“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 143-cü kitabı çapdan çıxıb

“Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər yaradır, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edilib, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yaranıb. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verir və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək, ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmir”.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 143-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı bu il martın 5-də Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində çıxışı zamanı söyləyib.

Çoxcildliyin 143-cü kitabında toplanmış materiallar 2025-ci ilin fevral-aprel aylarını əhatə edir.

Yeni kitaba Azərbaycan Prezidentinin ölkəmizə səfərə gəlmiş Pakistanın Baş naziri ilə görüşünə, Azərbaycan-Pakistan biznes-forumunda iştirakına, Qvineya-Bisau Respublikasının, Şimali Makedoniya Respublikasının, Almaniya Federativ Respublikasının prezidentləri ilə görüşlərinə, Türkiyə Respublikasına işgüzar səfərinə dair materiallar daxil edilib.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və “Yaşıl enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışının mətni də yer alıb.

Oxucular bu kitabda dövlətimizin başçısının Ağdam rayonuna, Xankəndi şəhərinə səfərlərinə, Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülmüş işlərlə tanışlığına, kəndə yeni köçmüş sakinlərlə görüşlərinə aid materiallar ilə də tanış ola bilərlər. Həmçinin bu nəşrə Azərbaycan Prezidentinin Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulmadan sonra açılışında, Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılış mərasimində iştirakı, Ağdərə rayonunun Həsənriz kəndinə köçmüş bir qrup sakinlə görüşü, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı haqqında informasiyalar daxil edilib.

Bu kitabda Prezident İlham Əliyevin, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda çıxışının, Forum zamanı “Euronews” televiziyasına müsahibəsinin mətnləri, habelə bu tədbirdə iştirak etmək üçün Azərbaycana gəlmiş yüksəksəviyyəli qonaqlarla görüşləri haqqında informasiyalar toplanıb.

143-cü kitabda Prezidentin Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan xalqına təbriklərinin mətnləri də verilib.

Xatırladaq ki, aprel ayının əvvəlində ölkəmizin həyatında mühüm hadisələrdən biri də ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilmiş beynəlxalq forum olub. Forumda iştirak etmiş Prezident İlham Əliyev ona ünvanlanmış çoxsaylı sualları cavablandırıb. Həmin forum haqqında materialların bir hissəsi bu kitaba daxil edilib və davamı növbəti kitabda yer alacaq.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Comments are closed.

Tərcümə »