İsrail və Türkiyə əlaqələri artıq çoxdan qırılma nöqtəsini keçib. Son ABŞ-İran müharibəsi isə İsrail-Türkiyə münasibətlərinin daha da gərginləşməsinə səbəb olub. İsrail Baş naziri Benyamin Netanyahunun bugünlərdə İranla müharibənin davam etdiriləcəyini açıqladığı bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı da açıq şəkildə hədəfə alması və ona qarşı sərt, təhqiramiz ifadələr işlətməsi artıq bütün diplomatik etiket və siyasi nəzakət qaydalarının kobud şəkildə tapdalanması deməkdir. Başqa sözlə desək, Netanyahu İranla müharibədən bəhanə kimi istifadə edib Türkiyəyə qarşı mövqeyini də açıq şəkildə ortaya qoyur və get-gedə həddini aşır.
Benyamin Netanyahunun Yaxın Şərqlə bağlı yeni xəritə yayaraq İraq, Suriya, Livan və Yəmən kimi müsəlman dövlətlərini “qara siyahı”ya salması isə onun həddini aşmasının və “qırmızı cizgi”ləri keçməsinin başqa bir nümunəsidir. Bütün bunlar sözsüz ki, ilk növbədə radikal dini fanatizm xəstəliyinə tutulmuş Netanyahunun “vəd olunmuş torpaqlar” mifi ilə, illüziyası ilə yaşamağının göstəricisidir. Deməli, əsas hədəf Netanyahunun bəyan etdiyi kimi heç də sadəcə “İranın terror rejiminə və onun proksilərinə qarşı mübarizəni davam etdirmək” deyil. Bu adam ifrata vararaq az qala bütün müsəlman dünyasını İsrail üçün birbaşa təhlükə kimi görür. Hal bu ki, İsraili təhdid edən yeganə müsəlman ölkəsi məhz İran idi. İrandan fərqli olaraq yerdə qalan digər müsəlman ölkələrinin heç biri İsraili məhv etmək, yer üzündən silmək kimi hədəflərlə çıxış etməyib. Tam əksinə, bir sıra müsəlman ölkələri İsrail ilə kifayət qədər dinc, normal əlaqələrə malikdir.
Bu kontekstdə həm qonşularına, həm də region ölkələrinə qarşı uzun illərdir toksik siyasət yürüdən və “Hizbullah” kimi proksi qüvvələri maliyyələşdirən İrana qarşı İsrailin sərt mövqe nümayiş etdirməsini indiyə qədər hər kəs anlayışla qarşılayıb. Necə deyərlər, təsir əks-təsirə bərabərdir. Ancaq Netanyahunun İranı bəhanə edib Türkiyəni də növbəti hədəf kimi göstərməsi və üstəgəl, bir sıra digər müsəlman ölkələrini də “qara siyahı”ya salması həqiqətən də həddini aşmaq və azğınlıqdır. Bu baxımdan, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Netanyahunun son təhqiramiz bəyanatlarına kifayət qədər sərt tonda cavab verməsi gözlənilən idi.
Türkiyə XİN-i hesab edir ki, Netanyahunun məqsədi ABŞ-la İran arasında davam edən iki həftəlik atəşkəsi və sülh danışıqlarını pozmaqdır. Çünki əks halda (yəni ki, müharibənin dayanacağı təqdirdə), Netanyahu öz ölkəsində məhkəmə qarşısına çıxmalı və böyük ehtimalla, həbs cəzası almalı olacaq. Eləcə də sözügedən bəyanatda İsrail rəsmilərinin Türkiyə prezidentinə qarşı əsassız, kobud və yalan ittihamlarının rəsmi Ankaranın İsrailin aqressiv siyasəti ilə bağlı müxtəlif platformalarda səsləndirdiyi həqiqətlərin yaratdığı narahatlıqdan irəli gəldiyi qeyd olunub və Netanyahunun məsuliyyətə cəlb olunması istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.
Türkiyə buna nail ola biləcəkmi və Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs edilməsi üçün sona qədər qətiyyət göstərə biləcəkmi, əlbəttə, bunu zaman göstərəcək. Ancaq hazırda görünən budur ki, İran və İsrail kimi iki radikal dövlətin bir-birinə qarşı “ölüm-dirim” savaşını davam etdirmək niyyətləri nəinki region ölkələri və müsəlman aləmi üçün, əslində bütün dünya üçün potensial təhdid mənbəyinə çevrilir. Son 40 günlük İran-ABŞ (+İsrail) müharibəsinin iqtisadi və psixoloji fəsadları da buna əyani sübutdur. Ona görə də müharibəyə susamış bu ölkələri dayandırmaq hazırda bütün dünya birliyinin əsas vəzifəsi olmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.