Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət maraqlarını geniş şəkildə bir daha müdafiə etdi.
İclasda Prezident İlham Əliyev 44 günlük müharibənin nəticəsi olaraq qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi çıxış etdi. Bölgədəki mövcud durumu MDB dövlət başçılarına, ümumilikdə isə bütün dünyaya çatdırdı. Prezident qeyd etdi ki, Qarabağ münaqişəsi arxada qalıb və bu konteksdə irəliyə baxmaq lazımdır. Təbii ki, kommunikasiya xətlərinin açılması, eyni zamanda, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası olduqca vacibdir. Delimitasiya Azərbaycanın və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacağı halda əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Ermənistanla bağlı çıxış edərkən təəssüflə qeyd etdi ki, hələ də minalanmış ərazilərin tam xəritələri Azərbaycana təhvil verilməyib. Dəqiqliyi cəmi 25 faiz olan bir neçə xəritənin verilməsi irəliyə doğru atılmış addım deyil. Bir il ərzində 150-dən çox Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya xəsarət alıb.
Eyni zamanda, dövlətimizin başçısı azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, qismən dağıdılmış qalan iki məsciddə isə inək və donuz saxlanıldığını da görüş iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışın əsas və maraqlı hissələrindən biri İran-Ermənistan əməkdaşlığına toxunulmasıdır. Bildirilib ki, işğal vaxtı təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Bundan əlavə, həmin dövrlərdə evlərin, binaların kərpiclərinin sökülərək Ermənistan və İrana satılıb.
Bütün baş verənlərə və Azərbaycan qalib dövlət olmasına baxmayaraq, ölkəmiz öz humanizmini və sülhsevərliyini nümayiş etdirərək üçtərəfli Bəyanata uyğun olaraq hərbi əsirlərini Ermənistana təhvil verdi. Hazırda isə Azərbaycanda həbsdə olanlar heç bir halda hərbi əsir sayıla bilməzlər. Çünki onlar üçtərəfli Bəyanatdan sonra Ermənistanın Şirak regionundan Azərbaycan ərazisinə məqsədyönlü şəkildə daxil olmuş diversant və terrorçulardır.
Ümumilikdə isə MDB Dövlət Başçıları Şurasının iclasında Paşinyan faktiki olaraq təslimçilik mövqeyini bir daha nümayiş etdirdi, Azərbaycanın tələblərinin, kommunikasiyalarla bağlı şərtlərinin yerinə yetiriləcəyini bildirdi. Bundan sonra təbii ki, önəmli olan məqam tez bir zamanda üçtərəfli Bəyanatı reallaşdırmaq və bölgəyə yeni nəfəs verməkdir.
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri