Boşanmalara görə Avropada “bürünc medal”çı olduq

Avropa Statistika Bürosunun açıqladığı məlumat ölkəmizdə ailə institutunun vəziyyətinin kritik həddə olduğunu göstərir

Məlum olduğu kimi, son illərdə Azərbaycanda boşanmaların sayında artım qeydə alınır. 2000-ci ildə Azərbaycanda 5 min 478 boşanma qeydə alındığı halda, ötən il bu göstərici 19 min 597 olub. Bu isə o deməkdir ki, son 25 ildə boşanmaların sayı 3,6 dəfə artıb.

Qeyd edək ki, 25 il əvvəl – 2000-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 0,7 olduğu halda, ötən il 2,1-ə yüksəlib. Bakı-xeber.com yazır ki, əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayına görə Azərbaycan Avropa ölkələri arasında ilk sıralarda yer alır. Avropa Statistika Bürosunun (Eurostat) açıqladığı sonuncu məlumata görə, Avropa Birliyində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,6 olub. Avropa Statistika Bürosunun açıqladığı sonuncu məlumata görə, Azərbaycan boşanmaların sayına görə Avropada ilk 3-lükdədir. Bu məlumat vəziyyətin kritik həddə olduğunu bir daha göstərir.

Boşanmalar ailə anlayışını ciddi dərəcədə zədələdiyi kimi, demoqrafik göstəricilərə də mənfi təsir göstərir. Tarixən köklü mental ənənələri, ailə dəyərləri və əxlaqi keyfiyyətləri ilə qonşu xalqlarıdan seçilən azərbaycanlılar arasında evliliklərin azalması və əksinə, boşanma sayının artımı müxtəlif səbəblərlə izah olunur.

Bir çoxları boşanmaların başlıca səbəblərini müasir dövrün dəyişdirdiyi ənənəvi qaydaların sıradan çıxması ilə əlaqələndirsə də, bəzi insanlar boşanmanın sivil cəmiyyətlərdə normal bir seçim olduğunu dilə gətirirlər. Səbəbindən asılı olmayaraq, boşanma daha çox boşanan ailələrdəki uşaqlara mənfi təsir göstərir. Belə ki, araşdırmalara görə, valideynləri boşanmış uşaqlarda psixoloji problemlər, özgüvənsizlik və asosiallıq daha çox nəzərə çarpır.

Gənc ailələrə mənzil bağışlanması hesab edirəm ki, münaqişəli ailələrdə boşanmaların qarşısını alar. Çünki boşanmalar cəmiyyətə bir sosial problemlər gətirir.

qaynarinfo.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Ekspert deyib ki, bu gün Azərbaycanda “boşanma bumu” yaşanır: “Yəni heç vaxt olmadığı qədər boşanma prosesi var. 2024-cü ilin statistikasında qeyd olunurdu ki, 49 508 nikah olub və 21 384 boşanma halı qeydə alınıb. Bu rəqəmlərin əvvəlki illərlə müqayisəli təhlili bizə deməyə əsas verir ki, bəli, bu gün Azərbaycanda boşanma bumu yaşanır. Boşanmalar sanki artıq xroniki hala çevrilib.

Həmçinin sanki mətbuat bundan nə qədər çox yazırsa, bəhs edirsə, bu proses daha da çoxalır. Ona görə də tövsiyəm budur ki, bəlkə media bu mövzunu bir müddət bağlasın, yaxına buraxmasın. Çünki bu haqda yazdıqca boşanmalar körüklənir, çoxalır, insanlar sanki bunu adiləşdirir və normal hal kimi buna üz tutur”.

Sosioloq boşanmaların fərqli səbəblərindən danışıb: “Öncə bunu müşahidələr əsasında onunla əsaslandırıram ki, bu, cəmiyyətin düşüncə transformasiyası ilə bağlıdır. Cəmiyyətimizdə düşüncə transformasiyası Azərbaycanda bugünkü boşanma bumunu şərtləndirən səbəblərdən biridir. Yəni biz vaxtilə ənənəvi, mühafizəkar, konservativ bir cəmiyyət olmuşuq. Buna görə uzun müddət cəmiyyətimizdə ictimai qınaq, sosial nəzarət sərt olduğuna görə boşanmağa bir ailə dramı, faciəsi kimi baxırdılar. Lakin sonralar Azərbaycanda ənənəvi cəmiyyət əsasları sarsıdılmağa başladı, özəlliklə də güc mərkəzlərinin təsiri ilə – yəni feminist, gender bərabərliyi, qadın hüquqları adı altında qadınları kişilərə qarşı qoymağa başladılar. Bu da ailə münaqişələrini şərtləndirdi, ailə münaqişələri də boşanmalara gətirib çıxardı.

Digər səbəb qadınların cəmiyyətdə sosial mobilliyinin artması oldu. Qadınlar artıq evdar qadın statusundan iqtisadi məşğul əhaliyə çevrilməyə başladılar. Qadınlar nə qədər ki, evdar qadın idi, kişi mərkəzli cəmiyyətin qaydalarına uyurdular və boşanmağa maraqlı deyildilər. Çünki boşandıqları təqdirdə onları həm ictimai qınaq, həm də ağır iqtisadi şərait gözləyirdi. Lakin qadınlar özləri, öz ayaqları üzərində dayandıqdan sonra köhnə stereotiplərə, mühafizəkar qaydalara “yox” deməyə başladılar və artıq köhnə qayda ilə yaşamaq istəmədilər. Eləcə də kişilər də qadınları köhnə qayda ilə idarə edə bilmirlər. Bu fonda boşanmalar artıq artmağa başladı.

Statistikanı təhlil edəndə görürük ki, təqribən 4000-5000 arasında “boz boşanma”, yəni 50 yaşdan yuxarı şəxslərin boşanması halları var. Bu, Azərbaycan üçün nadir bir haldır və cəmiyyətdəki düşüncə dəyişikliyi ilə bağlıdır. Köhnə, ənənəvi cəmiyyət stereotipləri əriyir, artıq daha liberal dəyərlər öndədir, insanlar daha eqoist, daha zövqə düşkün həyata meyilləniblər.

Əvvəllər boşanmalar əsasən uşaqsız ailələrdə baş verirdi. Amma bu gün statistikanı təhlil edəndə görürük ki, boşanmalar daha çox uşaqlı ailələrdə baş verir. Yəni insanlar eqoist, ailə və uşaq məsuliyyətindən uzaq yaşamağa meyilləniblər, artıq uşaqlar onları birləşdirici həlqəyə çevirə bilmir.

Ən acınacaqlısı isə budur ki, boşanmaların ən böyük zərbəsi uşaqların taleyinə dəyir. Araşdırmalar göstərir ki, boşanmış ailələrdə böyüyən uşaqların cəmiyyətə inteqrasiyası zamanı ciddi psixoloji və sosial çətinliklər ortaya çıxır. Belə uşaqlar çox zaman natamamlıq kompleksi ilə böyüyür, özlərini “yarımçıq” hiss edirlər. Bu isə bəzən onların cəmiyyətə qarşı kinli, qəzəbli və üsyankar bir fərd kimi formalaşmasına gətirib çıxarır.Hesab edirəm ki, yaxın və orta perspektivdə artım tempi hələ də müşahidə olunacaq. Çünki bu proses bum səciyyəsi daşıyır”.

Bəs boşanmaların qarşısını almaq üçün nə etməliyik?

Ekspertin dedikləri:  “Çox təəssüf ki, bu gün KİV-lərdə daha çox boşanmış qadınların təmtəraqlı həyatı təqdim olunur. Yəni aysberqin görünməyən tərəfləri deyil, görünən tərəfləri təqdim olunur. Hətta bəzi məşhur boşanmış insanlar cəmiyyətə neqativ mesaj ötürür, boşanmaları təbliğ edir. Məsələn, bu günlərdə telekanalların birində tanınmış müğənni boşandığını və hətta boşanmamışdan öncə də ərinə xəyanət etdiyini sanki bir qürurla qeyd edirdi. Bu da neqativ mesajdır. Belə mesajlar niyə efirlərdən cəmiyyətə ötürülməlidir? Yəni bir tərəfdən mətbuat bu problemlərə işıq salır, digər tərəfdən isə bu problemlərə şərait yaradan bir sistemə çevrilir. Artıq ölkəmizdə də qəribə və təəssüf doğuran bir “trend” yayılmaqdadır: boşanma partiləri. Türkiyədən və bəzi Avropa ölkələrindən “idxal” edilən bu dəb ailə institutuna qarşı açıq-aşkar bir hörmətsizlikdir. Ailə dağıldıqdan sonra bunu şənliklə qeyd etmək, sanki bir uğur qazanmış kimi təntənə ilə qeyd etməyin nə mənəvi, nə də sosial izahı var. Bu cür hallar nəinki təbliğ olunmamalı, hətta ictimai qınağa tuş gəlməlidir. Əvəzində isə efirlərimizdə örnək ailələrin portretləri təqdim olunmalıdır. Ailə dəyərləri cəmiyyətə aşılanmalı, sevgi, sədaqət və qarşılıqlı anlayış kimi fundamental prinsiplər ön plana çəkilməlidir. Çünki cəmiyyətin təməli ailədən başlayır – o təməl nə qədər möhkəm olarsa, gələcək də bir o qədər sağlam olar”.

Comments are closed.

Tərcümə »