“Almaniyada Müsəlman Birliyi Hərəkatının fəallarının iştirakı ilə keçirilən aksiyada dövlət himnimizin səsləndirilməsi, eləcə də Azərbaycan və İran bayraqlarının yanaşı dalğalandırılması, plakatlarda isə fars dilində yazıların yer alması məlum gerçəkləri bir daha açıq şəkildə ortaya qoyur. Üstəlik, sözügedən təxribatçı hərəkatın Avropadakı əsas fəallarından biri kimi təqdim edilən Nardaran sakini Ələmdar Bünyadovun da iştirak etdiyi bu aksiyada Azərbaycan himninin məqsədli şəkildə səsləndirilməsi bir sıra suallar doğurur”.
Zafertv.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, onların məqsədi ilk növbədə öz aksiyalarına və hərəkətlərinə milli rəmzlərimizdən istifadə etməklə vətənpərvərlik görüntüsü vermək və həm də gerçək niyyətlərini ört-basdır etməkdir:
“Əsl həqiqətdə isə bu aksiyanın arxasında İranın maraqlarına xidmət edən siyasi məqsədlər dayanır. Azərbaycan himninin İran bayrağı ilə müşayiət olunması da aksiyanın təşkilatçılarının gerçək hədəflərini üzə çıxarır.
Eyni zamanda, Müsəlman Birliyinin aksiyasında Azərbaycan himninin səsləndirilməsi və başqa dövlətin bayrağının nümayiş etdirilməsi yalnız emosional təsir yaratmaq cəhdi kimi yox, həm də mesaj ötürmək vasitəsi kimi görünə bilər. Belə hallarda əsas sual budur: bu görüntülər doğrudandamı vətəndaş mövqeyini əks etdirir, yoxsa hansısa siyasi məqsədlər naminə ictimai rəyi yönləndirməyə, manipulyasiya etməyə xidmət edir?”
Komitə sədri qeyd edib ki, daha geniş planda isə, xaricdə keçirilən bu tip tədbirlərdə milli atributlardan istifadə edilməsi, xüsusilə də mübahisəli siyasi qrupların iştirakı olduqda, cəmiyyət tərəfindən həssas qarşılanır:
“Çünki milli simvollar dövlətçilik, müstəqillik və ümummilli birlik anlamı daşıyır. Onların hansısa qrupun siyasi mesajını gücləndirmək üçün alətə çevrilməsi ictimai rəydə yaxşı qarşılanmır. Ona görə də burada əsas məsələ təkcə həmin aksiyanın təşkili deyil. Cəmiyyətin həssas olduğu milli dəyərlərdən istifadə etməklə siyasi məqsədləri ört-basdır etmək yaramaz hərəkətdir.
Bu baxımdan, aksiyanın fonunda İran bayrağının aktiv şəkildə nümayişi və farsdilli plakatların yer alması diqqətə alınsa, bu zaman aksiyanın sırf ictimai etiraz deyil, daha mürəkkəb siyasi yönümlü bir təşəbbüs olduğu ehtimalı güclənir. Almaniyadakı aksiyanı təşkil edənlər üçün milli maraqlarımız, dövlətçilik atributlarımız önəmli deyil. Onlar özgə güclərin maraqlarına xidmət edirlər. Heç şübhəsiz ki, aksiyadan sonra gedib məmnuniyyətlə öz ağalarına hesabat da verəcəklər. Odur ki, onlar bayrağımızı və himnimizi özləri üçün sipərə çevirməklə antimilli kimliklərini gizlədə bilməzlər”.
Əlisahib Hüseynov
Milli Həmrəylik Komitəsinin sədri
Comments are closed.