Xəbər verdiyimiz kimi, İmişlidə 11 yaşlı qız ana olub.
“ARB xəbər”ə danışan 11 yaşlı qızın nənəsi Sənubər Şükürova əvvəl uşağın qarnına su yığıldını zənn edib. Həkimə müayinəyə apardıqdan sonra məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Nənəsinin sözlərinə görə, uşaq ögey atası tərəfindən təcavüzə məruz qalıb.
Hadisələr isə qızın anasının işdə olduğu zamanlarda baş verib. Azyaşlı qız qeysəriyyə yolu ilə əməliyyat olunub. O, reanimasiya bölməsinə yerləşdirilib, körpənin vəziyyətinin yaxşı olmadığı bildirilir. Baş Prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Dəhşətli hadisə ilə bağlı Milli Məclisin üzvü, deputat Jalə Əhmədova Cebhe.info-ya açıqlamasında sözügedən məsələdə məsuliyyəti ailə quran xanımlara yönləndirməyin lazım olduğunu deyib:
“Ailə qurmaq lazımdır. Bir ögey ata bu cür davranıbsa, bu, o demək deyil ki, bütün ögey atalar uşaqlara bu cür münasibət bəsləyirlər.Yetəri qədər dürüst, öz övladı qədər ögey övladını çox istəyən atalar var. Valideynlər, xüsusən də qız uşağı anası olanlar bu məsələlərə daha həssas, diqqətli yanaşmalıdırlar. Özləri övladlarına nəzarət etməlidirlər. Ümumiyyətlə, valideynlər öz övladları ilə kommunikasiyada olmalı, onlarla söhbət etməlidirlər. Ana elə şərait yaratmalıdır ki, uşaq sözünü deməyə qorxmasın”.
Jalə Əhmədova bildirib ki, övlad valideyndən çəkinməməlidir:
“Uşaq vaxtında bu haqda nəsə deyə bilsəydi, ananın da bundan xəbəri olardı. Düşünürəm ki, bu zorakılıq bir dəfə ilə bitməyib. Uşağa bu cür hərəkət edən insan ruhi vəziyyəti sağlam olmayan biridir. Hesab edirəm ki, belə insanlara çox ağır cəza vermək lazımdır. 11 yaşlı uşaq həyatı dərk etmir. Məndən soruşulsaydı, millət vəkili olaraq ona ən ağır cəzanın verilməsini istəyərdim. Bu, çox haqlı olardı. O baladır, onun anası sənə güvənib ki, ailəsınə gətirib, uşağını sənə əmanət edib. Burada həm ananın ümidi puça çıxır, həm də uşağın”.