Valideynin tez-tez və uzunmüddətli səfərlərdə olması uşaqların psixoloji və emosional inkişafına ciddi təsir göstərə bilər. Uşağın yaş dövrünə görə bu təsirlər fərqli formalarda ortaya çıxsa da, ortaq məqam ondan ibarətdir ki, valideynlə fiziki və emosional təmasın azalması təhlükəsiz bağlanmanı zəiflədir.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Nərmin Ağayeva bildirib ki, 0–3 yaş arası uşaqların əsas ehtiyacı təhlükəsiz bağlanmadır:
“Əgər qastrol valideynlik 0-3 yaş dövründə baş verərsə, ana və ya ata ilə güvənli bağlanma formalaşmır. Bu isə emosional soyuqluq və ya həddindən artıq yapışqanlıq, nitq və sosial bacarıqlarda geriləmə kimi təsirlərə səbəb ola bilər.
3–6 yaş dövründə uşaq valideynin yoxluğunu tam anlamadığı üçün özünü günahkar hiss edə bilər. Bu isə çox vaxt davranış pozuntularına gətirib çıxarır.
6–10 yaş aralığında qastrol valideynlik məktəbdə intizamsızlıq, dərslərə maraqsızlıq, özünü fərqli və tənha hiss etmə, sosial müqayisə, valideynə qarşı inciklik və etibarsızlıq kimi nəticələr doğura bilər.
Əgər bu hal 11–18 yaş dövrünə təsadüf edirsə, uşaqlarda nizam-intizamın olmaması, müstəqil qərar verməkdə çətinlik və ya həddindən artıq sərbəstlik, valideynə qarşı üsyankar münasibət və ya laqeydlik, həmçinin yanlış qruplara yönəlmə riski artır”.
Psixoloqun sözlərinə görə, uşaqlar adətən valideynini fiziki və emosional olaraq itirdiyini düşündüyü üçün digər insanlarla da güvənli bağlanma formalaşdıra bilmir:
“Bu, gələcəkdə sosial münasibətlərdə güvən problemi, emosional məsafə saxlama və ya əksinə, həddindən artıq asılılıq yarada bilər. Valideynin qastrol səfərinə gedib uzun müddət qayıtmaması uşaqda “tərk edildim” hissi yarada bilər. Bu hiss isə gələcəkdə ayrılıq qorxusu, panik atak və ya özünü dəyərsiz hiss etmək kimi emosional nəticələrə gətirib çıxardır.
Uşaq “valideynim mənim üçün getdi” düşüncəsi ilə qəzəblənə, incik ola və ya passiv-aqressiv davranışlar sərgiləyə bilər. Bu xüsusilə yeniyetməlik dövründə daha aydın görünür. Ayrılıq təşvişi, həddindən artıq həsrət, ağlama, yuxu pozuntuları, tənha qalmaqdan qorxma kimi hallar da müşahidə olunur. Sosial çəkingənlik və emosional dalğalanmalar da bu təsirlərə daxildir.
Kiçik yaşlı uşaqlar bəzən “valideynim getdi, çünki mən pisəm” kimi irrasional düşüncələr formalaşdırır. Bu isə özünə dəyər hissinin aşağı düşməsinə və özünü cəzalandırıcı davranışlara səbəb olur”.
Nərmin Ağayeva vurğulayıb ki, ayrılıq travması bütün yaş dövrlərində təsir etsə də, ən dərin izləri 0–6 yaş aralığında olan uşaqlarda qoyur:
“Bu dövr uşağın emosional, sosial və beyin inkişafı baxımından ən həssas mərhələsidir. Həmin vaxt uşaq üçün “valideyn = pul gətirən” obrazı formalaşa bilər. Bu isə gələcəkdə emosional bağlılıq yerinə maddi asılılıq yaradır. Əsl sevgi, diqqət və fiziki ünsiyyət olmadan uşaq emosional olaraq tənha böyüyür. Şüuraltında “ən çox sevdiyim insan belə gedə bilər” düşüncəsi formalaşır ki, bu da münasibətlərdə qısqanclıq, paranoya və özünü həmişə ikinci planda hiss etmə kimi nəticələrə gətirib çıxara bilər”.
Comments are closed.