“Həyatın böyük çətinlikləri səni üzürsə, Füzulini oxu, ölməz “Koroğlu”nun uvertürasına qulaq as, muğamlarımızı, aşıq havalarımızı dinlə ki, sənə yenidən ayağa qalxıb irəli getmək, nəyisə əldə etmək həvəsi gəlsin”.
Bu sözlərin müəllifi dünya şöhrətli alim Xudu Məmmədovdur. O Xudu müəllim ki, gənc yaşlarından Sovetlər Birliyi, Avropa və Amerikanın elmi dairələrində adı hallanırdı. Sovet elmində tək alimlərdən biridir ki, gənc yaşında dünyanın bütün elmi dairələrinə göndərilən “Soyuz” adlı elmi jurnalın üz qabğında Bakı şəhərinin fonunda duran Xudu Məmmədovun fotosu verilmiş idi. Onun haqqında bu jurnalda gedən məqalədən sonra yüzlərlə alimlər onu dəvət edir, Britaniya və Amerika kimi ölkələr onu yüksək vəzifə və maaşla işə dəvət edirdilər.
Britaniyaya dəvət edilən Xudu müəllim Sovetlər ölkəsində yeganə alim idi ki, dünya şöhrətli “Science” jurnalında onun fotosu üz qabığında verilmiş idi. Britaniya alimləri öz kitablarını imzalı halda Xudu müəllimə təqdim edirdilər ki, oxusun və fikir bildirsin.
Rusiya EA-nın həqiqi üzvü, görkəmli kimyaçı alim, akademik Yuri Timofeyeviç Struçkov xatirələrində yazır ki, “Xudu İngiltərədən – elmi ezamiyyədən qayıdanda, özü ilə iki çemodan kitab gətirmişdi.”
Xudu Məmmədovun “üç pik” teoremi və ksonolit mineralların quruluşunu təyin etməsi quruluş silikat kimyasında – sement kimyasında dövrün ən böyük kəşflərdən biri sayılır. Yüzlərlə belə fakt söyləmək olar dahi alim haqqında.
Əsas toxunmaq istədiyim məsələ, onun 1981-ci ildə çap edilən “Naxışların yaddaşı” adlı kitabıdır. Böyük alim kitab üzərində çalışa-çalışa əldə etdiyi nəticələri zaman-zaman elmi məqalələr və beynəlxalq konfranslarda məruzə formasında izah edirmiş.
1978-ci ildə Varşavada kristalloqrafların beynəlxalq konqresində iştirak edərkən, hazırladığı kitab barədə məruzə edəndən sonra, Amerika və ingilis nümayəndələri məruzəni kitab halında çap etmək üçün təkidlə müqavilə bağlamaq istədilər. X.Məmmədov isə, tam etiraz edib demişdir “ Mənim ilk monoqrafiyalarımın oxucuları öz xalqım olmalıdır”. Amerikalı və Britaniyalı alimlər bu kitabın çapı üçün, Xudu müəllimə milyonlar vəd etsələr də, o, bu kitabln ana dilində və öz ölkəsində ancaq çap edəcəyini təkidlə bildirmiş idi. Ona hətta Nobel mükafatına Amerikada və Britaniyada çap olunacağı təqdirdə təqdimat veriləcəyi vədini də verirlər. Azərbaycan adını hər şeydən uca tutan, sovetlərin ən güclü çağlarında özünü Türk kimi təqdim etməkdən qorxmayan, hələ gənclik vaxtlarından millətinin dostu və düşməninin kimliyini elan etməkdən çəkinməyən Xudu Məmmədov milyonlardan bir AZƏRBAYCAN adına görə imtina elədi. Həmin əsər Azərbaycan dilində nəşr olunsa da, dünya səviyyəsində uğur qazanmadı. “Naxışların yaddaşı” kitabında X.Məmmədov simmetriya qanunlarından və sıx yerləşmə prinsiplərindən istifadə edərək, müxtəlif tip fraqmentlər əsasında fonsuz tablolar toplusu yaratmışdı.
Bu yüksək elmi nailiyyətlərin nəticəsi idi ki, 1981-ci ildə Vaşinqtonun beynəlxalq “Perqamon Pres” nəşriyyatının çapdan buraxdığı irihəcmli “Simmetriya” məcmuəsinin “Kristalloqrafik naxışlar” bölməsi X.Məmmədov tərəfindən yazılmışdır. Çox heyf ki, Sovetlər Birliyi belə bir kitabı müxtəlif dillərə tərcümə etmədi, bəlkədə edərdi, erməni və rus millətçiliyi olmasa idi. Çox yaxşı olardı ki, bu kitabı indi tərcümə edib dünyaya yayardılar.
Ruhun şad olsun böyük insan
Hörmətlə bu gün səni xatırlayırıq.