Molla İranı qırmızı parça görmüş dəli öküz (korrida) kimi az qala yan-yörəsindəki hər bir ölkəyə atəş açır, hücum edir, ABŞ və İsrailin qisasını qonşulardan almağa səy göstərir. Ərəb ölkələri neçə gündür ki, İranın intensiv raket və dron hücumlarına məruz qalmaqdadırlar. Bəziləri hesab edirdilər ki, aqoniya halına düşmüş molla İranı çox güman ki, Azərbaycan və Türkiyəni də vuracaq. Lakin düşünürdük ki, molla rejimi hər nə qədər reallıq hissini itirmiş olsa da, ancaq İranın hərbi-siyasi rəhbərliyi heç olmasa az-çox rasional davranar və Azərbaycan ilə Türkiyəyə hücum etmək kimi absurd və sərsəm qərara imza atmaz. Lakin ötən gün Türkiyənin Hatay bölgəsinin, bu gün isə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının İranın dron zərbələrinə məruz qalması faktları isə onu göstərir ki, molla rejimi həqiqətən də başını itirib.
Azərbaycan ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatına qoşulmadığı və heç bir dəstək vermədiyi halda İranın Naxçıvan aeroportunu vurması tam bir gerizəkalılıqdır. Molla rejimi bu insidentə hələlik heç bir münasibət bildirməyib, rəsmi açıqlama verməyib. Ola bilsin ki, rəsmi açıqlamada deyəcəklər ki, bu hadisə səhvən baş verib və İranın Azərbaycana qarşı savaş elan etmək niyyəti yoxdur. Ümid edək ki, İranın Naxçıvan aeroportuna dron hücumu doğrudan da səhvən baş verib. Və hətta ola bilsin ki, bu, üçüncü qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirilmiş xain və məkrli təxribatdır. Kimlərsə bu cür təxribatlarla ola bilsin ki, Azərbaycan və Türkiyəni də prosesə qoşmaq, bizi İranla savaş halına gətirmək istəyirlər. Ona görə də rəsmi Bakı İranın dron hücumuna isti başla emosional, çılğın reaksiya verməyə üstünlük vermədi. Biz hələlik diplomatik cavab, yumşaq güc variantını seçdik. Belə ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırıldı və Naxçıvana dron hücumu ilə bağlı İran tərəfinə kəskin etiraz bildirildi. Eyni zamanda, İran tərəfinə müvafiq etiraz notası da təqdim ediləcək.
Azərbaycan ərazisinə dron hücumu sözsüz ki, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu addım ilk növbədə regionda gərginliyin artmasına xidmət edir. Ona görə də rəsmi Bakı haqlı olaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində baş vermiş bu insidentə aydınlıq gətirilməsini, izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb edir. Ümid edək ki, İran tərəfi Azərbaycanın qanuni tələblərinə adekvat reaksiya verəcək. Əks halda, Azərbaycan tərəfi də İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Və bu hüququmuz, haqqımız Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatında açıq şəkildə qeyd olunub. Mollalar Azərbaycanı dinc qonşuluq, sülh və əməkdaşlıq mövqeyini dəyişməyə vadar etməməlidirlər. Azərbaycan müharibə istəmir, amma müharibədə qələbə qazanmağı bacaran ölkədir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.