Azərbaycan qətiyyətli mövqe ortaya qoymaqla Rusiyanın stereotiplərini qırdı

Azərbaycan və Rusiya XİN-lərinin 25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması nəticəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bu gün yaydıqları birgə bəyanatdan belə məlum oldu ki, Kreml artıq indiyə qədər nümayiş etdirdiyi bütün süründürməçilik və inkarçılıq cəhdlərinə rəğmən, faciə qurbanlarının ailələrinə kompensasiyanın ödənilməsinə razılıq verib. Eləcə də tərəflər bu aviaqəzadan irəli gələn digər məsələlərin müvafiq şəkildə həlli barədə də razılığa gəliblər. Beləliklə, Rusiya tərəfi iki ilə yaxın davam etdirdiyi yanlış siyasətindən geri çəkildi.

Bu, Azərbaycanın həm siyasi-diplomatik, həm də mənəvi qələbəsidir. Daha doğrusu, bu, haqqın qələbəsidir. Prezident İlham Əliyevin prinsipial mövqeyi sonda müsbət nəticə əldə etməyə və ədaləti təmin etməyə imkan verdi. İndi hamımızda tam əminlik var ki, AZAL təyyarəsinin vurulmasının ağır nəticələri ilə bağlı bütün məsələlər ədalətli həll olunacaq və beynəlxalq konvensiyalarda təsbit olunan prosedurlar tam şəkildə icra ediləcək. Rəsmi Moskva gec də olsa başa düşdü ki, Azərbaycanın haqlı tələblərində qeyri-adi heçnə yoxdur. Azərbaycan bu cür təyyarə olaylarının baş verdiyi hallarda hər bir ölkənin irəli sürə biləcəyi beynəlxalq hüquq prinsiplərindən çıxış edib.

Əgər Rusiya tərəfi bu məsələ ilə bağlı vaxtında konstruktiv mövqe tutsaydı, iki ölkə arasında münasibətlərdə gərginlik bu nöqtəyə qədər artmaz və son iki ildə Moskva ilə Bakı arasında yaşanan demarşlar da baş verməzdi. Ancaq Rusiya tərəfi bu cür vəziyyətlərdə sivil davranmaq, faktı etiraf etmək, üzr istəmək və hüquqi öhdəliklərini yerinə yetirmək ənənələrinə malik olmadığına görə tərəflər arasında proseslər bu nöqtəyə gəldi. Məsələ burasındadır ki, Rusiya özünü hələ də supergüc kimi, imperiya varisi kimi apardığı üçün belə durumlarda günahını etiraf etməyi və üzr istəməyi öz qüruruna sığışdıra bilmir. Lakin Azərbaycan qətiyyətli mövqe ortaya qoymaqla Rusiyanın bu stereotiplərini qırdı. Bunun nəticəsidir ki, Rusiya bu gün nəhayət ki, bütün sivil dövlətlərə yaraşan şəkildə addım atmağa qərar verib. Ümid edək ki, Rusiya ilə Azərbaycan arasında proseslər bundan sonra normal məcraya dönəcək və dinc qonşuluq münasibətləri də qaldığı yerdən davam edəcək.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »