Bakı Məhkəmə Kompleksində tarixi baxımdan ibrətamiz, haqlı olaraq “Nürnberq prosesi”nə bərabər tutulan məhkəmə dinləmələri keçirilir.
Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsündə Ruben Vardanyan oturdulub. O, susur, ifadə verməkdən imtina edir.
Danışanlar isə həm də onun qurbanlarıdır. Ruben Vardanyan Qarabağ işğal altında olduğu müddətdə mina əkinçiliyinə milyonlar xərcləyib. Ağlına da gətirməyib ki, gün gələcək, cinayətkar əməllərinin qurbanları ilə üz-üzə, göz-gözə qalacaq. Onlar məhkəmə zalına qoltuqağacları, protezləri, bəzən də arabaları ilə gəlirlər. Məhkəmə zalına gətirdikləri tək şey bədənlərindəki izlər deyil – Ruben Vardanyanın şəcərəsinə qanla yazılan taleləridir. Hər biri bir hekayədir, hər biri bir cinayətin canlı sübutudur.
Müttəhim Ruben Vardanyan tərcüməçi, özünün seçdiyi müdafiəçi ilə təmin olunub. Hazırda prosesdə zərərçəkənlərin dinlənilməsi mərhələsidir.
Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib. Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub. İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib. Müttəhim özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. Müttəhim Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Comments are closed.