20-ci əsrin ikinci yarısı Azərbaycan tibb elminin, o cümlədən oftalmologiya sahəsinin inkişafında əsl sıçrayış dövrü sayılır. Oftalmologiya elminin inkişafında xüsusi əməyi və xidmətləri olan görkəmli şəxsiyyətlərimizdən, böyük alimlərimizdən biri də akademik Zərifə Əliyevadır. Bu gün Zərifə xanımın anım günüdür. Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Xalqımızın sağlam gələcəyi üçün öz zəhmətini əsirgəməyən bu işıqlı şəxsiyyətin tibb elmindəki xidmətləri bu gün də müsbət nəticələrini göstərməyə davam edir.
Akademik Zərifə Əliyeva saysız-hesabsız insanların görmə qabiliyyətlərinin bərpa olunmasında bilavasitə yaxından iştirak etməklə yanaşı, Azərbaycan oftalmologiyasında bir sıra fundamental tədqiqatlara da imza atıb. Uzun illər ərzində Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışan Zərifə xanım bir çox yeniliklərin tətbiqinə nail olmaqla Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayıb. O, öz dövrünün beynəlxalq elmi mühitində yeni yanaşmaları ilə, praktik ideyaları ilə tanınan oftalmoloq alimlərdən biri olub. Onun elmi əsərləri, monoqrafiya və məqalələri müxtəlif xarici jurnallarda dərc olunub, beynəlxalq simpozium və konfranslarda təqdim edilib. Ümumilikdə, akademik Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və ya həmmüəllifidir.
Z.Əliyeva uzunmüddətli elmi-praktik araşdırmaları nəticəsində xüsusilə peşə-göz xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində yeni yanaşmalar təqdim edib, eləcə də əmək şəraiti ilə bağlı oftalmoloji risklərə dair müasir konsepsiyalar irəli sürüb. O, xəstələrin müalicəsinə kompleks şəkildə yanaşırdı. Zərifə xanımın tədqiqatlarının əsas hədəfi təkcə pasiyentlərin görmə qabiliyyətinin bərpası yox, həm də onların sosial rifahına töhfə vermək idi. Xüsusən də ağır istehsalat sahələrində işləyən insanların göz sağlamlığı məsələsini Zərifə xanım daim diqqət mərkəzində saxlayırdı. Göz xəstəliklərinin müalicəsinə bu cür inqilabi yanaşması onu bir çox tədqiqatçı-oftalmoloqlardan fərqləndirirdi. Bu mənada, akademik Zərifə Əliyeva elmi tədqiqatları laboratoriya çərçivələrindən çıxarıb real həyatın içinə daşıyan yenilikçi alim kimi tanınırdı. Onun rəhbərliyi ilə, həmçinin, oftalmoloji cihazların təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi sahəsində mühüm nəticələr əldə olunub.
Oftalmologiyada müasir texnologiyaların tətbiqi, göz xəstəliklərinin erkən diaqnostikası və profilaktikası sahəsində bir çox yeniliklərə imza atan Zərifə Əliyevanın elmi məqalə və monoqrafiyaları bu gün də tez-tez istinad olunan dəyərli mənbələr hesab olunur. Eyni zamanda, akademik Zərifə Əliyeva elmi fəaliyyətlə yanaşı, pedaqoji sahədə də yorulmadan fəaliyyət göstərərək, bir çox gənc mütəxəssislərin yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi ilə çox sayda dissertasiya işləri müdafiə olunub. Zərifə xanımın elmi prinsiplərindən bəhrələnərək uğurlu karyera yolu keçən bir çox oftalmoloqlar bu gün də göz xəstəliklərinin erkən mərhələdə aşkarlanması və müalicə edilməsində fəallıq göstərirlər.
Zərifə xanım Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olmaqla həm də böyük bir ictimai-siyasi missiyanın daşıyıcısı olub. O, bu missiyanı yüksək ləyaqətlə daşıdı, Ulu Öndərin həm sirdaşı, həm də ən yaxın silahdaşı oldu. Zərifə xanımın yüksək insani keyfiyyətlərini Ulu Öndər Heydər Əliyev öz çıxışlarından birində belə qeyd edib: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. İnsanlara işıq bəxş edən, əsl ziyalı kimi mənalı ömür yolu keçən akademik Zərifə Əliyevanın işıqlı xatirəsi hər zaman yaddaşlarda yaşayacaq. Hörmət və ehtiramla anırıq!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.