Azərbaycan dövləti Suriya xalqına humanitar yardımlarını bundan sonra da davam etdirəcək

Ermənipərəst Bəşər Əsəd rejiminin devrilməsindən sonra Azərbaycanın Suriya xalqının yaralarının sarınmasında, sağaldılmasında yaxından iştirak etməsi ölkəmiz adına qürurverici haldır. Prezident İlham Əliyevin müvafiq təlimatına uyğun olaraq, Suriya əhalisi üçün ölkəmiz adından təşkil olunan humanitar yardım xarakterli fəaliyyətlər mütəmadi olaraq davam etdirilir. Ötən ilin sonlarında Azərbaycan tərəfindən Suriya xaqlı üçün 200 ton həcmində humanitar yardım göndərilib. Bundan savayı, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi və Suriyadakı səfirliyimizin təşkilatçılığı ilə cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 nəfərə yaxın kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.

Müqəddəs Qurban bayramı münasibətilə iyunun 7-8-də Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində “Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər” şüarı altında yardım aksiyasının təşkil olunması da bu fəaliyyətlərin tərkib hissəsidir. Belə ki, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə AİDA-nın dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Ərəb, türkman, çərkəz və ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşqətrafı vilayətinin Qərbi və Şərqi Quta rayonlarında, növbəti günü isə Homs və Homsətrafı vilayətlərində baş tutub. Yardım olunan şəxslərin böyük əksəriyyəti uzun sürən vətəndaş müharibəsi nəticəsində valideynlərini itirən ailələrin üzvləridir. İki gün ərzində ümumilikdə təxminən 1500 insan sözügedən yardım aksiyasından faydalanıb.

Qurban sovqatının təqdim olunduğu ailələr Azərbaycan xalqı və dövlətinə dərin minnətdarlıqlarını ifadə edərək, ölkəmizə ən xoş arzularını çatdırıblar. Azərbaycan dövləti, heç şübhəsiz ki, Suriya xalqına humanitar yardımlarını bundan sonra da davam etdirəcək. Biz müharibələrdən, təbii fəlakətlərdən əziyyət çəkən digər ölkələrə də, o cümlədən Rusiyanın işğalçı siyasətindən əziyyət çəkən Ukrayna xalqına da humanitar yardımlarımızı davam etdiririk. Müharibələrdən və təbii fəlakətlərdən əziyyət çəkən xalqlara humanitar yardım göstərmək Azərbaycanın qlobal missiyasıdır. Bu, eyni zamanda, həmin xalqlarla həmrəyliyimizin göstəricisidir.

Müstəqil xarici siyasət yürüdən qalib Azərbaycan dövləti humanitar dəstəyə zəruri ehtiyacı olan ölkələrə, xalqlara öz dəstək və yardımını heç vaxt əsirgəmir. Biz bunu Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə də, “vaksin millətçiliyi”nin tüğyan etdiyi pandemiya zamanı da görmüşük. Xatırlayırsınızsa, pandemiya dövründə Azərbaycan dövləti koronavirusa qarşı mübarizə məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və ya ÜST-nın (Ümumdünya Səhiyyə Təşkilatı) xətti ilə maliyyə yardımı, ümumi humanitar yardımlar edib. Həmçinin, zəlzələdən zərər çəkmiş dost və qardaş Türkiyəyə, Pakistana Bakıdan tibbi və humanitar ləvazimatlar göndərilib, Kahramanmaraşda Azərbaycanın inşa etdiyi məhəllə artıq tamamlanıb, Heydər Əliyev Fondunun xətti ilə Pakistanda isə bir sıra məktəblər təmir edilib. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində Azərbaycanın gördüyü xeyriyyə işləri, icra etdiyi müxtəlif layihələr haqqında çox danışmaq olar.

Bütün bunlar bir daha onu göstərir ki, dar günlərində dostlarımıza kömək əli uzatmaq, faciə ilə üzləşənlərə yardıma tələsmək Azərbaycan xalqının əzəli xüsusiyyətidir. Bu gün Suriya xalqına edilən humanitar yardım da Azərbaycanın xeyriyyəçilik ənənələrini qoruyub saxladığını təsdiqləyir. Xalqımızın və dövlətimizin xeyirxahlığı başqa ölkələr üçün də örnək sayılacaq səviyyədədir. Təsadüfi deyil ki, bir neçə il bundan öncə Beynəlxalq Xeyriyyə Yardım Fondunun (BXYF) keçirdiyi sorğuya cavab verən respondentlər Azərbaycanı MDB-nin ən xeyirxah ölkəsi adlandırıblar. Ölkəmizlə gerçəkdən qürur duyuruq!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »