Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” adlı nüfuzlu qəzetinə verdiyi geniş müsahibədə Azərbaycanın xarici siyasətinin əsas xəttini və regional qlobal proseslərdə Bakı-Ankara tandeminin artan əhəmiyyətini şərh edib.
Musavat.com-un xəbərinə görə, Hikmət Hacıyev deyib ki, Azərbaycanın xarici siyasəti inklüzivdir və ölkə müxtəlif tərəfdaşlarla paralel şəkildə əlaqələr qurur:
“Düşünürəm ki, siyasətdə çoxlu qərəz və məkr var. Slovakiya ilə Azərbaycan təxminən eyni ölçülü ölkələrdir. Əgər belə bir mövqedəsinizsə və sizdən tamamilə fərqli tərəfdaşlarla əhatə olunmusunuzsa, ölkənizin maraqlarına uyğun müxtəlif əməkdaşlıq modelləri axtarmalısınız. Azərbaycan da məhz bu cür siyasət aparır”.
Prezidentin köməkçisi Azərbaycanın eyni vaxtda həm Rusiya, həm İran, həm də İsrail, Çin və ABŞ-la yaxşı münasibətlər qurduğunu vurğulayıb:
“Bu, heç kəsi istisna etmək deyil, qarşılıqlı inklüzivlikdir. Əminik ki, ikitərəfli münasibətlər bir-birinə mane olmamalıdır”.
Hacıyev, həmçinin, Azərbaycanın qardaş Türkiyə ilə münasibətlərinə xüsusi yer ayıraraq bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti nəticəsində əsl qlobal gücə çevrilib. O deyib:
“Türkiyə həmişə əsas oyunçu olub. Ərdoğanın siyasəti xüsusi təqdirəlayiqdir. Türkiyə indi təkcə regionda deyil, qlobal miqyasda da mühüm aktordur. Rusiya, Ukrayna, Yaxın Şərq, Balkanlarda baş verən proseslərdə Türkiyənin müsbət rolu ortadadır. Bu rolu davam etdirməsi çox vacibdir.”
Hikmət Hacıyev həmçinin Bakı ilə Ankara arasındakı münasibətlərin xüsusi xarakterini vurğulayıb:
“Biz həmişə deyirik: bir millət, iki dövlət. Ona görə Türkiyənin qlobal mövqeyinin güclənməsini böyük sevinclə izləyirik”.
Rusiya-Ukrayna müharibəsinə toxunan Prezident köməkçisi bildirib ki, Türkiyə həm NATO-nun aparıcı üzvü, həm də hər iki münaqişə tərəfi ilə xüsusi əlaqələri olan unikal ölkədir:
“Bütün parametrləri nəzərə alsaq, Türkiyə bu münaqişədə vasitəçi kimi ən doğru oyunçudur. O, həm Rusiya, həm də Ukrayna üçün etibarlı meydan və infrastruktur təqdim edə bilər. İstanbul sülh üçün yaradılmış şəhərdir. Mən Türkiyənin bu məsələdə səmimi və güclü qətiyyətini görürəm”.
Comments are closed.