Rəqəmsal manatdan kimlər istifadə edə biləcək? – Mərkəzi Bankdan açıqlama

Rəqəmsal manatın geniş ictimaiyyət üçün əlçatan olması nəzərdə tutulur. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, tətbiq prosesi mərhələli şəkildə həyata keçiriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

“İlkin mərhələdə rəqəmsal manatın məqsədləri və konsepsiyası müəyyən olunacaq. Pilot layihənin həyata keçirilməsi üçün seçilmiş maliyyə institutları və iri şirkətlərlə əməkdaşlıq qurulacaq. Məhdud dövriyyə və əməliyyat limiti tətbiq edilə bilər. Texniki infrastrukturun stabil işləməsi və təhlükəsizlik tədbirlərinin effektivliyi sınaqdan keçiriləcək”, – deyə Mərkəzi Bankdan bildiriblər.

Qeyd edilib ki, sonkarı mərhələdə rəqəmsal manat geniş ictimaiyyətin istifadəsinə açıq olacaq:

“Fiziki və hüquqi şəxslər gündəlik əməliyyatlarında rəqəmsal manatdan istifadə edə biləcəklər. Maliyyə inklüzivliyinin artırılması və nağdsız iqtisadiyyatın təşviq edilməsi məqsədilə rəqəmsal manatın ödəniş sistemlərinə tam inteqrasiyası həyata keçiriləcək. Regional və beynəlxalq ticarət əməliyyatlarında istifadəsi ilə bağlı perspektivlər dəyərləndiriləcək. Bütün bu proseslər maliyyə bazarının iştirakçıları ilə sıx əməkdaşlıq çərçivəsində və beynəlxalq tənzimləmə standartlarına uyğun həyata keçiriləcək”.

Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılmasında bir neçə yanaşma nəzərdən keçirilir.

“Dünyada mərkəzi bankların rəqəmsal valyutalarının (CBDC – Central Bank Digital Currency) tətbiqi istiqamətində geniş tədqiqatlar və pilot layihələr həyata keçirilir. Bu prosesdə əsas məqsəd maliyyə sisteminin səmərəliliyini artırmaq, nağdsız dövriyyəni genişləndirmək və rəqəmsal transformasiyanı dəstəkləməkdir”, – Mərkəzi Bankdan bildiriblər.

Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı da bu sahədə aparılan qlobal təcrübələri nəzərə alaraq, rəqəmsal manatın tətbiq imkanlarını qiymətləndirir. Beynəlxalq Valyuta Fondunun texniki yardımı çərçivəsində CBDC-nin iqtisadi təsirləri, hüquqi çərçivəsi və texnoloji infrastrukturu ilə bağlı geniş təhlillər aparılıb:

“Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılması zamanı bir neçə əsas yanaşma – blokçeyn və paylanmış reyestr texnologiyaları (DLT – Distributed Ledger Technology) və mərkəzləşdirilmiş verilənlər bazası üzərində qurulmuş təhlükəsiz ödəmə platformaları nəzərdən keçirilir. Beynəlxalq təcrübədə fərqli yanaşmalara rast gəlinir. Məsələn, Çin Xalq Bankı rəqəmsal yuan üçün mərkəzləşdirilmiş idarəetmə modelindən istifadə edir, Avropa Mərkəzi Bankı isə rəqəmsal avronun texnoloji dizaynı üçün paylanmış reyestr texnologiyalarını test edir. Azərbaycan Mərkəzi Bankı beynəlxalq təcrübəni öyrənərək və yerli maliyyə sektorunun xüsusiyyətlərini nəzərə alaraq, rəqəmsal manatın texnoloji həllini müəyyən edəcək”, – deyə Mərkəzi Bankdan qeyd ediblər.

Comments are closed.

Tərcümə »