Atəşkəs və nəticə: döyüşlər yenidən başlaya bilərmi?

0

Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə etdi: Moskvanın döyüşlərə müdaxilə edəcəyi gözlənilən idi, lakin proseslərin inkişafında diqqət çəkən məqamlar var:

Avropa İttifaqı atəşkəs çağırışı üçün Rusiyadan daha tez hərəkətə keçdi;

– Rusiya bir qədər gözləmə mövqeyində qaldı;

– Putin ənənəsinə xilaf çıxaraq, Əliyev və Paşinyana atəşkəs üçün zəng etmədi;

Mişelin zəngi Aİ-nin sərhəd məsələsində Azərbaycan və Ermənistana əvvəlki vasitəçilik təklifindən qaynaqlanırdı və Brüssel baş verənləri bu təklifi gündəmə gətirmək üçün fürsət bildi. Mişel İrəvan və Bakıya zəng edəndə Moskva “tərəflər arasında vasitəçi ola bilərik” açıqlamasını verdi. Və belə görünürdü ki, Rusiya Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun adekvat addımlarından, belə demək mümkünsə, Paşinyanı “ağıllandırmasından” məmnun idi.

Moskva İrəvanın yardım çağırışlarından sonra dövriyyəyə girdi. İstisna deyil ki, Ermənistan atəşkəsin əldə edilməsi qarşılığında sərhəd və kommunikasiyanın müzakirə ediləcəyi danışıqlara gəlməyə razılaşıb;
Yalnız bundan sonra Şoyqu Həsənov və Papikyanla danışdı və atəşkəs əldə olundu. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə döyüşlər saat 18:30-da bağlanıb.

Zakir Həsənov Şoyqu ilə telefon söhbətinin ardınca Hulusi Akarla sərhəddəki vəziyyəti müzakirə etdi: bu, nəticə qaneedici olsa belə Bakının Moskvaya “Türkiyə yanımızdadır” mesajını çatdırmağa hesablanmış ola bilər və Akar bu mesajı verdi.

Atəşkəsin bağlanmasından sonra Paşinyan Putinlə danışdı: İrəvanın təşəbbüsü ilə baş tutan telefon görüşündə sərhədlə yanaşı, Moskvanın qurmaq istədiyi, Nikolun əvvəlcə imtina etdiyi üçtərəfli masanın da müzakirə edildiyi istisna deyil. Və diqqətçəkən məqam odur ki, Bakı-Moskva xəttində telefon müzakirəsi olmadı. Bu, Bakı və Moskvanın gündəliyinin eyni olduğu fikrini önə çıxarır.

Döyüşlərin nəticəsi necə oldu?

– Ermənistan tərəfinin çoxsaylı itkiləri var: rəsmi məlumata görə, təkcə əsirlərin sayı 12-dir;
– Azərbaycan Ordusu sərhəddə vəziyyətə nəzarət edir və geri çəkilməyib: Paşinyanın açıqlaması da bunu təsdiqləyir;

– Ermənistan sərhədin delimitasiyasına hazır olduğunu bəyan etdi: Paşinyan da Putinlə telefon söhbətindən sonra bildirdi ki, “Ermənistan üçtərəfli bəyanatlara sadiqdir”;
Burada iki məqam da diqqət çəkir:

1. Atəşkəs olsa da, Paşinyan “ümumi vəziyyətin son dərəcə gərgin olaraq qaldığını” deyir;
2. Atəşkəsin əldə edilməsi haqda Ermənistan və Rusiya tərəfindən fərqli olaraq, Azərbaycan rəsmi məkumat yaymayıb;

Həsənovun Şoyqu ilə danışıqdan sonra Hulusi Akarla müzakirə aparması və Akarın “Türkiyə Azərbaycanın yanındadır” açıqlamasına bu kontekstdə də baxa bilərik. Və bu, əldə olunan atəşkəsin kövrək olduğu deməkdir. Mümkündür ki, Bakının atəşkəsin əldə olunması üçün şərtləri var və bu şərtlərin yerinə yetirilməsini gözləyir. Hər şey Ermənistanın davranışından asılı olacaq…

Asif Nərimanlı

Leave A Reply

Your email address will not be published.

Tərcümə »