Davos Forumunda Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycana xüsusi önəm verilməsi qürur hissi doğurur

Geridə qoyduğumuz ötən bir il ərzində dünyanın geosiyasi və geoiqtisadi reallıqları sürətlə dəyişdiyi kimi Dünya İqtisadi Forumunun (DİF) və ya ənənəvi adıyla desək, Davos Forumunun qlobal proseslərə münasibəti də günün çağırışlarına, tələblərinə adekvat olaraq dəyişir. İsveçrənin məşhur kurort mərkəzi Davos şəhərində öz işinə başlayan və sayca 55-ci olan Dünya İqtisadi Forumunun növbəti illik toplantısı bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilir.

Dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, vətəndaş cəmiyyəti liderlərini, ictimai xadimləri və ekspertləri bir araya gətirdiyinə görə təsir və əhatə baxımından dünyanın ən böyük və ən nüfuzlu görüş-müzakirə platforması hesab olunan Davos Forumunda bu günlərdə 6 əsas istiqamət üzrə müzakirələr aparılır:

-İnkişafın yenidən dizayn edilməsi,
-İntellektual əsrdə sənayelər,
-İnsan kapitalına investisiya,
-Planetin mühafizəsi,
-Etimadın bərpası,
-Mürəkkəblikdə liderlik.

Göründüyü kimi bu mövzular hazırda bütün dünya ictimaiyyəti üçün aktual sayılır. Bu mövzuların detallı müzakirəsi və gəlinən nəticələr müxtəlif maraqlı tərəfləri birləşdirməklə hazırkı mürəkkəb dövrdə qlobal əlaqələri gücləndirmək və eyni zamanda, gələcəyə yönəlmiş baxışlar, həllər təqdim etmək məqsədini daşıyır. Etibarlı qlobal dialoq və əməkdaşlıq platforması kimi Davos Forumunun bu istiqamətləri geniş müzakirəyə çıxarması iştirakçı ölkələrin hər biri üçün faydalı ola bilər. Çünki bu istiqamətlər daha dayanıqlı iqtisadiyyatların qurulmasına, sənaye liderlərinin texnoloji dəyişikliklər və yeni sənaye dinamikaları ilə uzunmüddətli prioritetlərini tarazlaşdırmalarına, insan kapitalının inkişafını və ona investisiyanı təşviq edərək dayanıqlı cəmiyyətlərin qurulmasına, iqlim və təbiət problemlərinin həlli üçün innovativ tərəfdaşlıqların qurulmasına və bu qəbildən olan digər aktual məsələlərin həllinə xidmət edir.

Forumda qaldırılan bu məsələlər həmçinin Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq uzun müddətdir ki, Davos Forumunun mühüm tərəfdaşlarından birinə çevrilib. Hər iki tərəf – həm Davos İqitsadi Forumu, həm də Azərbaycan qarşılıqlı əməkdaşlığı davam etdirməkdə və dərinləşdirməkdə maraqlıdır. Prezident İlham Əliyevin Forumun illik toplantılarında iştirakı Azərbaycanın iqtisadi imkanlarının və qlobal proseslərə yanaşmalarının daha geniş auditoriyaya çatdırılması, təqdim olunması baxımından olduqca əhəmiyyətlidir. Bu toplantılarda dövlət başçısı səviyyəsində təmsil olunmağımız yeni işgüzar əlaqələrin qurulması və ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi üçün də əlverişli imkanlar yaradır. Dövlətimizin başçısı Forum çərçivəsində ayrı-ayrı nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirir, iqtisadiyyatımıza daha çox xarici sərmayənin cəlb edilməsi üçün səylərini davam etdirir.

Davos Forumunda Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycana xüsusi önəm verilməsi qürur hissi doğurur. Forum çərçivəində keçirilən “Caspian Crossroads and Currents” (Xəzər Qovşağı və Cərəyanları) adlı paneldə də Azərbaycanın aparıcı mövqeyi bir daha qabarıq şəkildə üzə çıxdı. Sözügedən panel-müzakirələrdə regionun həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyəti gündəmə gətirildi. Müşahidələrimiz onu göstərir ki, Azərbaycan Davos Forumunun müzakirələrinə qatılan dünya elitası üçün cəlbedici, perspektivli ölkələrdən biri sayılır. Bu kontekstdə, Davos Forumu ilə sıx əməkdaşlığımız Azərbaycanın qlobal biznes-şəbəkələrə inteqrasiyasını gücləndirir. Ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox xarici sərmayənin cəlb edilməsi üçün münbit zəmin yaranır. Bir sözlə, Davos Forumu Azərbaycanın dünyaya açılan qapısı rolunu oynayır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »