Dünən nəinki Azərbaycan və Türkiyənin, bütövlükdə Türk dünyasının tarixində və taleyində olduqca mühüm hadisə baş verdi, Türk Şurasının İstanbulda keçirilən 8-ci Zirvə Toplantısında qurumun həm adı, həm də statusu dəyişdirildi, Şura Təşkilata çevrildi, Türk Dövlətləri Təşkilatı kimi böyük siyasi birlik təsis edildi. Odur ki, bu Zirvə görüşü bütün Türk dünyası üçün, o cümlədən Azərbaycan üçün də olduqca mühüm tarixi əhəmiyyət kəsb edəcək.
Bütün türk xalqları, Türk dünyasının aydınları uzun illər idi ki, məhz bu tarixi anın yetişəcəyi günü gözləyirdilər. Nəhayət ki, xəyallar gerçək oldu. Bundan sonra ölkələrimiz arasında daha sıx münasibətlər formalaşacaq. Bizim vahid siyasi və iqtisadi güc halına gəlmək imkanlarımız olduqca artacaq. Biz həm siyasi, həm iqtisadi, həm də humanitar sahələr ilə bağlı məsələlərin geniş spektri üzrə real əməkdaşlığa, iş birliyinə başlayacağıq. Eyni zamanda Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün də önəmi bundan sonra daha da artacaq. Bunun üçün kifayət qədər perspektivlər var.
Yeri gəlmişkən, dünən Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrliyini uğurla başa vurdu və İstanbulda keçirilən 8-ci Zirvə görüşündə sədrlik qardaş ölkəyə ötürüldü. Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürdü. Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib, türk cümhuriyyətləri arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə mühüm töhfələr verib. Məhz bu xidmətlərinə və Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsinə görə dövlət başçımız İlham Əliyev sözügedən Zirvə Toplantısında “Türk Dünyasının Ali Ordeni” ilə təltif edildi.
Azərbaycanın Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verdiyi zamana təsadüf edən bu mükafat Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə verilib. Belə bir qərarın qəbul olunması Zirvə görüşünün ən vacib məqamlarından biri idi. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etməsi həqiqətən də türk birliyinə ən mühüm töhfələrdən biridir. İndi Türk dünyası üçün tamamilə yeni səhifə açılır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri