Malayziya XİN başçısının müavini: Azərbaycanın D-8-ə üzvlüyü təşkilat qarşısında yeni perspektivlər açacaq – MÜSAHİBƏ

Azərbaycan hər il beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir, əməkdaşlıq üçün cəlbedici tərəfdaşa çevrilir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr Cənubi Qafqaz regionunda özünü mühüm oyunçu kimi təsdiqləyən Azərbaycanla əlaqələrin qurulmasına və genişləndirilməsinə maraq göstərir. Bir çoxları nəinki Bakı ilə sıx qarşılıqlı əlaqə qurmağa, həm də “odlar ölkəsi” kimi tanınan ölkənin uğurlu təcrübəsini öyrənməyə can atır.

Belə ölkələrdən biri də Malayziyadır. Bu ölkənin xarici işlər nazirinin müavini Datuk Mohamad Alaminin Bakıya səfəri Kuala-Lumpurun ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bir daha təsdiqlədi.

Malayziyalı diplomat “Report”a müsahibəsində iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri, səfərinin məqsədləri barədə danışıb, həmçinin həm diplomatik, həm də iqtisadi səviyyədə münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

– Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

– 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından bəri Malayziya və Azərbaycanı möhkəm və dostluq əlaqələri birləşdirir. Tərəfdaşlığımız qarşılıqlı hörmət, müdaxilə etməmə prinsipi və çoxtərəfli yanaşmaya qəti sadiqlik kimi ortaq dəyərlər üzərində qurulub. Uzun illərdir ki, biz güclü siyasi münasibətlərimizi qoruyub saxlayır və beynəlxalq platformalarda fəal əməkdaşlıq edirik.

Biz gələcəyə nikbinliklə baxaraq bir sıra mühüm istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanlar görürük. İqtisadi əməkdaşlıq sahəsində – ilk növbədə, ticarət, investisiya və “halal” sənaye sahələrində xüsusi perspektivlər yaranır. Bununla yanaşı, elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, o cümlədən birgə tədqiqatlar, texniki təlim və akademik mobillik mühüm istiqamət olaraq qalır.

Böyük önəm verdiyimiz daha bir istiqamət isə insanlar arasında əlaqələrdir. Mədəni diplomatiya və İslam turizminin inkişafı cəmiyyətlərimizin yaxınlaşması və qarşılıqlı anlaşmanın gücləndirilməsinə şərait yaradır.

Tərəfdaşlığımızın gələcəyini formalaşdırdıqca, ikitərəfli sazişlərin bağlanması, işçi komitələrin və digər struktur alətlərin yaradılması vasitəsilə əməkdaşlığın institusional mexanizmlərini gücləndirməyi davam etdirmək vacibdir. Əminəm ki, davamlı dialoq və qarşılıqlı xoş məramlılıq şəraitində Malayziya ilə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək və dərinləşəcək.

– Məlumata görə, Azərbaycana səfərinizin əsas məqsədi siyasi məsləhətləşmələrin keçirilməsidir. Onların məzmunu və müzakirələrin əsas mövzuları barədə bir qədər ətraflı danışa bilərsinizmi?

– İlk növbədə qeyd etmək istərdim ki, siyasi məsləhətləşmələrin əsas məqsədi Malayziya və Azərbaycan arasında davamlı və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsidir. Uzun illər ərzində ölkələrimiz, artıq qeyd olunduğu kimi, diplomatiya, ticarət, təhsil və mədəni mübadilə sahələrində uğurla qarşılıqlı fəaliyyət göstərib. Bu gün biz əməkdaşlığın bu möhkəm təməlini daha da inkişaf etdirməyə çalışırıq.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüş zamanı biz qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini müəyyənləşdirdik, həmçinin mövcud tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi yollarını nəzərdən keçirdik. Xüsusi diqqət iqtisadi əməkdaşlığın, əsasən də ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinə və enerji, kənd təsərrüfatı və qabaqcıl texnologiyalar kimi əsas sektorların potensialının araşdırılmasına yönəldilib.

Danışıqlar zamanı həmçinin regional və qlobal çağırışlara birgə cavab vermə yolları nəzərdən keçirilib, çoxtərəflilik prinsiplərinə və beynəlxalq tərəfdaşlığın əhəmiyyətinə sadiqliyimiz təsdiqlənib. Bununla yanaşı, biz mədəni əlaqələrin möhkəmləndirilməsinə, insanlar arasında təmasların genişləndirilməsinə və beynəlxalq platformalarda əməkdaşlığın dərinləşdirilməsinə önəm veririk.

Məsləhətləşmələrin gözlənilən nəticələri konkret razılaşmaların əldə edilməsi, eləcə də əməkdaşlığın institutlaşdırılmasına və ona daha böyük strateji dərinlik verilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi olub.

Nəticə etibarilə, ümumi məqsədimiz həm ölkələrimizdə, həm də daha geniş regional kontekstdə sülhə, sabitliyə və rifaha töhfə verən qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasını davam etdirməkdir.

– Sizcə, Azərbaycan və Malayziya arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün hansı sahələrdə daha çox potensial mövcuddur?

– 2024-cü ildə Malayziya və Azərbaycan arasında ticarət dövriyyəsi yüksək göstəricilərə çatıb – Malayziyanın Azərbaycana ixracı 24,93 milyon dollar, idxalı isə 0,97 milyon dollar təşkil edib. Bu göstəricilər ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu təsdiqləyir. Malayziya Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş səylərə dəstək verməyə sadiq qalır.

Əməkdaşlıq potensial istiqamətlərinə gəlincə, aşağıdakı sektorları vurğulamaq istərdim.

İlk növbədə, neft-qaz sektoru. Əhəmiyyətli karbohidrogen ehtiyatlarına və inkişaf etmiş enerji infrastrukturuna malik olan Azərbaycan qlobal neft-qaz sənayesində mühüm yer tutur. Kəşfiyyat, hasilat və neft-qaz sektorunda qabaqcıl texnologiyaların tətbiqi sahəsində geniş təcrübəyə malik olan Malayziya şirkətləri Azərbaycanın enerji layihələrində iştirak etmək üçün bütün lazımi potensiala malikdir. Əməkdaşlıq imkanlarına neft-qaz kəşfiyyatı və hasilatı sahəsində layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan şirkətləri ilə tərəfdaşlıqların, birgə müəssisələrin və strateji alyansların yaradılması daxildir.

Digər sahə bərpa olunan enerji mənbələri (BOEM) ilə bağlıdır. Malayziya dayanıqlı enerji mənbələrinin, xüsusilə günəş enerjisi və bioyanacağın inkişafına böyük önəm verir. Azərbaycanın külək və günəş enerjisinin inkişafı hesabına öz enerji balansını şaxələndirməyə can atması şəraitində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açılır. Ölkələrimiz arasında tərəfdaşlıq birgə elmi tədqiqatlar, texnologiyaların ötürülməsi və bərpa olunan enerji mənbələri sahəsində layihələrə investisiya qoyuluşu istiqamətlərində xüsusilə səmərəli ola bilər.

Həmçinin taxta materialları və ağac məhsullarının tədarükünü qeyd etmək olar. 2024-cü ildə Azərbaycan ağac məhsullarının idxalını əhəmiyyətli dərəcədə artırıb. Bu artım Azərbaycanın tikinti və şəhərsalma sektorlarının inkişafı nəticəsində tələbatın artmasını, həmçinin əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsini əks etdirir.

Dünyada ağac məmulatları və mebel tədarükçüsü olan Malayziya bu tələbatı ödəmək üçün bütün imkanlara malikdir. Azərbaycan bu sektorda malayziyalı ixracatçıların təcrübəsindən, o cümlədən müxtəlif materialların, ağac məmulatlarının və mebellərin tədarükündən faydalana bilər.

Həm Malayziya, həm də Azərbaycan zəngin mədəni irsə, unikal tarixə və təsirli təbii landşaftlara malikdir. Bu da hər iki ölkəni turistlər üçün cəlbedici istiqamətə çevirir.

Bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün turizm infrastrukturunun inkişafı və xidmət keyfiyyətinin artırılması da daxil olmaqla əhəmiyyətli potensial mövcuddur. Bu məqsədə çatmaq üçün ölkələrimiz arasında hava əlaqələrinin yaxşılaşdırılmasına, rəqəmsal turizmin inkişafına, turizm istiqamətlərinin marketinqi və təşviqi üzrə birgə proqramların həyata keçirilməsinə diqqət yetirmək vacibdir. Eyni zamanda, mehmanxana idarəçiliyi və xidmət sahəsində təcrübə mübadiləsinə nəzər salmaq lazımdır.

Malayziya və Azərbaycanın tələbə mübadiləsi, elmi-tədqiqat layihələri, peşə təlimi və mədəni proqramlar vasitəsilə təhsil sahəsində tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanları var.

Ölkəmiz Cənub-Şərqi Asiyada tanınmış təhsil mərkəzlərindən biridir ki, bu da Azərbaycan üçün cəlbedici ola bilər.

Hesab edirik ki, Azərbaycan Malayziya şirkətləri üçün cəlbedici bir istiqamət olacaq.

Bundan əlavə, Malayziya, hər iki ölkəyə məxsus şirkətləri davamlı və uzunmüddətli tərəfdaşlıq qurmaq üçün qarşılıqlı faydalı imkanlardan aktiv şəkildə istifadə etməyə təkidlə çağırır.

– Yaxın gələcəkdə Azərbaycan rəsmilərinin Malayziyaya cavab səfərləri, eləcə də digər yüksək səviyyəli ikitərəfli görüşlər planlaşdırılırmı?

– Malayziya həmişə ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin keçirilməsi imkanını dəstəkləyir. Mən özümlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova Malayziya XİN başçısının Kuala-Lumpura səfər dəvətini gətirmişəm.

Biz Azərbaycanın xarici işlər nazirini ölkəmizdə qəbul etməyi səbirsizliklə gözləyirik, çünki belə səfərlər ümumi siyasi iradəmizi əməkdaşlıq üzrə real fəaliyyətlərə çevirmək üçün mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər Malayziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək və əməkdaşlığımızı dərinləşdirəcək.

– Azərbaycan yaxın zamanda İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulub. Kuala-Lumpur bu çoxtərəfli platforma çərçivəsində Bakı ilə necə əməkdaşlıq etməyi planlaşdırır?

– Malayziya D-8-in yeni üzvü olan Azərbaycanı səmimiyyətlə salamlayır. Bu, D-8-in çoxtərəfli əməkdaşlıq platforması kimi artan cəlbediciliyini və əhəmiyyətini nümayiş etdirir.

Biz hesab edirik ki, Azərbaycanın üzvlüyü ticarət, enerji, nəqliyyat, turizm, ərzaq təhlükəsizliyi, kiçik və orta biznes kimi prioritet sahələrdə dəyərli perspektivlər təqdim edərək təşkilatı əhəmiyyətli dərəcədə zənginləşdirəcək.

D-8 təşkilatının üzvlərinə təklif etdiyi preferensial ticarət, gömrük və viza məsələləri üzrə sazişlər, həmçinin Azərbaycanın 2024-cü ildə COP29-a sədrliyi zamanı müstəsna liderliyi iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər və imkanlar açır.

Malayziya enerji, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf kimi əhəmiyyətli sektorlar da daxil olmaqla, bütün sahələrdə potensial əməkdaşlığın genişləndirilməsinə ümidvardır. Bu isə hər iki dövlətə qarşılıqlı fayda gətirəcək.

Comments are closed.

Tərcümə »