ABŞ Dövlət Departamentinin media brifinqində Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gətirilib

Bu gün Vaşinqtonda ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus (Tammy Bruce) yerli və xarici jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

 Tədbirdə iştirak edən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Cənubi Qafqazda son günlərin ən çox müzakirə olunan geosiyasi məsələlərindən biri olan Zəngəzur Koridorunun açılması ilə bağlı ABŞ hökumətinin rəsmi mövqeyini gündəmə gətirib.

Əhməd Şahidov sualında qeyd edib ki, ötən həftə ABŞ`ın Türkiyədəki səfiri Tomas Barrak (Thomas Barrack) media qarşısında çıxışında Zəngəzur Koridorunun idarəçiliyinin 100 illik müddətə bir Amerika şirkətinə verilməsinin mümkün olduğunu bildirib. Bu bəyanat Cənubi Qafqazda geniş rezonans doğurub və bir sıra siyasi dairələrdə, o cümlədən Rusiya və İranda ciddi narahatlığa səbəb olub. Moskva və Tehran bu koridora nəzarəti öz əllərində saxlamaq istədiklərini açıq şəkildə bəyan ediblər.

Bu konteksdə, Əhməd Şahidovun sualı Birləşmiş Ştatların rəsmi qurumlarının Zəngəzur Koridoruna və ümumiyyətlə, bölgədə kommunikasiya yollarının açılması ilə bağlı strateji yanaşmasını öyrənmək məqsədi daşıyıb.

Suala cavab verən Dövlət Departamentinin mətbuat katibi Tammy Bruce bildirib ki, bu məsələ birbaşa Ağ Evin səlahiyyətinə daxildir və yekun qərar prezident səviyyəsində verilir. Bununla belə, o, ABŞ hökumətinin Cənubi Qafqazda sülh təşəbbüslərini, Azərbaycan və Ermənistan arasında dayanıqlı və davamlı sülhün əldə olunması prosesini dəstəklədiyini bildirib.

Mətbuat katibi əlavə edib ki, Prezident Donald Tramp və dövlət katibi Marko Rubio daha əvvəl bu mövzu ilə bağlı açıq bəyanatlar verərək regional kommunikasiya və infrastruktur layihələrinin sülhə töhfə verəcəyini vurğulayıblar. ABŞ tərəfi hesab edir ki, nəqliyyat və iqtisadi əlaqələrin açılması Cənubi Qafqazda etimad mühitini möhkəmləndirə, iqtisadi əməkdaşlığı artıraraq uzunmüddətli sabitliyə zəmin yarada bilər.

Tammy Bruce həmçinin vurğulayıb ki, Zəngəzur Koridoruna dair ABŞ hökumətinin konkret və rəsmi mövqeyi yaxın günlərdə yazılı şəkildə təqdim olunacaq.\\musavat\\

  

Comments are closed.

Tərcümə »