ABŞ Energetika Nazirliyi sanksiyaların Rusiya neft ixracına təsirini açıqladı

ABŞ-ın Rusiya neft sənayesinə qarşı son sanksiyaları Rusiyada neft hasilatını bir qədər azaltsa da, onların əsas təsiri qlobal neft tədarükü marşrutlarına olacaq.

Musavat.com xəbər verir ki, bu qiymətləndirmə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında yer alıb.

Hesabatda təqdim olunan məlumatlara görə, ABŞ Energetika Nazirliyi Rusiyada maye karbohidrogen hasilatının 2025-ci ildə sutkada 10,45 milyon barel, 2026-cı ildə isə sutkada 10,58 milyon barel olacağını gözləyir.

Agentlik həmçinin vurğulayır ki, Rusiya neftinə qarşı yeni sanksiyalar neft bazarında balans və neftin maya dəyəri ilə bağlı proqnozlara ciddi təsir göstərməyib. Bununla belə, ABŞ Energetika Nazirliyi etiraf edir ki, yanvarın 10-da yeni sanksiyalar paketinin elanından sonra neft qiymətləri dərhal artımla cavab verib. Agentliyin ekspertləri əlavə ediblər ki, ay ərzində bazar iştirakçıları diqqətlərini neftə tələbin zəif artımı ilə bağlı məlumatlara yönəltdikləri üçün qiymətlər azalmağa başlayıb.

Qeyd edək ki, yanvarın əvvəlində ABŞ Rusiyanın neft-qaz sektoruna, o cümlədən “Qazprom Neft” və “Surqutnefteqaz”, “Qazprom LNG Portovaya” və “Novatek”in “Kryoqaz-Vısotsk”una, o cümlədən 183 tankerə, treyderə, neft mədənlərinə xidmət göstərən firmalara, bir sıra neft şirkətlərinin rəhbərlərinə və Rusiya Energetika Nazirliyinin nümayəndələrinə qarşı genişmiqyaslı sanksiyalar paketi tətbiq edib.
EIA 2025-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 74,31 dollardan 74,5 dollara qədər artırıb. 2026-cı il üçünsə Brent neftinin qiymət proqnozu əvvəlki təxmindən bir barel üçün 66,46 dollardan dəyişməz olaraq qalır.

Agentlik OPEC+ ölkələrinin neft hasilatının azaldılmasının qlobal neft ehtiyatlarının azalmasına səbəb olacağını və 2025-ci ilin birinci rübündə qiymətləri hazırkı səviyyədə saxlayacağını gözləyir. Eyni zamanda OPEC+ ölkələrinin aprel ayından planlaşdırdığı hasilatın tədricən bərpası zəif tələb artımı ilə birlikdə 2025-ci ilin ikinci yarısında və 2026-cı ildə qlobal ehtiyatları artıracaq. ABŞ Energetika Nazirliyinin ekspertlərinin fikrincə, bu amillər neftin qiymətinə aşağı istiqamətli təzyiq göstərəcək.
Nazirliyə görə, WTI markalı xam neftin qiyməti 2025-ci ildə 70,62 dollar, 2026-cı ildə isə 62,46 dollar olacaq.

Comments are closed.

Tərcümə »