Gürcüstan ilə Azərbaycan arasında süni səddlər yaratmağa çalışanlara imkan verilməməlidir

“İlia Çavçavadze Mərkəzi”nin təsisçisi Zaza Bibilaşvili son vaxtlar Kürmük məbədi ətrafında baş verən proseslər fonunda Gürcüstan-Azərbaycan münasibətlərində yaranmış anlaşılmazlıqlara və gərgin atmosferə bəzi gürcü həmkarlarımızdan fərqli olaraq daha obyektiv münasibət bildirib və eyni zamanda, haqlı olaraq Bdzina İvanişvilinin mənəvi-siyasi liderlik etdiyi hazırkı gürcü hökumətini sorğulayıb. Belə ki, Zaza Bibilaşvili Azərbaycanın son 35 il ərzində Gürcüstanın sarsılmaz dostu və strateji tərəfdaşı olduğunu sübut etmək üçün əlindən gələni etdiyini bildirib və onu da qeyd edib ki, Gürcüstan hakimiyyəti Gürcüstanın maraqları naminə əsas strateji müttəfiqlərdən biri olan Azərbaycanla münasibətləri möhkəmləndirməlidir.

Z.Bibilaşvili bu məqamda belə bir iliginc qənaətini də bölüşərək deyir ki, “İvanişvili hakimiyyətinin bunu niyə etmədiyini soruşmaq isə yəqin ki, artıq banal sualdır. Çünki o, bunun əks nəticəsinin yaranması üçün əlindən gələni edir”. O, həmçinin bu işin arxasında Rusiya faktorunun da mövcudluğunu vurğulayır: “Mən Gürcüstan-Azərbaycan mehriban qonşuluğuna hər hansı təhlükənin yaranacağını istisna edirəm. Lakin bunun üçün hər şeyi edən qüvvələr var və bu qüvvələrin arxasında, adətən, həmişə olduğu kimi, Rusiya dayanır, hansı ki, Gürcüstan və Azərbaycanın ümumi düşmənidir. Son illər ərzində biz dəfələrlə görmüşük ki, bu qüvvələr hətta məişət zəminində baş vermiş anlaşılmazlıqdan belə hadisələri daha geniş müstəviyə keçirməyə, daha böyük qarşıdurmaya və sonradan aradan qaldırılması çox çətin olacaq rezonansa səbəb olmağa çalışırlar”.

“İlia Çavçavadze Mərkəzi”nin təsisçisinin toxunduğu bu məqam olduqca mühümdür. Və bu da maraqlıdır ki, Rusiyanın işğal etdiyi Gürcüstan ərazilərində – Çxinvali regionunda və eləcə də Abxaziyada yüzlərlə abidə, böyük müqəddəs məkanlar mövcuddur (məsələn, Gürcüstan üçün həqiqətən böyük müqəddəslik əhəmiyyətinə malik olan İlori kilsəsinin adını çəkə bilərik). Lakin nə İlori kilsəsinin, nə də digər abidələrin vandalizmə məruz qalması və dağıdılması ilə bağlı istər Gürcüstan hakimiyyəti, istərsə də Patriarxlıq tərəfindən hər hansı bir rəsmi açıqlama verilib. Amma məsələ Azərbaycanın üzərinə gələn kimi bütün rusiyapərəst gürcü siyasi dairələri və o cümlədən Gürcüstan Patriarxlığı dərhal hay-küy qaldırır, milli münasibətləri qızışdıran, qonşuluq münasibətlərinə zərər verən bəyanatlarla çıxış edirlər.

Halbuki bu kimi məsələlərlə bağlı hər hansı bir narahatlıq varsa, onu ilk növbədə diplomatik yollarla, müvafiq kanallar vasitəsilə çözmək vacibdir. İctimai gərginliyə səbəb ola biləcək təxribatçı bəyanatlarla çıxış edənlər yalnız və yalnız Gürcüstan-Azərbaycan münasibətlərinə məqsədli şəkildə zərbə vurmaqla məşğul olurlar. Bu baxımdan, açıq görünür ki, indi də problemi məhz bu istiqamətə yönəltməyə, iki yaxın qonşu dövlət və strateji müttəfiqlər arasında süni gərginlik yaratmağa və alovlandırmağa çalışan müəyyən qüvvələr var. Ona görə də bu kontekstdə Zaza Bibilaşvilinin fikirləri ilə şərikik. Bəli, hər hansı üçüncü qüvvələrə Azərbaycan və Gürcüstanın arasını vurmağa əsla imkan vermək olmaz. Eləcə də Gürcüstan Patriarxlığı bundan sonra öz bəyanatlarında diqqətli, ehtiyatlı olmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının bəyanatını tənqid etməsi və patriarxlığın yanlış mövqeyinin iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq ruhuna zidd olduğunu bildirməsi, zənnimcə, hamını reallıq hissinə qaytardı (o cümlədən Gürcüstan Patriarxlığını da). Bu, bir daha göstərdi ki, Gürcüstan-Azərbaycan münasibətləri kimi həssas və strateji əhəmiyyət daşıyan bir mövzuya yanaşarkən emosional ritorikadan çox, soyuqqanlı və dövlət maraqlarına söykənən mövqe vacibdir. Çünki bu münasibətlər illər boyu təkcə iki qonşu xalqın yaxınlığını deyil, həm də Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və regional əməkdaşlığın əsas dayaqlarından birini formalaşdırıb. Bu mənada, hər hansı lokal anlaşılmazlığın və ya ayrı-ayrı qrupların qərəzli şərhlərinin bütöv strateji tərəfdaşlıq münasibətlərinə kölgə salmasına imkan vermək olmaz.

Əslində, Gürcüstan və Azərbaycanın əlaqələri yalnız siyasi deklarasiyalarla ölçülmür. Bu münasibətlərin arxasında enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və qarşılıqlı etimad kimi çox mühüm sütunlar dayanır. Ona görə də kimlərsə hansısa məsələni şişirdərək iki ölkə arasında süni gərginlik yaratmağa çalışırsa, bu, nə Gürcüstanın, nə Azərbaycanın, nə də bütövlükdə regionun maraqlarına xidmət edir. Əksinə, belə cəhdlər yalnız üçüncü qüvvələrin planlarına yaraya bilər.

Məhz buna görə də, hər iki tərəfdə məsuliyyətli dairələrin mövqeyi önəmlidir. Hər hansı narahatlıq doğuran məqam varsa, onun müzakirə yolu diplomatik kanallar, rəsmi mexanizmlər və qarşılıqlı anlaşma vasitəsilə aparılmalıdır. İctimaiyyətə yönəlik sərt və təxribat xarakterli bəyanatlar isə problemi həll etmir, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirir. Xüsusilə də tarixi dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək açıqlamalar verildikdə, bu, daha çox emosional manipulyasiya təəssüratı yaradır.

Eyni zamanda, regionda Rusiyanın destruktiv rolunu nəzərdən qaçırmaq olmaz. Təcrübə göstərir ki, Moskva çox vaxt qonşu xalqlar arasında etimadın pozulması, münasibətlərin korlanması və qarşılıqlı şübhənin güclənməsi üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Gürcüstan və Azərbaycanın münasibətləri də bu baxımdan həssas hədəflərdən biridir. Odur ki, hər iki ölkənin sağlam düşüncəli siyasi dairələri, ictimai fiqurları və media nümayəndələri ayıq-sayıq davranmalı, regionda sabitliyə xidmət edən mövqeni gücləndirməlidirlər.

Biz əminik ki, Kürmük məbədi ilə bağlı məlum bəyanat və monastırın özü ətrafındakı bütün spekulyasiyalara son qoyulacaq. Gürcüstan ilə Azərbaycan arasında süni səddlər yaratmağa çalışanlara imkan verilməməlidir. Əksinə, iki ölkə arasında mövcud olan dostluq, qonşuluq və strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmləndirilməlidir. Çünki bu münasibətlərin güclü qalması təkcə Bakının və Tbilisinin deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyi üçün həyati əhəmiyyət daşıyır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »