Fransada yaşanan hadisələr bir daha göstərdi ki, demokratiya yalnız bəyanatlarda deyil, real həyatda da sınanır

“Fransada baş verən son hadisələrə, o cümlədən nümayişlərin və iğtişaşların zorakı üsullarla qarşısının alınmasına Avropa Şurası, Avropa Parlamenti, ATƏT kimi Avropa institutlarının “ikili standartlar” prinsipindən çıxış edərək laqeydlik və susqunluq nümayiş etdirmələri, əslində, təkcə onların özlərini deyil, həm də bütövlükdə Aİ dəyərlərini sual altına qoyur, gözdən salır. Azərbaycana münasibətdə hər zaman qərəzli münasibət sərgiləyən və xüsusən də 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ermənipərəstlik xəttini daha da qabardaraq açıq-aşkar anti-Azərbaycan mövqeyi yürütməyə başlayan bu qurumlar, nədənsə, Fransada yaşanan gərginliklər fonunda insan hüquqları, demokratiya, ədalətli cəmiyyət sahəsindəki böhranı görməzdən gəlirlər”.

İctimairey.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Avropa qurumlarının bu cür qeyri-bərabər yanaşması onların hazırkı beynəlxalq proseslərdəki mənfi rolunu daha açıq şəkildə üzə çıxarır:

“Azərbaycan Prezidenti İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısındakı çıxışında Avropa Parlamentini və Avropa Şurasını (AŞPA) beynəlxalq münasibətlərdə “anaxronizm və atavizmin iki nümunəsi” kimi xarakterizə etməkdə tamamilə haqlı idi. Maraqlıdır ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Qərb təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzli və ikili standartlara əsaslanan siyasətin önündə gələnlərdən biri məhz Fransa idi. Yuxarıda adlarını çəkdiyim qurumlarda da Fransa həlledici mövqeyə malikdir. Ona görə də bu gün həmin qurumlardan Fransadakı etiraz aksiyalarına verilən reaksiyalar da (daha doğrusu, reaksiyasızlıq) əcla təəccüblü deyil. Bu isə Avropanın bəyan etdiyi dəyərlərin heç də hamı üçün məcburi və keçərli olmadığını bir daha sübut edir.

Bu baxımdan, Avropa institutlarının selektiv yanaşması artıq təkcə siyasi qərəz kimi deyil, həm də onların legitimlik böhranının göstəricisi kimi dəyərləndirilməlidir. Əgər söhbət insan hüquqlarından, demokratiyadan və hüququn aliliyindən gedirsə, bu prinsiplər coğrafiyaya, siyasi maraqlara və ya ayrı-seçkiliyə görə dəyişməməlidir. Lakin praktikada biz bunun əksini müşahidə edirik: bəzi hallarda ən kiçik insidentlərə görə yüksək tribunalardan sərt bəyanatlar səsləndirildiyi halda, Fransada baş verən genişmiqyaslı iğtişaşlar, polisin sərt müdaxilələri və sosial gərginliyin dərinləşməsi qarşısında qəribə sükut hökm sürür”.

Komitə sədri qeyd edib ki, bu sükut təsadüfi deyil:

“Bu, Avropada dəyərlərdən çox siyasi maraqların, ədalətdən çox maddi-siyasi hesabların üstün tutulduğunu göstərir. Azərbaycanın son illərdə beynəlxalq hüquqa əsaslanan mövqeyi, eləcə də onun öz suverenliyini və ərazi bütövlüyünü təmin etməsi bir çox dairələrdə narahatlıq doğurub. Buna görə də həmin dairələr müxtəlif platformalarda ölkəmizə qarşı təzyiq aləti kimi istifadə etdikləri ritorikanı davam etdirməyə çalışırlar. Halbuki Azərbaycan bütün məsələlərdə prinsipial mövqe sərgiləyərək həm sülh gündəliyini irəli aparır, həm də regionda sabitliyin təmin olunmasına real töhfə verir.
Digər tərəfdən, Fransada yaşanan hadisələr bir daha göstərdi ki, demokratiya yalnız bəyanatlarda deyil, real həyatda da sınanır. Cəmiyyət daxilində narazılıqların bu qədər kəskinləşməsi, etirazların zor gücü ilə boğulması və sosial ədalətsizliyin dərinləşməsi həmin ölkənin iddia etdiyi modelin nə qədər zəif və ziddiyyətli olduğunu üzə çıxardı. Belə olan halda, başqalarına dərs keçməyə çalışan təsisatların öz ölkələrindəki problemlərə münasibətdə susqunluq nümayiş etdirməsi ikili standartların ən bariz nümunəsidir.

Bütün bunlar göstərir ki, beynəlxalq münasibətlərdə etimadın bərpası üçün bəyanatlara deyil, prinsipial və obyektiv mövqeyə ehtiyac var. Əks halda, Avropa institutları nə qədər özlərini “dəyər daşıyıcısı” kimi təqdim etsələr də, onların sözləri ilə əməlləri arasındakı uçurum daha da böyüyəcək. Azərbaycan isə bu cür yanaşmalara baxmayaraq, öz müstəqil siyasətini davam etdirir, milli maraqlarını qətiyyətlə müdafiə edir və beynəlxalq aləmdə ədalətli mövqeyini daha da möhkəmləndirir”.
Əlisahib Hüseynov 

Milli Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »