər də gözəl olmayan utancaq və kompleksli bir qadın olur. O, çox vaxtı xarici görünüşü və xasiyyəti haqqında bədgüman olur ki, bu da ona həyatda bir çox əngəllər törədir.
Bir müddət keçdikdən sonra o, Parisdə toplaşan bir çox ölkələrin mühacir və yaradıcı insanları ilə ünsiyyət yaradır. Həmin insanlardan sıx təmasda olduğu Nobel mükafatçısı, rus yazıçısı İvan Bunin və satirik rus yazıçısı Nadejda Teffi olur. Ümmülbanu İvan Buninlə ilk dəfə Teffi vasitəsi ilə tanış olur. Tanışlıqdan sonra Bunin Ümmülbanunu “Şamaxı şəhzadəsi” alandırır.
Bundan başqa o, bir çox rəssamlarla, musiqiçilərlə də sıx yaradıcı münasibətdə olur. Onlarla mütamadi görüşən və məktublaşan Ümmülbanu bir çox dostlarının məsləhəti ilə başına gələnləri qələmə almağa başlayır.
Və bu sınağı çox uğurlu alınır. Ard-arda bir çox kitabların müəllifi olan Ümmülbanu Fransada Banin adı ilə şöhrət qazanır. Onun ən məşhur romanları “Qafqaz günləri” və ”Paris günləri” olur. Lakin, onun yaradıcılığı bu kitablarla bitmir. “Ernst Yungenlə görüş” 1951, “Mən tiryəki seçdim” 1959, “Sonra” 1961, “Xarici Fransa” 1968, “Sonuncu ümidin zovu” 1971, “Ernst Yungenin portreti” 1971, “Ernst Yungen müxtəlif sifətlərdə” 1989 romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – “Mariya mənə nə danışdı?” romanı olur.
Həyatı boyu çox çətinliklərlə qarşılaşan Ümmülbanu heç zaman sınmır və çox uzun bir ömür sürür. Heç bir zaman övladı olmur. 1980-ci illərin əvvəlinədək o, fransız yazıçısı kimi tanınır. Lakin, sonradan onun iki kitabı doğma dilə tərcümə olunur.
Fransız ədəbiyyatına qaynayıb-qarışmasına baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmayıb. O, Dağlıq Qarabağda baş verən hadisələrdən olduqca dərin həyəcan keçirərmiş. Banin Parisdə “Azərbaycan evi” assosiasiyasının üzvü olub. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində xalqı müdafiə edən məqalələrlə çıxış edib.
1992-ci il oktyabrın 29-da Fransanın “Fiqaro” qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib…”