Azərbaycan-Türkiyə münasibətləri bütün dünya miqyasında parlaq örnəyə çevrilib

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından 4 il ötür. 2021-ci ilin iyunun 15-də imzalanan bu tarixi sənəd qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik və çoxşaxəli əməkdaşlıq münasibətlərini ən yüksək mərhələyə qaldırmaqla yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Cənubi Qafqazda yaratdığımız yeni reallıqların oturuşmasına və uzunmüddətli sülhün bərqərar olmasına etibarlı zəmin yaratdı. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədiliyini vurğulayır, xalqlarımızın təhlükəsiz və firavan yaşamasına təminat verir.

Mədəniyyət beşiyimiz və Zəfər simvolumuz – Şuşa şəhərindən dünyaya bəyan edilən bu müttəfiqlik bəyannaməsinə əsasən, Bakı və Ankara regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərmək, həmçinin aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirmək öhdəliyi götürüblər. Ötən dörd ilin nəticələri onu göstərir ki, tərəflər bu öhdəlikləri uğur və inamla yerinə yetirməyi bacarırlar.

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqlik sənədidir. Başqa sözlə desək, bu bəyannamə iki qardaş ölkə arasında ən üst səviyyədə yeni münasibətlər platformasıdır. Bu platforma Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələrini daha da genişləndirərək siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, beynəlxalq müstəvidə birgə əməkdaşlıq və sair sahələri tam şəkildə əhatə edir. Bəyannamə Azərbaycan və Türkiyə birliyi formatında Cənubi Qafqazda və bütövlükdə bölgədə yeni regional düzənin formalaşdığını göstərdi. Bu yeni düzənin tam mərkəzində Azərbaycan-Türkiyə müttəfiqliyi həlledici amil, istiqamətverici vektor rolunu oynayır. Çünki Bəyannamədə iki qardaş ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Beləliklə, biz bu gün əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsinin imzalanması həqiqətən də gücümüzə güc qatdı.

İki qardaş ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi bizim tarixi nailiyyətimizdir. Bu tarixi nailiyyətin, uğurun memarları isə sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Məhz onların son onilliklərdə göstərdikləri birgə səylər nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri həm digər türk dövlətləri üçün, həm də bütün dünya miqyasında sözün əsl mənasında parlaq örnəyə çevrilib. Prezident İlham Əliyevin Şuşadakı mətbuat konfransında çıxışı zamanı qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Biz nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi nümayiş etdiririk. Biz bundan sonra da hər zaman bir yerdə olacağıq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı əbədi və sarsılmazdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »