Nikol Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyi irəli sürülüb. Bu barədə Paşinyan rəsmi “Facebook” hesabında paylaşım edib. Beləliklə, N.Paşinyan qarşıdakı parlament seçkilərində yenidən “Mülki Müqavilə” partiyasının seçki siyahısına rəhbərlik edəcək. Hal-hazırda hakim partiya seçki-təbliğat kampaniyasını inamla davam etdirir. “Mülki Müqavilə” partiyası növbəti dəfə qələbə qazanmaq üçün bütün resurslarını işə salıb. Lakin Paşinyanın bu prosesi axıra qədər uğurla davam etdirəcəyi və qələbə ilə başa çatdıra biləcəyi barədə hələlik heç bir qəti fikir bildirmək mümkün deyil.
Məsələ heç də Paşinyanın əsas rəqibinin güclü siyasi fiqur olub-olmamasında deyil. Robert Köçəryan zatən “siyasi meyit” hesab olunur. Ona görə də rəqib baxımından Paşinyanı bəxti gətirmiş namizəd hesab etmək olar. Çünki sabiq korrupsioner prezident Robert Köçəryanın hazırda ictimai reytinqi sıfırın altındadır. Ermənistan ictimaiyyətinin mütləq çoxluğu R. Köçəryanın əvvəlki dağıdıcı müharibə siyasətindən və hazırkı revanşist çağırışlarından yorulub. Əksər ermənilər Kreml tərəfindən ortaya atılmış keçmiş “Qarabağ məsələsi”nin erməni xalqına vəd olunan xoşbəxtlik və tərəqqini gətirmədiyini artıq dərk etməyə başlayıblar. Onlar Köçəryanın Ermənistanı yenidən 90-cı illərin qanlı reallıqlarına qaytarmasını istəmirlər. Bu baxımdan, Paşinyanın “sülh və iqtisadi yüksəliş” siyasətinin seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanacağı şəksizdir.
Lakin Paşinyan və onun seçki komandası təbliğat-piar kampaniyasında çox ciddi səhvlərə yol verir. Vaxtilə Bakı və İrəvanda yaşamış İsrail vətəndaşı olan araşdırmaçı-bloger Albert İsakovun qeyd etdiyi kimi erməni cəmiyyəti son dərəcə travmalı, şikəst olmuş, şüuru zorlanmış və həm də müharibədə məğlub olmuş bir toplumdur. Ancaq Paşinyan bu faktoru nəzərə almır və seçicilərlə görüşlərində gah həddindən artıq mehriban olur, bəzən əsəbiləşib qışqırır, bəzən insanlarda qorxu yaradır, gah da avtobusda kartof soyutması yeyir, “peraşki” çeynəyir. Bir sözlə, baş nazirin seçki-təbliğat avtobusu bir növ “təkərlər üstündə dəlixana”nı xatırladır. Paşinyanın ifrat demokratlıq jestləri erməni cəmiyyətinin radikal-millətçi, revanşist kəsimini daha da qəzəbləndirir. Kreml isə bundan istifadə edib həmin revanşistləri Paşinyana qarşı sui-qəsdə də təhrik edə bilər.
Ona görə də Paşinyan bu aralar həm ehtiyatlı və tədbirli olmalı, həm də seçki “klounluğ”una son qoyub məntiqli və effektiv təbliğat kampaniyası aparmalı, qətiyyətli siyasi iradə nümayiş etdirməlidir. Və eyni zamanda, Paşinyan erməni cəmiyyətinin “sanitar”ı rolunu yerinə yetirməli, cəmiyyəti müalicə etməlidir. Yəni ki, bu iş indiki kimi edilməməlidir. Küçələrdə gəzib “şou” göstərməklə, sendviç yeyib özünü sıradan bir xalq adamı kimi göstərməklə yox. Bəli, Paşinyan nəzərə almalıdır ki, hazırda erməni cəmiyyəti ağır və xroniki xəstədir, ona həqiqətən də təsirli müalicə lazımdır. Peşəkar müalicə. Kompleks və ardıcıl müalicə. Elə bir müalicə ki, robert köçəryanlar, serj sərkisyanlar və digər quduz faşistlər gələcəkdə erməni xalqının şüurunda millətçi psixozun və revanşist dəliliyin bir də yenidən, təkrar baş verməsinə nail ola bilməsinlər. Azərbaycan Ordusu 44 günlük müharibə zamanı erməni xalqını birdəfə nasizm, irqçilik xəstəliyindən müalicə edib. Ancaq bu gün isə bu işi Paşinyan özü davam etdirməli və erməni xalqını sülhpərvər topluma çevirməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.