Şakir Nəsirov: Doğma Vətənim, Bakı, Lənkəran, qohum-əqraba, dost-tanış üçün darıxıram (FOTO)

0

Son iyirmi dörd il ərzində böyük Rusiyanın ən ucqar bölgələrinə belə səfərlərim olub. Qabaqcıl, alim həmvətənlərimizlə, onların diaspor təşkilatlarının rəhbərləri, fəalları ilə görüşmüş, diasporumuzun altmış adda mətbuat nümunələrini toplamış, bu barədəvə xeyli sayda kitab, yüzlərlə məqalə, bir neçə elmi əsər yazıb çap etdirmişəm.

Görüşdüyüm bu soydaşlarımız arasında rast gəldiyim yaxşıların yaxşısı haqqında son zamanlar ayrıca məqalələr yazır və oxucuların mühakiməsinə verirəm. Vətənpərvər oğul və qızlarımızın doğma respublikamızda da yaxından tanınmasına çalışmışam. Bu məqaləmdə, qürbət ellərdə tanıdığım yaxşılar sırasında, ən müsbət insani keyfiyyətləri özündə cəmləşdirən, dəyərli həmyerlilərimizdən biri barəsində söz açacam. Şakir Əlihüseyn oğlu Nəsirov. 1968-ci ildə Lənkəran rayonunun Separadı kəndində dünyaya gəlib. O, doğma rayonda orta təhsil aldıqdan sonra, 1986-1988-ci illərdə Sakit okean donanmasının pexota hissələrində hərbi xidmətə yollanıb. Onun xidmətinin əsas hissəsi Əlcəzair, Vyetnam kimi ölkələrdə və Afrika qitəsində keçmişdir.

Ehtiyata buraxıldıqdan sonra, gənc Şakir doğulub boya-başa çatdığı kəndə qayıdaraq komsomolun 50 illiyi adına sovxozda çalışmış, bir neçə dəfə ali məktəbə sənədlərini təqdim etsə də qəbul ola bilməmişdir. Onun qabiliyyətini, ali təhsil almaq həvəsini bilən sovxoz rəhbəri Rusiya ali məktəblərinə sənəd verməyi təklif etmişdir. Ş.Nəsirov bu sevindirici təşəbbüslə razılaşır, Tümen Dövlət Universitetinin (TQU) dəvətilə bura gəlir və həmin elm ocağına qəbul imtahanları verir, lakin konkursdan keçmir. Hazırlıq kurslarında oxuduqdan sonra, uğurla qəbul imtahanları verir, 1992-1999-cu illərdə tarix fakultəsində qiyabi təhsil alır, eyni zamanda Tümen şəhər müəssisələrinin birində fəhlə işləyir. Hələ tələbəlik illərində onun yazıb-yaratmaq həvəsi, elmə coşqun münasibəti, müəllimlərinə yüksək hörmət və ehtiramı, ictimai fəallığı, pedaqoji kollektiv və tələbə yoldaşları arasında yaxşı mənada əks-səda doğurur. Bu barədə bir qədər sonra ətraflı söhbət açacam. Hələliksə bildirirəm ki, 1996-cı ildən o, Moskva əyani-qiyabi menecer məktəbində də təhsilini artırır, iqtisadçı-mühasib ixtisası alır.

Kamil mütəxəssis kimi, ixtisası üzrə fəaliyyətə başlayır, peşəkar kimi tanınır. Şakir müəllim əldə etdiyi nailiyyətlərlə arxayınlaşmır, aspiranturaya daxil olur, dissertasiya müdafiə edir, siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülür. O, ictimai işlərdən də kənarda qalmır, Tümendə diaspor hərəkatında fəal iştirak edir. Şakir Nəsirovun vətənpərvərliyinə, səmimiyyətinə, alicənablığına milli diaspor icmamız da yüksək qiymət verir. Fədakar xanım Esmira Şükürovanın Tümendə təsis etdiyi və baş redaktoru olduğu “Dostluq – Drujba” qəzetində (N4, 17.01.2002), oradakı Azərbaycan diaspor təşkilatının idarə heyətinin qəhrəmanımıza ünvanlanmış bir təbrik müraciətindən, eləcə də Şakir müəllimin həmin qəzetdə təqdim edilmiş şeirindən dediklərimizin təsdiqini əyani görmək mümkündür. Burda oxuyuruq: “Hörmətli Şakir müəllim! Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik və Sizə dünyanın ən dəyərli neməti olan can sağlığı arzulayırıq.

Quş qanadla uçar, insan arzuyla – deyib atalar. Siz də Allahın köməyi ilə öz əsrarəngiz arzularınızın qanadlarında göylərə ucalaraq ən yüksək zirvələri fəth edəsiniz, ən ali uğurlar qazanasınız. Qoy qazandığınız uğurlar tək özünə, ailənə, qohum-qardaşa deyil, bütün xalqımıza xoşbəxtlik, səadət bəxş etsin”. Bu qəzetdə Şakir Nəsirovun “Dünya Azərbaycanlılarına” adlı bir şeiri də təqdim olunub. Həmin şeirin son hissəsini bir yerdə oxuyaq: Həmrəyləşək, birləşək, Vaxt gəlibdir, söz verək Can deyib, can eşidək, Qanlıdır torpağımız, Düşmənə qan udduraq Vətəni azadlığa çıxaraq, Nəfəs alsın ana torpaq, Şakirəm, sözüm kəskin, Ayrılığın dərdi çətin, Sinə gərək, hamı mətin. Bəli, göründüyü kimi, Şakir müəllim müəyyən qədər yaradıcılıqla da məşğul olan, poeziyaya meyili bir insandır. Onun qəlbindən, ürəyindən qopub gələn istəklərdən, arzulardan, diləklərdən bir daha aşkar sezilir ki, o Ana Vətəni, doğulub boya-başa çatdığı torpağı nəinki unutmur, əksinə, el-obanın, ata yurdunun acısı-ağrılarilə yaşayır, nəfəs alır, bədbinliyə də qapılmır, gələcəyə nikbin baxır. Özü də, bu onun otuz iki yaşında olduğu dövrdə söylədiyi fikirlərdir. Bu gün dostumuz əlli dörd yaşın astanasındadır və dünyaya baxışı da yetkin vətəndaş mövqeyindən süzülüb gəlir. Şakir Nəsirovu bir qədər yaxından tanıyan insanlar yaxşı bilirlər, o, dostluğa da, ətrafdakı insanlara doğma münasibət bəsləməyi, valideyinlərinə, yaxınlarına, müəllimlərinə diqqət və hörmətlə yanaşmağı özünə övlad, vətəndaş, dost, ziyalı kimi borc bilir. Lənkərana gələndə, mütləq bir zamanlar ona dərs demiş müəllimlərini ziyarət edir. İmkanı daxilində ehtiyacı olanlara qayğı göstərir, yardım edir. Uşaqlıq dostlarını, sinif yoldaşlarını da unutmur.

Ş. Nəsirov Tümendə ali məktəbdə ona dərs deyən müəllimlərini də unutmur. Onlara, öz doğmaları kimi hörmət və ehtiramla yanaşır. Yaradıcılıq səfərlərim zamanı Tümendə olduğum günlərdə Şakir müəllimin bələdçiliyilə, bir çox soydaşlarımızla görüşmüşəm, sonra isə kitablarımda onlar haqqında məqalələr yazmışam. Son vaxtlar isə, Şakir Nəsirovun böyük hörmət bəslədiyi, beynəlmiləlçi alim-müəllimləri ilə də həmsöhbət oldum. Məsələn, biologiya elmləri doktoru Aleksandr Aleksandroviç Baranov və onun ömür-gün yoldaşı, biologiya elmləri doktoru Lidiya Nesterovna Surina, elmlər namizədi Lyubov Vladimirovna Şatskix və başqa ziyalı insanlarla səmimi görüşlərimiz olub. Onların hər biri barəsində rus dilində çap olunmuş “İsti küləklər: Bakı-Moskva” (Bakı-2019) adlı kitabımda ətraflı yazmışam. Bu elm adamları Şakir müəllimi özlərinə doğma adam, yaxın insan, əziz, sevimli dost bilirlər. Onlar qeyd edir ki, ən çətin anlarda belə, Şakir Nəsirov onların yanında olub, lazım gəldikdə müxtəlif problemlərin həllində öz köməyini əsirgəməyib.

– “İstərdik ki, bütün insanlar Şakir dostumuz kimi əsl insanlığın nümunəsi olaydı”. Lyubov Şatskixin Şakir Nəsirobv barəsində dediklərini xüsusi vurğulamaq istəyirəm: – “Şakir Nəsirov hələ tələbə olduğu illərdə, həyat yoldaşım, məşhur riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor Aleksandr Nikolayeviç Dektyov onun insani keyfiyyətlərinə, elmə həvəsinə, daim mükəmməlləşməsinə və ideal hərəkətlərinə yüksək qiymət verirdi. Ş.Nəsirov bu xüsusiyyətləri ilə minlərlə tələbənin arasında seçilirdi. Bunları mən həyat yoldaşımdan eşitdikdən sonra, hələ yaxından tanımadığım bu adamın səmimiyyətinə valeh oldum, düşündüm ki, ətrafımızda belə dəyərli vətəndaşlar varsa yaşamağa dəyər. Onunla əyani tanışlığımız isə, sonralar ailəvi dostluğa çevrildi”. Təqdirəlayiq haldır ki, Şakir qardaşımız təbiətə də, digər canlılara da qayğı ilə yanaşır. Yeri gəldikcə başqalarına da əsaslı izah edir ki, ətraf mühitin təmiz, təbiətin gözəl olması sağlamlığımızın qarantıdır və biz insanlardan asılıdır. Şakir Nəsirovun dilindən eşitdiyim söhbətlərin qısa xülasəsini də diqqətə çatdırmaq istəyirəm. Onun etirafından aydın olur ki, o gördüyü işləri heç də reklam xatirinə yox, insanlığa sədaqətindən edir. “Qürbət ellərdə Azərbaycanımızı, onun qədim tarixini və zəngin mədəniyyətini təbliğ etmək, əyri yolda olanları düz yola yönəltmək, diaspor icmalarımızın inkişafı üçün çalışmaq, yaşadığım ölkənin vətəndaşları ilə dostluq əlaqələri qurmaq, bu ölkənin mədəniyyətinə, qanunlarına hörmətlə yanaşmaq mənim şərəfli borcumdur. Bəzən olur ki, doğma respublikamız, Bakı, doğulub boya-başa çatdığım Lənkəran, qohum-əqraba, dost-tanış üçün darıxıram.

Ona görə də, həmişə Bakıya gələn kimi, yaraşıqlı şəhərimizin diqqətəlayiq yerlərini, o cümlədən muzeylərini, fəxri və şəhidlər xiyabanlarını məmnuniyyətlə ziyarət edirəm, valehedici küçələrini, könül oxşayan bağlarını, zövqlə tikilmiş parklarını gəzib seyr edirəm. Sevimli Vətənimdə doğmalarımla, əzizlərimlə, həmkəndlilərimlə, müəllimlərimlə, dostlarımla, sinif yoldaşlarımla, sadə insanlarla görüşüb söhbətləşmək mənə həmişə ruh yüksəkliyi gətirir. Bu ziyarətlər, görüşlər, ünsiyyətlər, əlaqələr hamısı mənim ürəyimin hökmü, qəlbimin istəyi ilə yerinə yetirilir. Axı, yaxşı münasibət yaratmaq, ülfət bağlamaq, yaxınlıq etmək hər birimizdə hörmətə, ehtirama layiq əlamətlərdir, bunlar yaşlı nəsldən, valideyinlərimizdən, müəllimlərimizdən aldığımız yüksək tərbiyənin bəhrəsidir” Qeyd edim ki, Şakir Nəsirov mütaliə ilə mütəmadi məşğul olur. Onun zəngin şəxsi kitabxanası da var. Burada Rusiya və xarici ölkələrin ədəbiyyat nümunələri əsərlərlə yanaşı, Azərbaycan tarixinə, mədəniyyətinə, Lənkəran ziyalılarına, talış xalqına, mədəniyyətinə aid də kitablar var. Sonuncu görüşümüzdə Şakir müəllimin qohumu və hamımızın böyük hörmət bəslədiyimiz Xalq artisti, sevimli xanəndəmiz Canəli Əkbərovun məlahətli səsini uzaq diyarda, onun şəxsi kolleksiyasından dinləmək bizi çox həyacanlandırdı və ruhlandırdı. Sonda qeyd etmək istəyirəm ki, Şakir müəllim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı sadə, mehriban Yana xanım iyirmi ildən artıqdır ki, bir dəyərli həkim kimi, insanların gözünə işıq, nur bəxş edir. O, nəin ki, Tümen şəhərində, hətta, vilayətin digər bölgələrində böyük hörmət qazanmışdı. Milli adət-ənələrimizi qoruyub saxlayan bu gözəl ailənin yeganə Diana adlı bir qız övladı var. Hələ orta məktəb şagirdi olsa da, bu qızcığazın geniş dünyagörüşünə heyran qalırsan. Hazırda öz soy-kökünə bağlı, Azərbaycançılıq ruhunda tərbiyə alan Diana ali məktəbə hazırlaşır. Ona arzularına xeyirliklə çatmağı arzulayırıq. Yaradıcılıq səfərlərim zamanı, Tümenə yolum düşəndə, bilirəm ki, orada Şakir adlı dostum-qardaşım var.

Ramin Məmmədov,

yazıçı-jurnalist.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »