Ermənistanın ən böyük problemi və əsas təhlükə mənbəyi elə erməni xalqının öz düşüncə tərzidir

“Ermənistanın ən böyük problemi elə ermənilərin özləridir”. Bu şok açıqlama, bu bəyanat dünən Ermənistan cəmiyyətində sözün əsl mənasında bomba kimi partladı və bütün radikal millətçi, türkəfob, revanşist ermənilər üçün sanki “soyuq duş” oldu. Söhbət Ermənistandan kənarda böyüyüb təhsil almış ekspert Tiqran Zakoyanın erməni millətçilərinin ruporu kimi tanınan “Noyan Tapan” televiziyasının efirindəki çıxışı zamanı səsləndirdiyi zəlzələ effektli fikirdən gedir. Bu fikir onilliklər boyu Türkiyə və Azərbaycanı “erməni xalqının mövcudluğu üçün əsas təhlükə” kimi təqdim edən radikal-millətçi erməni mediası üçün də, bu medianın və kilsənin təbliğatı nəticəsində zombiləşən və antitürk, anti-Azərbaycan düşüncə tərzinə köklənən sıravi ermənilər üçün də qulaqlarının alışmadığı, öyrəşmədiyi acı həqiqət idi. Onların iki əsrə yaxındır uydurduğu türk düşmənçiliyi paradiqmasını şübhə altına alan hər bir yeni yanaşma və fərqli fikir onlar üçün qəbuledilməz hesab olunur. Məhz buna görə də Tiqran Zakoyanın “Noyan Tapan”dakı məlum çıxışı aydın səmada şimşək effekti verdi.

O, əlinə düşmüş fürsətdən ağılla istifadə edərək “Noyan Tapan”ın efirində həm qatı türk düşməni olan aparıcı Qayane Arakelyana, həm də Ermənistanın rusiyayönümlü radikal-millətçi siyasi dairələrinə, revanşistlərinə həqiqətən də tutarlı dərs verdi, məntiqi ardıcıllıqla və arqumentlərlə Ermənistanın 30 illik işğal dönəmindəki xarici siyasətinin əsasını təşkil edən mifləri, narrativləri alt-üst etdi. Belə ki, xanım aparıcı öz sualında erməni millətçiliyinin ənənəvi tezisi olan “Türkiyə və Azərbaycanın əsas məqsədi Ermənistanın dövlət kimi mövcud olmamasıdır” iddiasını səsləndirəndə, Zakoyan onun sualına məntiqli əks sualla cavab verdi: “Bunu sizə Türkiyə dedi, yoxsa Azərbaycan?”. Və bu əks-sualın ardınca da dərhal növbəti suallarını səsləndirdi: “Ümumiyyətlə, belə bir bəyanatı haradasa eşitmisiniz? Türkiyə nə vaxtsa demişdirmi ki, biz erməni dövlətini ləğv etməyə çalışırıq?”…

Bu, Qayane Arakelyan üçün əsl nokaut zərbəsi oldu. O, bu sualları cavablandıra bilmədi. Çünki həm belə qəfil və tutarlı əks sualları gözləmirdi, həm də ki, ümumiyyətlə, nə Azərbaycan, nədəki Türkiyə tərəfindən Ermənistana qarşı heç vaxt bu cür radikal bəyanatlar səsləndirilməyib, təhdidlər olmayıb. Qayane Arakelyanın Zakoyanın kontr-arqumentlərinə cavab verə bilməməsi də bir daha göstərdi ki, bütün bunlar sadəcə erməni millətçilərinin və kilsə təbliğatının uydurduğu bir mifdir. Zakoyan bu mifi darmadağın etdi və erməni millətçilərinin, revanşistlərinin cavablandıra bilməyəcəyi, inkar edə bilməyəcəkləri növbəti arqumentləri və həqiqətləri də səsləndirdi: “Əminəm ki, əgər Azərbaycan və Türkiyənin, yaxud Əliyev və Ərdoğanın Ermənistan dövlətini ləğv etmək kimi bir məqsədi olsaydı, bunu 2020–2021-ci illərdə çoxdan edərdilər. Onların əlində tam imkan vardı – hərbi yolla, ən əlverişli şəraitdə. Amma etmədilər. Əgər o vaxt istəsəydilər, niyə etmədilər? Əgər indi birdən-birə istəsələr, niyə məhz indi?”.

Aydın məsələdir ki, Vladimir Poqosyan kimi millətçi erməni zəvzəkləri ilə Azərbaycan və Türkiyə əleyhinə efirdən hər cürə cəfəngiyyatları səsləndirməyə adət etmiş “Noyan Tapan”ın aparıcısı Qayane Arakelyan Tiqran Zakoyanın bu sualları qarşısında da aciz qaldı. Çünki 2020-ci ilin payızında, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun nəinki Qarabağda yuva salmış separatçı xunta rejimini və Ermənistan ordusunu, hətta bütövlükdə Ermənistan dövlətçiliyini də darmadağın etmək, onu tarix səhnəsindən tamamilə silmək imkanı vardı. Və həmin dövrdəki əlverişli beynəlxalq şərait də buna tam imkan verirdi. Lakin Azərbaycan dövləti buna getmədi. Çünki təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan sivil dövlət idi və sadəcə olaraq öz haqqını müdafiə etmək, öz torpaqlarını işğaldan azad etmək hədəfi ilə hərəkət edirdi. Bu, Azərbaycanın ərdəmli davranışının göstəricisi idi. Zakoyan da ermənilərin millətçiliklə zəhərlənmiş beyinlərinə məhz bu danılmaz həqiqəti aşılamağa çalışır və bu gün həm Ermənistan üçün, həm də Azərbaycan üçün əslində ən böyük təhlükənin məhz erməni xalqının özündən qaynaqlandığını başa salmaq istəyirdi.

Ona görə də Zakoyan daha bir həqiqəti də cəsarətlə səsləndirdi: “Bağışlayın, niyə erməniləri Ermənistan üçün əsas təhlükə adlandırdım? Çünki biz, nə qədər təəccüblü olsa da, Azərbaycana və Türkiyəyə qarşı onlardan daha aqressiv davranırıq”. Aparıcı isə onun fikrini yumşaltmağa çalışaraq “aqressiya” sözünü “etimadsızlıq” sözüylə əvəz etməyə cəhd göstərdi. Zakoyan isə bildirdi ki, etimadsızlıq sonda aqressiyaya çevrilir və buna görə də etimadsızlıq Ermənistan üçün əsas təhlükədir: “Son 100–150 illik tariximiz və mövqeyimiz Türkiyənin Ermənistana etimadını artırmayıb. Amma biz ağıllı və proqnozlaşdırıla bilən davransaq, indi onlar (Azərbaycan və Türkiyə) bizə etibar edə bilərlər”.

Göründüyü kimi aparıcı hər nə qədər təxribatçı suallar versə də, lakin Zakoyan öz adekvat mövqeyindən qətiyyən geri çəkilmədi. O, əksər ermənilərin qəbul etmədiyi və ya dilə gətirmək istəmədiyi fikirləri, həqiqətləri səsləndirdi. Zakoyanın etirafları dorudan da cəsarətli etiraflardır. Uzun illər boyu mifik “böyük ermənistan” və “miatsum” kimi yırtıcı, təcavüzkar ideyalarla, çağırışlarla zəhərlənmiş erməni toplumu indi bu cür acı gerçəkləri, şok həqiqətləri az sayda olan sağlam düşüncəli ermənilərin öz dillərindən eşitməlidir ki, bu toplumda “sağalma” prosesi, denasifikasiya prosesi axıra qədər getsin və erməni toplumu Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliklə yaşamaq azarından əl çəksin. Bəli, bu gün ermənilərə bu cür “şok terapiya”lar hava-su kimi lazımdır. Çünki Zakoyanın da qeyd etdiyi kimi hazırda Ermənistanın əsas təhlükə və təhdid mənbəyi – xalqın öz düşüncə tərzi, öz davranışıdır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »