Ermənistan Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Əbu-Dabidə baş tutan görüşdən sonra bəyanat yayıb.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bəyanatda görüş zamanı dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektlərinin müzakirə edildiyi qeyd olunur:
“2025-ci il iyulun 10-da Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) Ermənistan Respublikasının baş naziri və Azərbaycan Respublikasının Prezidenti arasında görüş keçirilib və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektləri müzakirə edilib.
İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb”.
Bəyanata görə, sərhədin delimitasiyası prosesində irəliləyişlərin olduğunu qeyd edən rəhbərlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər:
“Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər”.
Comments are closed.