Bu gün Zəngilan postmüharibə dövrünün ən güclü inkişaf və quruculuq mərkəzlərindən birinə çevrilib

“Ən yeni tariximiz qürur doğuran hadisələrlə, təqvimlərlə doludur. 20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın tarixi yaddaşında mühüm yer tutan əlamətdar günlərdən biridir. 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini erməni işğalından azad edib. Həmin möhtəşəm tarixi qələbəmizdən 6 il ötür. Altı illik qısa zaman kəsiyində şanlı Ordumuzun bu qələbəsinin tarixi əhəmiyyəti daha aydın şəkildə üzə çıxır. Zəngilanın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həqiqətən də mühüm addım oldu və 44 günlük Vətən müharibəsində böyük Zəfərə imza atmağımızı qətiləşdirdi”.

”İctinairəy.az” xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasını qarşısıalınmaz prosesə çevirdi:

“Bu tarixi qələbə xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün real təzahürüdür. Zəngilanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub. Zəngilan döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının hər birinin fədakarlığını minnətdarlıqla xatırlayırıq. Onların qanı və canı bahasına qazanılmış tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq”.

Komitə sədri qeyd edib ki, uzun illər doğma yurdlarından ayrı düşmüş zəngilanlıların qayıdış arzusu məhz tarixi Zəfərimizin nəticəsində gerçəkləşir:

“Bu gün zəngilanlılar öz doğma yurdlarında Zəngilan Şəhəri Gününü qeyd edirlər. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təsdiqlənib. Zəngilan Şəhəri Günü təkcə zəngilanlılar üçün deyil, bütövlükdə hər bir azərbaycanlı üçün qürur, birlik və Zəfər günüdür. Bu əlamətdar gün bizə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizənin və milli həmrəyliyin nə qədər böyük dəyərə malik olduğunu bir daha xatırladır”.

Əlisahib Hüseynov diqqətə çatdırıb ki, 20 Oktyabr – Zəngilan Şəhəri Günü həm də keçmiş məcburi köçkün soydaşlarımızın doğma torpaqlara qayıdış sevincini əks etdirən əlamətdar gündür:

“Bu gün Zəngilan postmüharibə dövrünün ən güclü inkişaf və quruculuq mərkəzlərindən birinə çevrilib. Hazırda Zəngilanda genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir, yeni yaşayış məntəqələri salınır. Zəngilanın bərpası və dirçəlişi Azərbaycanın gücünün və xalqımızın gələcəyə inamının göstəricisidir. Təsadüfi deyil ki, doğma torpaqlara Böyük Qayıdış da elə məhz Zəngilandan başlayıb. Ağalı kəndi Böyük Qayıdışın simvoluna çevrilib.

Bu gün öz doğma yurdlarına qovuşan insanların sevinci və gündən-günə canlanan həyat Böyük Qayıdışın uğurla gerçəkləşdiyini göstərir. Doğma yurda qayıdan sakinlər öz torpaqlarında yeni həyata başlayırlar. Zəngilanlılar əzmkar və yorulmaz insanlardır. Onlar Zəngilanın dirçəlişi və tərəqqisi üçün əllərindən gələni edəcəklər. Şəhər Günlərinin qeyd olunması isə insanlarımızın Vətən sevgisini və torpaqlarımıza bağlılığını daha da gücləndirir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə həm zəngilanlı soydaşlarımızı, həm də bütün xalqımızı ürəkdən təbrik edirik. Qoy, bundan sonra bütün Azərbaycan elləri kimi Zəngilan da həmişə sülh və əmin-amanlıq içində yaşasın. Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişafı və gələcək tərəqqisi naminə həyata keçirilən bütün təşəbbüslərə uğurlar arzulayırıq!”

Əlisahib Hüseynov

Milli Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »