Biz işğal dövrünün dəhşətli dağıntılarının yerində yeni həyat quran xalqıq

Paytaxtımız Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Bu, olduqca mötəbər tədbirdir. Belə bir qlobal toplantının Bakıda keçirilməsi Azərbaycanın həm beynəlxalq nüfuzu üçün, həm də şəhərsalma siyasəti ilə bağlı qurumlarımız üçün və eləcə də memarlarımız üçün strateji baxımdan mühüm hadisədir. Forumun postsovet ölkələri arasında ilk dəfə məhz bizim ölkəmizdə keçirilməsi həm Azərbaycanın özü üçün, həm də bütövlükdə region ölkələri üçün dünyaya açılım baxımından əlverişli fürsətdir. Çünki bu tədbir bizə və region ölkələrinə öz inkişaf modellərimizi təqdim etməyə imkan verəcək. Bununla yanaşı, WUF13 region ölkələrinin qlobal urbanizasiya və iqlim dəyişiklikləri trendlərini vaxtında ayırd etməsinə və əldə edilən təcrübənin yerli problemlərin həllinə tətbiq edilməsinə şərait yaradacaq.

Həmçinin bu tədbir hazırda “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün də olduqca əhəmiyyətlidir. İşğaldan azad edilən ərazilərimizdə görülən işlər heç şübhəsiz ki, WUF13 auditoriyası üçün böyük maraq kəsb edən önəmli nümunələrdən biridir. Çünki son illərdə dünyada müharibə ilə üzləşmiş çox az ölkəyə məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönüşünü təmin edən belə genişmiqyaslı proqram həyata keçirmək nəsib olub. Burada şəhər və kəndlər sadəcə bərpa olunmur, əslində sıfırdan, tamamilə yenidən qurulur. Bu da misli-bərabəri olmayan erməni vandalizminin nəticəsində nəhəng bir regionun (Qarabağ və Şərqi Zəngəzur) işğal dövründə total şəkildə urbisidə, ekosidə və etnosidə məruz qalması ilə bağlıdır. Ona görə də “Böyük Qayıdış” proqramının həm uğurları, həm də qarşılaşdığı çətinliklər digər ölkələr üçün (xüsusən də müharibələrdən, lokal konfliktlərdən əziyyət çəkən ölkələr üçün) həqiqətən də çox faydalı bir model rolunu oynaya bilər.

Bu baxımdan, WUF13-ün nəyə görə məhz Azərbaycanda keçirilməsinin məqsədi və önəmi bir daha aydın olur. 30 ilə yaxın davam edən işğal dövründə bir sıra şəhərlərimizin yer üzündən tamamilə silinməsi faktı bu gün Azərbaycana sözün tam mənasında mənəvi əsas verir ki, qlobal Şəhərsalma Forumuna ev sahibliyi etsin və müharibələrin gətirdiyi faciələri, fəsadları, itkiləri, dağıntıları real faktlarla dünya ictimaiyyətinin diqqətinə təqdim etsin. WUF13 də Azərbaycana məhz bu imkanı tanıyacaq, verəcək. Beləliklə, biz ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar fonunda öz sülh və quruculuq təcrübəmizi bütün dünyaya təqdim edəcəyik.

Qlobal Şəhərsalma Forumunun sayəsində dünya birliyi bir daha Azərbaycan xalqının qurucu xalq olduğuna şahidlik edəcək. Biz işğal dövrünün dəhşətli dağıntılarının yerində yeni həyat quran xalqıq. “Qafqazın Xirosiması”na çevrilən Ağdamın müharibə küllərinin içindən dirçəlməsi və müasir şəhərsalma ilə boy atması həqiqətən də bütün dünya üçün misilsiz örnək ola bilər. WUF13-ün Azərbaycanda keçirilməsi isə Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin möhkəmlənməsinə və dialoqa böyük töhfələr verə bilər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »