Bizi Qarabağa aparan qatar siyasi birliyimizin, milli həmrəyliyimizin mücəssəməsinə çevrildi

Artıq xeyli vaxtdır ki, “Dirçəliş və Böyük Qayıdış uğurla davam edir” başlıqlı silsilə paylaşımlar edir, Şuşa, Xankəndi, Laçın, Xocalı, Cəbrayıl, Zəngilan, Füzuliyə qayıdan soydaşlarımızın sevincini bölüşür, işğaldan azad olunan şəhərlərdə həyatın canlanmasını, Qarabağın və Şərqi Zəngəzurun nəhəng tikinti meydançasına çevrilməsini daim diqqətdə saxlayır, orada aparılan bərpa-yenidənqurma işlərinin gedişini böyük qürur hissilə izləyirəm. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi ərazilərə vaxtaşırı səfərlərimiz isə orada görülən işləri daha yaxından görmək imkanı yaradır.

Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı və keçmiş məcburi köçkün kimi Qarabağın erməni əsarəti altında olarkən dağıdılan, viran qoyulan şəhər və kəndlərinin hamısında olmuşam. Vaxtilə Ağdamın müdafiəsi uğrunda döyüşlərdə də iştirak etmişəm. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra isə Ağdama ilk dəfə 2021-ci ilin martın 17-də qədəm basmışam. Həmin vaxt Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə “Qafqazın Xirosiması”na – Ağdama ilk səfərimiz gerçəkləşmişdi. Əslində, həmin vaxt Ağdamın sadəcə quruca adı qalmışdı. Mənfur erməni barbarları bu tarixi yurd yerimizdə daşı daş üstə qoymamışdılar. Ağdam nəhəng bir xarabalığa çevrilmişdi. Bu şəhərə “Ruhlar şəhəri” kimi vahiməli bir ad da elə o qorxunc dağıntılara görə verilmişdi. Lakin aradan dörd il keçəndən sonra, dövlətimizin qüdrəti sayəsində Ağdamın büsbütün fərqli görüntülərlə bizi qarşılaması həqiqətən də inanılmaz idi.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə iyulun 10-da Ağdama təşkil olunan ikinci səfər təkcə ölkədəki siyasi qüvvələr arasında dialoqun inkişaf etdirilməsi və milli həmrəyliyin gücləndirilməsinə deyil, həm də postmüharibə dövrünün Ağdamını sanki yenidən kəşf etməyimizə vəsilə oldu. Siyasi partiyaların rəhbərləri, millət vəkilləri, politoloqlar və jurnalistlərin Ağdama budəfəki səfəri Bakı-Ağdam sürət qatarı ilə gerçəkləşdirildi. Bunun özünün də heç şübhəsiz ki, dərin simvolik mənası var. Bu, Böyük Qayıdışın simvolu idi, həmrəyliyimizin qatarı idi. Bizi Qarabağa aparan qatar siyasi birliyimizin, milli həmrəyliyimizin mücəssəməsinə çevrildi. 32 illik fasilədən sonra Ağdama sürət qatarı ilə getməyimiz bir vaxtlar bizə xəyal kimi görünən bir hadisə idi. Lakin qalib dövlətimiz bu gün xəyallarımızı gerçəyə çevirir. Qanlı-qadalı işğal illəri indi möhtəşəm quruculuq epoxası ilə əvəzlənib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də səfər iştirakçılarının qarşısında çıxışı zamanı məhz Ağdamın timsalında hazırda bütün Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi. Dövlət rəsmisi bildirdi ki, bir zamanlar “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün öz taleyini yenidən yazır və Ağdam yaxın illərdə ölkənin dördüncü ən böyük şəhəri olacaq. Belə ki, Bakı, Gəncə və Sumqayıtdan sonra Ağdam Azərbaycanımızın ən böyük şəhəri statusunu alacaq. Baş Plana əsasən, ilkin mərhələdə 100 min sakinə qucaq açacaq Ağdam Böyük Zəfərin, Böyük Qayıdışın paytaxtına çevriləcək.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da bütün səfər müddətində bizi müşayiət edərək hazırda Ağdamda aparılan bərpa-quruculuq işləri barədə müfəssəl bilgi verdi. Görülən işlərin miqyası və keyfiyyəti istər Ağdamın, istərsə də azad edilmiş digər yurd yerlərimizin işıqlı gələcəyi barədə tam aydın təsəvvür yaradır. Cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzur tanınmaz dərəcədə dəyişəcək. Prezident İlham Əliyevin əminliklə söylədiyi kimi, Ağdam şəhəri dünya üçün nümunə olacaq.

Allah dövlətimizə qüvvət versin!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »