Türk birliyinin hüquqi-siyasi təzahür forması olan Türk Dövlətləri Təşkilatının (TDT) daha güclü və monolit olması heç şübhəsiz ki, bu gün bütün türk xalqlarının ümumi istəyidir. Lakin Azərbaycanın TDT-nin daha güclü olmasını hamıdan çox istədiyini və bu istiqamətdə davamlı addımlar atdığını desək, zənnimcə, yanılmarıq. Xatırlayırsınızsa, Prezident İlham Əliyev də ötən il ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bəyan etmişdi ki, “istərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin”. Bəli, bu gün əsas məsələ məhz nəticələrə köklənmək, real türk birliyinin araya-ərsəyə gətirilməsi üçün real işlər görməkdir və Azərbaycan bu baxımdan hər zaman əlindən gələni edib. Dövlətimizin başçısının vurğuladığı kimi Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib.
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının növbəti toplantısının ötən gün Bakıda keçirilməsi də Azərbaycanın bu prosesə real dəstəyinin ifadəsidir. Prezident İlham Əliyev aprelin 2-də TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edərkən çıxışında bildirdi ki, bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Çünki bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələri gücləndirmək, əməkdaşlığı genişləndirmək dövlətimiz üçün prioritet təşkil edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də bəyan etmişdi ki, “bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir… Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Xarici siyasətimizin bu xətti dəyişməz olaraq qalır və Azərbaycan Prezidenti ötən gün TDT-yə üzv dövlətlərin hökumət başçıları ilə görüşündə də bir daha xatırlatdı ki, biz dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Ancaq bu gün qarşımızda dayanan əsas məsələ isə davam edən hazırkı qlobal geosiyasi təlatümlər fonunda bu ailəni (Türk dünyasını) gələcəyə aparmaq üçün birgə səylərin artırılmasıdır. Bu, çox önəmli məsələdir. Dövlətimizin başçısının vurğuladığı kimi Türk Dövlətləri Təşkilatı artıq dünya miqyasında böyük nüfuz qazanıb və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız get-gedə artır, həm də eyni zamanda, qlobal proseslərdə də təşkilatımızın rolu artmaqdadır. Lakin əldə edilən nəticələrlə kifayətlənmək olmaz. Biz müştərək səylərlə, ortaq təşəbbüslərlə öz mövqelərimizi daha da möhkəmləndirməliyik.
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçıları ilə görüşündə bu məqamın üzərində xüsusilə dayanaraq qeyd etdi ki, “bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq”. Başqa sözlə desək, TDT-nin qlobal aktora çevrilməsi bu gün əsas hədəflərimizdən biri olmalıdır. Prezidentimiz əminliklə bildirdi ki, TDT-nin gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq və bizim ölkələrimizin də, təşkilatımızın da məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir. İlham Əliyevin Türk dövlətləri ilə bağlı bu mesajı bütün dünya birliyinə ünvanlanıb. Bizim ortaq addımlarımız təkcə Cənubi Qafqaz və Mərkəzi Asiyanın (Türküstan) deyil, bütün dünyanın sülh və təhlükəsizliyinə xidmət edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.