İran xalqı “Nə molla, nə də şah!” mövqeyindən çıxış etməli və öz gələcəklərinə sahib çıxmağa hazır olmalıdırlar

Gözlənilən hadisə baş verdi. İran-ABŞ+İsrail müharibəsinin növbəti fazası başladı. İsrailin İrana havadan zərbələr endirməsinin ardınca ABŞ-ın regiondakı hərbi qüvvələri də bu gün əməliyyatlara qosulub. Budəfəki hücum cari hərbi əməliyyat çərçivəsindən kənara çıxaraq genişmiqyaslı müharibə müstəvisinə keçib. Çünki bu dəfə təkcə hərbi-strateji məntəqələr, nüvə obyektləri, dəniz limanları, donanma, mühüm sənaye mərkəzləri deyil, Xamenei başda olmaqla İranın hakimiyyət nümayəndələri, siyasi elitası, hərbi komandanları və o cümlədən SEPAH da hədəfə alınıb.

Artıq İranın hərbi-siyasi rəhbərliyində təmsil olunan bir neçə nüfuzlu fiqurların, o cümlədən müdafiə nazirinin raket atışları nəticəsində öldürüldüyü bildirilir. Xameneinin Tehrandakı iqamətgahı da darmadağın edilib (hərçənd ki, Xameneinin özü yeraltı bunkerlərdən birində gizlədilib). Və hətta bu gün səhər saatlarında İran Prezidenti Məsud Pezeşkianın da raket zərbələri nəticəsində həlak olması barədə xəbərlər yayılmışdı. Lakin sonradan onun oğlu bu xəbəri təkzib etdi və atasının sağ olduğunu bildirdi.

Ümumən proseslərin gedişi açıq şəkildə onu göstərir ki, ABŞ-İsrail tandeminin budəfəki genişmiqyaslı hücumunun əsas hədəfi İranda rejim dəyişikliyinə nail olmaqdır. Onlar bu prosesi İranın molla rejiminin tam olaraq sıradan çıxarılmasına və əvəzlənməsinə qədər davam etdirmək niyyətindədirlər. “Axios”a açıqlama verən bir mənbə deyib ki, “İrana zərbələr Xameneinin hakimiyyətdən getməsi üçün şərait yaratmaq məqsədi ilə həyata keçirilir və biz bütün İran rəhbərliyini – siyasi və hərbi, keçmiş və indiki rəhbərliyini hədəf alırıq. Hadisələrin sonrakı inkişafı isə İran xalqının üsyanının miqyasından asılı olacaq”.

Həmçinin ABŞ Prezidenti Donald Tramp da bəyan edib ki, “biz İranda genişmiqyaslı hərbi əməliyyata başlamışıq və qəddar İran rejimindən gələn təhdidi aradan qaldıracağıq. Məqsədimiz Amerikan xalqını qorumaq və İrandan gələn birbaşa təhdidi aradan qaldırmaqdır. ABŞ İranın raketlərini məhv edəcək və onun raket sənayesini tamamilə sıradan çıxaracaq”. Görünən budur ki, ABŞ və İsrail bu məqsədə nail olmaq üçün bütün vasitələri işə salıblar. İsrailin Baş naziri Benyamin Netanyahu hətta “İran xalqına müraciət” adı altında bu ölkənin yerli xalqlarına, o cümlədən Güney azərbaycanlılara da müraciət edərək “zülm hökmranlığından qurtulub azad və sülhsevər İran yaratmağın vaxtının gəldiyini” deyib. Eyni zamanda, devrilmiş İran şahının panfarsçı oğlu Rza Pəhləvi də ABŞ Prezidentinə müraciət edərək, necə deyərlər, “mən də varam” deməyə və növbəti dəfə özünü gözə soxmağa, Trampın və Netanyahunun dəstəyini qazanmağa çalışıb.

Bütün bunlar onu göstərir ki, Vaşinqton və Təl-Əviv molla rejiminin monarxiya rejimi ilə əvəzlənməsi, Pəhləvilərin yenidən hakimiyyətə qaytarılması variantını da nəzərdən keçirir. Bu perspektiv isə Güney Azərbaycandakı soydaşlarımızın maraqlarına əsla cavab vermir. Çünki Pəhləvilər də eynilə molla rejimi kimi Güney azərbaycanlılara qarşı qəddar münasibət göstərmələri ilə yadda qalıb. Elə Rza Pəhləvinin özünün və tərəfdarlarının son aylarda ABŞ və Avropadakı nümayişlərdə azərbaycanlılara qarşı diskriminasiya mövqeyi tutması da Pəhləvilərin hakimiyyətə dönüşünün soydaşlarımız üçün növbəti fəlakətdən başqa heçnə vəd etmədiyini göstərir. Bu baxımdan, güneyli soydaşlarımız həddindən artıq ayıq-sayıq olmalıdırlar. Onlar “Nə molla, nə də şah!” mövqeyindən çıxış etməli və öz gələcəklərinə sahib çıxmağa hazır olmalıdırlar. Həmçinin biz özümüz də İranla bağlı prosesləri diqqətlə izləməliyik. Çünki bu müharibənin nəticələri bütün qonşu ölkələr kimi Azərbaycan üçün də təsirsiz ötüşməyəcək.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »