Cənubi Qafqaz üçün yeni dönəm başlayır

Ötən gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi Cənubi Qafqazda yeni dönəmin başladığını göstərir. Görüşə Gürcüstan tərəfi ev sahibliyi və moderatorluq etsə də, lakin bu görüşün əsas təşəbbüskarı Azərbaycan olub. Bu günlərdə Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə ilk rəsmi səfəri çərçivəsində prezidentlərin mətbuata birgə bəyanatı zamanı Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilib. Lakin Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm də Azərbaycan öz töhfəsini verir.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də öz növbəsində bölgədə dialoq və dayanıqlı sülh mühitinin bərqərar olunmasının Cənubi Qafqazın gələcək inkişafı üçün vacib olduğunu vurğuladı. Ancaq çox təəssüf ki, Ermənistanın yürütdüyü destruktiv və təcavüzkar siyasət üzündən son 33 ildə Cənubi Qafqaz birlik və həmrəylik bölgəsi kimi yox, potensial münaqişə ocağı kimi daim gündəmdə olub.

Azərbaycan isə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra “3+3” formatında regional əməkdaşlıq modelini təklif edib. Hazırda isə, rəsmi Bakı “3+3” formatına paralel olaraq, üç Cənubi Qafqaz ölkəsinin dialoqu əsasında “Qafqaz evi”nin yaradılması ideyasını da gündəmə gətirir. Bunun üçün yetər ki, Ermənistan özünün ənənəvi destruktiv siyasətindən əl çəksin. Bu məqamı Prezident İlham Əliyev də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda xüsusi olaraq vurğuladı və bildirdi ki, Ermənistanın dağıdıcı siyasəti olmasa, “Qafqaz evi”ni yaratmaq mümkündür. Bu mənada, ötən gün Tbilisidə baş tutan üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin görüşünü “Qafqaz evi”nin yaradılması istiqamətində atılan ilk kövrək addım hesab etmək olar.

Nəzərə almalıyıq ki, Cənubi Qafqaz mühüm strateji əhəmiyyət kəsb edən regiondur və üçtərəfli əməkdaşlıq son dərəcə zəruridir. Tbilisidə qapalı formatda keçirilən dünənki görüşün məqsədi regionun firavanlığı, sabitliyi və davamlı inkişafı naminə ölkələr arasında qarşılıqlı faydalı, praktiki, üçtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək sahələr üzrə üç ölkənin ümumi maraqlarını və fikirlərini bölüşmək, təklif və ideyaları birlikdə müzakirə etməkdir. Bu məqsədə uyğun olaraq görüş zamanı üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığının qurulması üçün mövcud imkanlar müzakirə olunub və mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib ki, region ölkələri gələcəkdə bir sıra məsələlərə münasibətdə birgə yanaşmaları inkişaf etdirə bilsinlər.

Ümid edək ki, üç ölkənin xarici işlər nazirlikləri arasında üçtərəfli görüşlərin keçirilməsi bundan sonra davamlı xarakter alacaq. Üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək üçün növbəti görüşlərin keçirilməsi vacibdir. Əsas odur ki, “Qafqaz evi”nin ideyadan gerçəkliyə çevrilməsi üçün ilk addım atıldı. Azərbaycan və Gürcüstan Ermənistanı da yedəyinə alaraq bu prosesi uğurla davam etdirə bilər. Kənar müdaxilələri neytrallaşdırmaq da öz iradəmizdən asılıdır. Bölgənin strateji rolu və potensialı pozitiv düşünməyimizə əsas verir. Cənubi Qafqaz üçün yeni dönəm başlayır. Aparıcı ölkə missiyası isə Azərbaycanın üzərinə düşür.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »