Troll şəbəkəsinin “raket” ssenarisi iflas etdi

Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz (ərəb) ölkələri istiqamətində guya raket atılması barədə yayılan məlumatların saxta və əsassız olması İordaniya mediası tərəfindən də təsdiqləndi. Belə ki, İordaniyanın rəsmi “Petra” xəbər agentliyi, eləcə də “əl-Dustur”, “əl-Bələd”, “Neyruz” və digər xəbər portalları da Azərbaycanla bağlı bu iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Həmin KİV-lərdə həmçinin Azərbaycanın Əmmandakı (İordaniyanın paytaxtı) səfirliyinin sözügedən əsassız və həqiqətə uyğun olmayan məlumatlarla əlaqədar bəyanatı da dərc edilib. Bəyanatda son ABŞ-İran müharibəsi fonunda region ölkələri ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək məqsədilə sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması cəhdləri qətiyyətlə pislənilib.

Biz də ötən gün bununla bağlı şərhimizdə bu dezinformasiyanın ərəb ölkələri ilə Azərbaycanın münasibətlərin korlanmasına xidmət edən bir təxribat olduğunu qeyd etmişdik. Sosial şəbəkələrin ərəb seqmentində xüsusi troll şəbəkəsi tərəfindən yayılan bu cür feyk-xəbərlər sözsüz ki, ictimai rəydə Azərbaycanla bağlı yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir. Ancaq dezinformasiya xarakteri daşıyan bu kimi cəhdlər uğursuzluğa məhkumdur. Çünki Azərbaycanın Körfəz ölkələri ilə münasibətləri bu cür təxribatlarla sarsılacaq qədər zəif deyil. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Bəhreyn və digər Körfəz ölkələrinin hər biri ilə istər siyasi, istərsə də iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq münasibətlərimiz mövcuddur. Son illər BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərlə münasibətlərimiz hətta strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Hazırda enerji, nəqliyyat-logistika, investisiya və turizm sahələrində əlaqələrimiz sürətlə inkişaf edir. Bu gün Azərbaycanda Körfəzin ərəb ölkələrindən 280-dən çox müxtəlif profilli şirkətlər fəaliyyət göstərir. Eyni zamanda, bu ölkələrlə əlaqələrimiz yüksək səviyyəli diplomatik dialoq və regional təhlükəsizlik sahəsində də sıx əməkdaşlıqla dərinləşir. Bir sözlə, Körfəz ölkələri və Azərbaycan bir-biriləri ilə möhkəm və çoxşaxəli dostluq, əməkdaşlıq münasibətlərinə malikdirlər. Bu da o deməkdir ki, bizdən onlara, onlardan isə bizə zaval gəlməz. Aramızı vurmaq istəyən məkrli qüvvələr xəyal qırıqlığına uğramağa məhkumdurlar. Manipulyativ xarakterli məlumatlar yaymaqla uzun illərə dayanan Körfəz ölkələri ilə Azərbaycanın münasibətlərini korlamaq mümkün deyil.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

 

Comments are closed.

Tərcümə »