Ağdam… Bu ad Azərbaycan tarixində həm qədimliyin, həm qəhrəmanlığın, həm də misilsiz faciə və böyük Zəfərin rəmzinə çevrilib. Vaxtilə Qarabağın ən abad, inkişaf etmiş və mədəniyyət mərkəzlərindən biri olan bu şəhər uzun illər işğalın ağrı-acısını yaşasa da, öz tarixi kimliyini, milli ruhunu və gələcəyə inamını itirmədi. Bu gün Ağdam yenidən quruculuğun, qayıdışın və Azərbaycanın güclü iradəsinin təcəssümüdür.
Ağdamın adı özündə tarix və rəmzi məna daşıyır. Onun etimologiyası ilə bağlı mövcud izahlardan birinə görə, qədim türk dilində bu söz “kiçik qala” mənasını ifadə edir. Digər izah isə şəhərin adını Qarabağ xanı Pənahəli xanın XVIII əsrin birinci yarısında inşa etdirdiyi ağ daşdan imarətlə əlaqələndirir. Günəş şüaları altında parlayan həmin imarət ətraf kəndlər üçün istiqamətverici olmuş, “Ağdam” – işıqlı, ağ ev anlayışı ilə assosiasiya edilmişdir. Bu iki izahın hər biri şəhərin tarixi yaddaşında özünəməxsus yer tutur. 1930-cu ildə rayon statusu alan Ağdam Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Ərazidə aparılan arxeoloji tədqiqatlar burada minilliklərə söykənən yaşayış və təsərrüfat mədəniyyətinin mövcudluğunu üzə çıxarıb. Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri, taxıl və üzüm qalıqları bu torpaqlarda qədim əkinçilik və oturaq həyat ənənələrinin formalaşdığını göstərir. Tədqiqatçılar Üzərriktəpəni Qafqazın ən qədim şəhər tipli yaşayış məskənlərindən biri kimi qiymətləndirirlər. Deməli, Ağdam yalnız coğrafi məkan deyil, həm də Azərbaycan sivilizasiyasının qədim qatlarını özündə yaşadan tarixi ərazidir. Lakin bu zəngin tarixi keçmiş 1993-cü ildə ağır sınaqla üzləşdi. 42 gün davam edən döyüşlərdən sonra, iyulun 23-də Ağdam rayonunun ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kəndi işğal altında qaldı. 128 min insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatına məhkum edildi. İşğal Ağdamın yalnız ərazi bütövlüyünə deyil, həm də onun sosial-iqtisadi və mədəni həyatına ağır zərbə vurdu. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, mədəniyyət ocaqları dağıdıldı və talan edildi. Bir vaxtlar minlərlə eksponatın qorunduğu, dünyanın nadir muzeylərindən sayılan Ağdam Çörək Muzeyi də vandalizmin qurbanına çevrildi. Tarixi və dini abidələrə qarşı törədilən dağıntılar şəhərin simasını dəyişdirsə də, onun yaddaşını silə bilmədi.
Ağdamın işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin bu tələb uzun illər yerinə yetirilmədi. Beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmaması, mülki əhalinin öz doğma yurdlarına qayıtmaq hüququnun pozulması münaqişənin humanitar nəticələrini daha da ağırlaşdırdı.
Ağdamın taleyi 2020-ci ildə Azərbaycanın tarixi Zəfəri ilə yeni mərhələyə qədəm qoydu. Vətən müharibəsində əldə edilən qələbə və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası nəticəsində 20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu, yüz minlərlə insanın doğma torpaqlarına qayıdışına aparan yolun mühüm mərhələsi başlandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdamın işğaldan azad edilməsindən sonra şəhərə ilk səfəri zamanı səsləndirdiyi fikirlər dövlətimizin qarşıya qoyduğu məqsədi aydın ifadə edirdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Bu vəd sonrakı illərdə konkret layihələr, tikinti işləri və dövlət proqramları ilə reallığa çevrilməyə başladı. Ağdamın azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbçilərin qəhrəmanlığının əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Minlərlə hərbi qulluqçunun bu medalla təltif edilməsi şəhərin azadlığı uğrunda göstərilən fədakarlığın dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və 20 noyabrın Ağdam Şəhəri Günü elan olunması bu tarixi hadisənin milli yaddaşımızda əbədi yer tutmasını təmin etdi. Bu gün Ağdam artıq dağıntılarla deyil, quruculuq layihələri ilə gündəmə gəlir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plan əsasında genişmiqyaslı tikinti və infrastruktur işləri aparılır. Gələcəkdə 100 min nəfərədək əhalinin yaşayacağı müasir şəhərin formalaşdırılması nəzərdə tutulur. Yeni yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, xəstəxana, yollar, parklar və ictimai məkanlar Ağdamın yeni simasını yaradır.
Ağdam Sənaye Parkının yaradılması isə bölgənin iqtisadi dirçəlişində mühüm mərhələdir. 190 hektar ərazini əhatə edən parkda müxtəlif istehsal müəssisələri fəaliyyət göstərir, yeni investisiyalar yatırılır və yüzlərlə insan işlə təmin olunur. Bu layihə Qarabağın sənaye potensialının bərpasına, sahibkarlığın inkişafına və dayanıqlı məşğulluğun təmin edilməsinə xidmət edir. Şəhərin mədəni həyatının dirçəldilməsi də xüsusi əhəmiyyət daşıyır. Ağdam Muğam Mərkəzinin, dəmir yolu və avtovağzal kompleksinin açılması, tarixi İmarət Kompleksinin bərpası, Cümə məscidinin yenidən istifadəyə verilməsi şəhərin həm tarixi kimliyinin, həm də müasir infrastrukturunun bərpasını nümayiş etdirir. Ən mühüm hadisə isə insanların doğma torpaqlarına qayıdışıdır. Ağdam şəhərində və rayonun kəndlərində məskunlaşmanın davam etməsi, yeni evlərin sakinlərinə təqdim olunması, sosial obyektlərin istifadəyə verilməsi Böyük Qayıdış proqramının real nəticələridir. Artıq Ağdamda həyat yenidən canlanır, küçələrdə insanların səsi eşidilir, məktəblərdə uşaqların gülüşü duyulur.
Bu gün Ağdamın küçələrində yeni həyatın izləri görünür. Bir vaxtlar dağıntıları ilə dünyanın diqqətini çəkən şəhər indi quruculuq layihələri, sənaye müəssisələri, yeni yaşayış kompleksləri və mədəniyyət ocaqları ilə gündəmə gəlir. Ağdamın dirçəlişi Azərbaycanın tarixi Zəfərinin məntiqi davamıdır. Müharibədə qazanılmış qələbə torpaqların azad edilməsini təmin etdisə, bu gün həyata keçirilən quruculuq işləri həmin torpaqlarda davamlı həyatın bərpasına xidmət edir.
Ağdamın tarixində 20 noyabr sadəcə bir təqvim günü deyil. Bu tarix torpağa qayıdışın, milli iradənin, qəhrəmanlığın və tarixi ədalətin bərpasının rəmzidir. Vaxtilə xarabalıqlara çevrilmiş şəhər bu gün Azərbaycanın quruculuq əzminin simvoluna çevrilir. Ağdam yenidən ayağa qalxır. Onun daşları tarixdən, küçələri Zəfərdən, yeni binaları isə gələcəyə inamdan xəbər verir. Ağdamın dirçəlişi bir daha sübut edir ki, xalq öz tarixi torpaqlarına, milli-mənəvi dəyərlərinə və gələcəyinə sahib çıxmaq əzmində olduqda heç bir dağıntı onun iradəsini sındıra bilməz.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu
Comments are closed.