Azərbaycan 2025-ci ildə MDB məkanının idman mərkəzinə çevrilir – III MDB Oyunlarına 7 ölkə qatılır
İctimai Rəy Reporta istinadla xəbər verir ki, 2025-ci ilin payızında Azərbaycanın bir neçə şəhərində keçiriləcək III MDB Oyunlarına maraq artmaqdadır.
Artıq yeddi ölkə – o cümlədən ev sahibi Azərbaycan bu mötəbər turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. Bu məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yayıb.
Turnirin qeydiyyat mərhələsi davam edir və bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 1659 idmançı və ümumilikdə 2385 nümayəndə iştirak üçün qeydiyyatdan keçib. Yarışlara qatılan idmançılar 23 müxtəlif idman növündə mübarizə aparacaqlar.
Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3×3 və voleybol yarışlarında altı ölkə iştirak edəcək. Fərdi idman növlərində – güləş, boks, cüdo və taekvondo üzrə isə 100-dən artıq idmançı qeydiyyatdan keçib.
Xüsusi diqqətçəkən məqam odur ki, bu dəfə yarışlar təkcə Bakı ilə məhdudlaşmır. Oyunlar Azərbaycanın yeddi müxtəlif şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Bu da respublikanın müxtəlif bölgələrinin idman, infrastruktur və turizm imkanlarının həm MDB məkanı, həm də beynəlxalq aləmdə tanıdılması baxımından mühüm fürsət olacaq.
Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri üçün qeydiyyat aparılır. İkinci mərhələdə isə oyunlara xüsusi dəvət əsasında MDB-yə üzv olmayan ölkələrin də qatılması gözlənilir. Ümumilikdə isə yarışlara dünyanın 23 ölkəsindən 5500-dən çox iştirakçının cəlb olunacağı planlaşdırılır.
Bu Oyunlar həm idman diplomatiyası baxımından, həm də Azərbaycanın regional liderliyini və təşkilatçılıq bacarığını göstərmək baxımından mühüm hadisədir. Bu turnir təkcə idman yarışı deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə imicinin gücləndirilməsi üçün önəmli platforma olacaq.
Comments are closed.