“Rusiya böyük Hindistan bazarını itirmək üzrədir”.
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Kreml Rusiya, Çin və Hindistan arasında keçmiş illərdə mövcud olan üçlü formatı bərpa etmək istəyərkən Dehlidən fərqli xəbər gəlib:
“”Reuters” agentliyinin məlumatına görə, Hindistanın neft və qaz naziri Hardip Singh Puri bildirib ki, Rusiya neftinin satışına sanksiya qoyularsa Hindistan başqa ölkələrdən aldığı neftin həcmini artıracaq. Nazir Rusiya neftini Braziliya, Qayana və Kanada nefti ilə əvəz edə biləcəklərini deyib. Bundan başqa Hindistanın özündə də neft istehsalı və yeni yataqların kəşfiyyatı işləri genişlənib. “Mən qətiyyən narahat deyiləm. Əgər bir şey olarsa, biz bunun öhdəsindən gələcəyik” deyən nazir Hindistanın son illər neftin alışını şaxələndirdiyini xatırladıb. Əgər Hindistan keçmiş illərdə 20 ölkədən neft alırdısa, hazırda bu ölkələrin sayı 40-a çatıb.
Dehlinin Rusiya neftindən imtina səbəbi aydındır. ABŞ Prezidenti Donald Tramp Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq üçün Moskvaya 50 gün vaxt verib. Rusiya bu müddət ərzində atəşkəsə razılaşmasa Vaşinqton Rusiya ixracatının alıcılarına qarşı da sanksiyalar tətbiq edəcək. Amerikalı senator Lindsli Qrem Rusiyadan neft, neft məshulları, qaz və uran alan ölkələrə qarşı 500 faizlik tariflərin tətbiqi ilə bağlı qanun layihəsi hazırladığını bildirib”.
Politoloq vurğulayıb ki, Rusiya üçün Hindistan bazarını itirmək böyük zərbə olacaq:
“Rusiya Hindistanın neftə olan tələbatının təxminən 35 faizini təmin edirdi. Sonrakı sıralarda İrak, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ gəlir. Rusiya sanskiyalara görə Qərb ölkələrinə neft sata bilmir. Rusiya bu səbəbdən Hindistana neft satmaq üçün qiymətləri endirmişdi. Ancaq bu amilin də rolu olmadı. Maraqlıdır ki, 2022-ci ilə qədər Hindistan Rusiyadan neft almırdı. Rusiya neftin qiymətlərini endirdiyinə görə bu Hindistan üçün cəlbedici olmuşdu. Ancaq Rusiyaya qarşı sanksiyalar sərtləşdikcə, Hindistan Rusiya neftindən asılığını azaltmağa başladı.
ABŞ-ın sərt sanksiyaları Çinin neft alıcılarını da ağır vəziyyətə sürükləyəcək. Hindistanın ardınca, Çin də Rusiyadan neft alışını minimuma endirə bilər. Bu vəziyyətdə Rusiya öz neftinə yeni alıcılar tapmalıdır. Bu asan olmayacaq. Çünki, ABŞ-ın yeni sanksiyaları başqa ölkələri də Rusiyadan neft almaqdan çəkindirəcək. Rusiya neftini sata bilməsə istehsalı azaltmaq məcburiyyətində qalacaq. Bu, bir daha Ukraynaya qarşı işğalçı müharibənin Rusiyaya baha başa gəldiyini göstərir”.
Comments are closed.