Koronavirusa yoluxan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin vəziyyəti ağırlaşıb. Ağciyərinin çox hissəsi zədələnən sabiq İH başçısı reanimasiyaya yerləşdirilib. Koronavirusa yoluxan Vilyam Hacıyev 20 gündür xəstəxanada müalicə olunur. Onun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasları təxirə salınıb.
Xatırladaq ki, Vilyam Hacıyev korrupsiya və çoxsaylı rüşvət hadisələrinə görə həbs olunub. V. Hacıyev icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsi, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırması, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin ələ keçirilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə digər mənimsəmələrdə, rüşvətxorluqda ittiham olunub.
İctimairey.az