Ankarada yaşayan Zilan Özdəmir, 16 yaşında olarkən mavi əqrəb yetişdirmək qərarına gəlib. Türkiyə Meşə və Kənd Təsərrüfatı Nazirliyindən 2 il ərzində lazımi icazələri və sertifikatları alan Özdəmir, 18 yaşına çatanda 3 min mavi əqrəbi kiçik bir otaqda bəsləyir. O, xüsusilə xərçəng müalicəsi və nevroloji xəstəliklər üçün faydalı olan əqrəb zəhərini hər həftə sağaraq istifadə edir.
Musavat.com İHA-ya istinadən xəbər verir ki, Özdəmir əqrəblərdən sağdığı zəhri kub şəkərin üzərinə damladaraq həftədə bir dəfə istifadə edir.
“Xərçəng müalicəsində əqrəb zəhərindən istifadə olunur”
İHA müxbirinə danışan Özdəmir, “YouTube”da Harran Universitetinin apardığı tədqiqatlardan təsirləndiyini bildirib:
“Əqrəb zəhərindən xərçəngin müalicəsində istifadə olunur. Araşdırmalarımı davam etdirərək onun Kubada hazırlandığını öyrəndim. Sonra fikirləşdim ki, əqrəblərin vətəni Mesopotamiyadır, bəs niyə Türkiyədə də belə bir iş görmürük? Ailəmlə danışdım və inanılmaz dəstək oldular”.
Mesopotamiyada yayılmış qara əqrəb ultrabənövşəyi işıq altında mavi rəngdə parladığı üçün “mavi əqrəb” adlanır. Özdəmir hal-hazırda iki növ əqrəb bəslədiyini qeyd edərək bildirib:
“Onları müəyyən bir temperaturda saxlamaq lazımdır. Mavi və sarı əqrəbə görə təxminən 12 ilə 27 dərəcə arasında dəyişir. Bizdə iki növ var: sarı və mavi əqrəb. Gübrəli torpaq istifadə edirik. Həftədə bir dəfə su veririk – çox su içmirlər. Canlı yem (həşərat, çəyirtkə) veririk, onlar da özləri ovlayaraq yeyirlər”.
Özdəmir işə başlayanda çox qorxduğunu etiraf edib: “Əqrəblərlə daimi təmasdasınız. Üstəlik, zəhəri özümüz istehsal edib yeyirik. 3 min əqrəbin arasında olmaq qorxuducudur, amma bir müddət sonra alışırsan. Yeganə çətinlik onların ölməsidir – ölənləri görəndə ələ ala bilmirəm. Bunun xaricində heç bir çətinlik yoxdur”.
O, əqrəblərin saxlandığı otaqların xüsusi şəraitə malik olması lazım olduğunu vurğulayıb: “Tavan hündür olmalıdır. Şəhər mərkəzindən uzaq bir yer seçdik, çünki orada 3 metrlik hündürlük təmin edə bilməzdik. Əqrəblərin qaçmasının qarşısını almaq üçün döşəmə kirəmitlə örtülməlidir. Zəlzələ riskinə qarşı otaq tamamilə təhlükəsiz olmalıdır”.
“Ağciyər ləkəsini belə aradan qaldıra bilir”
Özdəmir elmə töhfə vermək istədiklərini bildirib: “Xərçəng müalicə oluna bilir, amma əqrəb zəhəri daha çox xəstəliyə şəfa ola bilər. Özümüz sınayıb gördük – ağciyər ləkəsini belə aradan qaldıra bilir”.
Özdəmir sözlərini belə tamamlayıb: “Biz həftədə bir dəfə əqrəb zəhərini sağırıb istifadə edirik. Bu üsul daha faydalıdır. Zaman keçdikcə dozanı azaldırıq – iki həftədə bir, üç həftədə bir, nəhayət ayda birə endiririk. Xərçəng, sinir sistemi pozuntuları, beyin və bağırsaq florası kimi problemləri müalicə edir”.
Türkiyədə əqrəb yetişdirilməsi
Türkiyədə əqrəb yetişdirmə müəssisələrinin qurulması prosesi yerli və milli qaydalara, icazələrə və nəzarətə tabedir. Türkiyə Meşə və Kənd Təsərrüfatı Nazirliyinin qaydaları əsasında bu sahədə işlər sürətlənib. Müəssisə qurma icazələri, “Əqrəb Təsisi Texniki Şərtləri” çərçivəsində hüquqi və fiziki şəxslərin müraciəti əsasında qiymətləndirilir.
Layihə faylı üzrə aparılan qiymətləndirmədən sonra Heyvandarlıq Baş İdarəsi tərəfindən “layihə uyğunluq qərarı” verilir. Bu çərçivədə indiyə qədər Şanlıurfa, Konya, Elazığ, Ankara, Antalya, Qaziantəp və Mərdin də daxil olmaqla cəmi 86 müəssisəyə texniki baxımdan icazə verilib.
Comments are closed.