Müttəfiqlərimizlə münasibətlərimizdə heç bir problem yoxdur

Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində, guya, raketlərin buraxılması barədə sosial şəbəkələrdə yayılan məlumatlar nəinki əsassızdır, həm də tamamilə absurddur və rəsmi qurumlar da haqlı olaraq bu feyk-xəbərlərin həqiqətə uyğun olmadığını bildirərək onları məqsədli dezinformasiya kimi qiymətləndiriblər. Çünki Azərbaycan hazırda atəşkəs mərhələsinə girən son 40 günlük İran-ABŞ (+İsrail) müharibəsində tərəflərdən heç birinin yanında yer almayıb və hərbi əməliyyatlara da hər hansı formada dəstək verməyib. Bunun tam əksinə, Azərbaycan regionda sülh və sabitliyin bərqərar olunması üçün hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırışlar edib.

Bu cür saxta “xəbər”ləri yayan beyinsizlər, korazehinlər heç olmasa, özlərinə sual verirlərmi ki, axı Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlər necə buraxıla bilər? Azərbaycan məgər İranın müttəfiqidirmi ki, ərazilərində ABŞ hərbi bazalarının yerləşdiyi ərəb ölkələrinə bizim ərazimizdən raket buraxılmasına icazə versin? Azərbaycan özü bu müharibə əsnasında İran tərəfindən raket və dron zərbələrinə məruz qaldığı halda, bizim ərazimizdən Körfəz ölkələrinə raket atılması hansı məntiqə uyğundur? Aydın məsələdir ki, belə bir şayiəni yayanlar ilk növbədə təxribat məqsədilə yayıblar. Onlar bu cür dezinformasiyaları yaymaqla həm öz ictimaiyyətimizdə çaşqınlıq yaratmaq məqsədini güdürlər, həm də ərəb ölkələrinin nəzərində Azərbaycanın etibarlı dost və müttəfiqlik imicini zədələməyə çalışırlar.

Lakin həmin təxribatçılar hərbi-texnoloji cəhətdən savadsız və cahil olduqlarına görə indi istənilən ölkədən atılan raket və dronların mənbəyini və onların haradan atıldığını müasir radar-müşahidə sistemləri vasitəsilə çox asanlıqla müəyyən etməyin mümkün olduğu barədə elementar təsəvvürə belə malik deyillər. Ona görə də bu cür əsassız iddialar sadəcə gülüş doğurur. Üstəgəl, bu dezinformasiyanı yayanların cahilliyi özünü həm də onunla təsdiqləyir ki, bu zavallılar Azərbaycanın hətta Körfəz ölkələri ilə kifayət qədər yaxşı münasibətlərə malik olduğunu da bilmirlər. Azərbaycan dost dövlətlərin suverenliyini və sabitliyini heç vaxt təhlükə altına atmaz. Ərəb ölkələri Azərbaycanın etibarlı dost və güvənli müttəfiq olduğunu yaxşı bilirlər.

İran-ABŞ müharibəsi Azərbaycan üçün müəyyən risklər yaratsa da, lakin biz bu riskləri müvəffəqiyətlə neytrallaşdırmağı bacardıq. Hazırda İranla qonşuluq münasibətlərimiz normal məcrada davam edir. Müttəfiqlərimizlə münasibətlərimizdə də heç bir problem yoxdur. Həmçinin Körfəz ölkələri də Azərbaycanın dostluq və sadiqliyinə hər zaman etibar edə bilərlər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »