Pakistanın paytaxtında keçirilən və 21 saat davam edən ABŞ–İran danışıqlarının nəticəsiz bitməsinə görə tərəflər yenə də bir-birini günahlandırır. ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Ceyms Devid Vens deyib ki, “biz iranlılardan əsaslı və uzunmüddətli öhdəlik gözləyirik”. İran nümayəndə heyətinə rəhbərlik etmiş parlamentin sədri Məhəmməd Baqir Qalibaf isə Vensdən də iddialı çıxış edərək açıqlama verib ki, “İslamabadda danışıqlarda ABŞ tərəfi İran nümayəndə heyətinin etimadını qazana bilmədi. Lakin ABŞ bizim məntiq və prinsiplərimizi anladı və indi qərar verməlidir”.
Əsl həqiqətdə isə qərar verməli və şərtləri qəbul etməli olan tərəf ilk növbədə məhz İrandır. Çünki ABŞ-ın təklif etdiyi şərtlər İran xalqlarının mənafeyinə zərrə qədər də zərərli deyil. Baxın, Cey Di Vens nə deyir? Deyir ki, “bizə açıq öhdəlik lazımdır ki, İran nüvə silahı əldə etməyə çalışmasın və ona sürətlə çatmağa imkan verən vasitələri əldə etməsin. Bu, ABŞ-ın əsas məqsədidir”. Daha sonra Hörmüz boğazından gəmilərin maneəsiz keçidi şərti gəlir. Bu da kifayət qədər normal şərt, normal tələbdir. Çünki Hörmüz boğazından son ABŞ-İran müharibəsinə kimi bütün ölkələrin gəmiləri tam sərbəst şəkildə üzüb keçə bilirdi. Beynəlxalq hüquq da onu təsbit edir ki, İran bu boğazı təkbaşına nəzarətə götürə bilməz. Növbəti şərt isə İranın qanunsuz silahlı dəstələri, proksi qüvvələri maliyyələşdirməyi dayandırması ilə bağlıdır. Bu da tamamilə haqlı tələbdir. Çünki İran “Hizbullah”, “Həşdi-Şabi”, “Həmas” və sair kimi silahlı qruplaşmalara, terror dəstələrinə dəstək verməklə bütün region ölkələri üçün, qonşu dövlətlər üçün potensial təhdid mənbəyi formalaşdırır, sabitlik və təhlükəsizliyi sabotaj edirdi. Bu baxımdan, qanunsuz silahlı dəstələri, proksi qüvvələri maliyyələşdirmənin dayandırması ilə bağlı ABŞ tərəfinin şərti İranın molla rejiminin gələcəkdə toksik siyasəti davam etdirməsinin əngəllənməsində həqiqətən də çox ciddi müsbət rol oynaya bilər.
Ümumiyyətlə, ABŞ-ın irəli sürdüyü 15 maddəlik şərtlər siyahısında yer alan bu kimi müddəaların İran tərəfindən qəbul edilməsi həm onun özüyçün, həm də bütün qonşu ölkələr (Körfəz ölkələri, Cənubi Qafqaz respublikaları, habelə Türkiyə, Pakistan, Əfqanıstan, Mərkəzi Asiya ölkələri və s.) üçün xeyirli olardı. Çünki molla rejiminin nüvə silahının hazırlanmasına, raket sənayesinə, proksi qüvvələrin maliyyələşdirilməsinə xərclədiyi külli miqdarda maliyyə resursları bundan sonra İrandakı xalqların rifahına xərclənə bilərdi. Lakin əfsuslar olsun ki, İran tərəfi yenə də ifrat inkarçılıq mövqeyi nümayiş etdirdi və İslamabadda sülh razılaşması üçün yaranmış unikal fürsətdən yararlanmaq istəmədi.
Ən pisi isə budur ki, bu danışıqlarda Güney azərbaycanlıların və İranda yaşayan digər qeyri-fars mənşəli xalqların maraqları qətiyyən nəzərə alınmadı, onların hüquqları ilə bağlı məsələlər müzakirə olunmadı. Halbuki bu, həmin xalqların doğal haqqıydı. Çünki molla rejimi tərəfindən Güney azərbaycanlılara və digər qeyri-farslara qarşı edilən basqılar, repressiyalar, təhqirlər, güneyli fəalların həbsxanalarda işgəncələrə məruz qalması, öz milli haqlarını tələb edən günahsız insanların edam edilməsi, habelə İran konstitusiyasının 15-ci maddəsnin əksinə olaraq ana dilində məktəblərin açılmasına icazə verilməməsi İranda yaşayan xalqların təməl insan haqqlarının kobud surətdə pozulmasının təzahürləridir. Ona görə də ABŞ tərəfi İranda köklü dəyişikliklərə nail olmağı hədəf seçibsə, bütün bu məsələlər də mütləq danışıqlar masasına çıxarılmalı və Qalibafın təmsil etdiyi molla-SEPAH rejimi ilə razılaşdırılmalı idi. Ancaq görünən budur ki, ABŞ 1946-cı ildə Güney azərbaycanlıların taleyinə seyrçi qaldığı kimi, budəfə də eyni mövqeyi nümayiş etdirəcək. Hərçənd ki, Güney Azərbaycan məsələsi də Çindəki Uyğur-Sincan türklərinin taleyi kimi həmişə Ağ Evin diqqət mərkəzində olmalıdır. ABŞ liderlərinin Güney Azərbaycan məsələsinə baxış bucağı dəyişməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.