Litva paytaxtı Vilnyusda ZƏFƏR GÜNÜ münasibətilə Azərbaycan səfirliyində təntənəli mərasim keçirilib – FOTO

0

Dünən Litva paytaxtı Vilnyusda bu ölkədəki səfirliyimizin Zəfər Günü münasibətilə təşkil etdiyi təntənəli mərasimdə iştirak etdik. Vilnyusun ən möhtəşəm binası olan Ratuşada keçirilən tədbirdə səfirimiz Tamerlan Qarayev, Litvada akkreditə olunmuş səfirliklərin rəhbərləri, parlamentin deputatları – Rimante Şalaşeviçiute, Algirdas Sisas və Aidas Gedvilas, yerli ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri də iştirak edirdi. Müasir tariximizin ən əlamətdar günü ilə bağlı mərasimdə həmişə olduğu kimi yenə də qardaş Türkiyənin səfiri Gökhan Turan bizimlə idi.

Tədbirin gedişində iki maraqlı şəxslə tanış oldum. Litvalı hərbi jurnalist Riçardas Lapaidisi Azərbaycanda hər kəs tanıyır. Onun “Sonsuz dəhliz” sənədli filminin Xocalı qətliamı barədə dünyanın məlumatlandırılması istiqamətində önəmli rolu olub. Lapaidis Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunub. Orden tədbirdə litvalı jurnalistə təqdim edildi.

Tanış olduğum ikinci şəxs qazimiz mayor Fəxrəddin Ağayevdir. Vətən müharibəsinin iştirakçısı hazırda Litvada təhsil alır. Onunla xeyli söhbət etdik.

Baltik Assambleyasının Vilnyusda keçirilən sammitində iştirakımız çərçivəsində görüşlərimiz davam edir. Səfirliyimizin təşkil etdiyi Zəfər Günü mərasimi qalib xalqın nümayəndələri kimi bizdə xoş əhval yaratdı. Bu günləri bizə şəhidlərimiz və qazilərimiz bəxş edib. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!
Elnur ALLAHVERDİYEV

Mİllət Vəkili

Leave A Reply

Your email address will not be published.

Tərcümə »