MDB-nin mövcudluğu tamamilə dekorativ xarakter daşıyır

Rusiyanın təşəbbüsü ilə yaradılan bütün geosiyasi layihələr, birlik platformaları ya ilk başdan “ölü” doğulur, yadaki bir müddətdən sonra tamamilə amorf qurumlara çevrilirlər. Müstəqil Dövlətlər Birliyi (MDB) isə elə ilk gündən həm “ölü” doğulmuşdu, həm də amorf səciyyə daşıyırdı, formal mövcud idi. Gürcüstan və Ukraynanın bu qurumu nümayişkaranə şəkildə boykot edib, üzvlükdən çıxmalarından sonra MDB-nin mövcudluğu tamamilə dekorativ xarakter daşıyırdı. Görünən buydu ki, MDB-ni tərk edən dövlətlərin sıraları sonradan daha da genişlənəcək. Və budur, çoxdan gözlənilən həmin hadisə nəhayət ki, baş verdi. Moldova Respublikası da bugünlərdə MDB-yə “yox” dedi.

Belə ki, Moldova prezidenti Maya Sandunun 8 apreldə Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrini ləğv edən fərmanları imzalamasından sonra ölkənin MDB-dən çıxma prosesi rəsmi olaraq başa çatıb. Bu qərar bir tərəfdən Moldovanın Avropa inteqrasiyasına sadiqliyinin real nümunəsi kimi qəbul edilir. Digər tərəfdən isə, Moldovanın hazırkı hakimiyyəti MDB-nin mövcud prinsiplərinin artıq bu ölkənin perspektiv hədəflərinə və yeni çağırışlara cavab vermədiyini düşünərək bu addımı atıb.

Əlbəttə, bu qərar Moldovanın rusiyapərəst qüvvələri tərəfindən sərt tənqidlə qarşılanıb. Xüsusən də Moldova Kommunist Partiyasının nümayəndələri MDB-dən çıxmağı “iqtisadiyyat üçün faciə” və eyni zamanda, Rusiyada işləyən moldovanlara “xəyanət” kimi dəyərləndiriblər. Lakin rəsmi Kişinyov rusiyapərəst qüvvələrin bu səpkili bəyanatlarına siyasi populizm nümunəsi kimi yanaşır və qərbyönümlü kursu davam etdirmək əzmini nümayiş etdirir. Bu kontekstdə MDB ilə əlaqələri kəsmək prosesi də hələ 2023-cü ildən başlanmışdı.

2023-cü ildən etibarən Moldova parlamenti və hökuməti tədricən onlarla MDB müqaviləsini yenidən nəzərdən keçirib. Həmin müqavilələrin milli maraqlara zidd olanları və ya ölkənin Avropa İttifaqına (Aİ) üzv olmasına maneçilik törədənləri ləğv edilmişdi. Aprelin 8-də isə Moldovanın bütövlükdə MDB sıralarını tərk etməsi ilə proses, necə deyərlər, öz məntiqi sonluğuna, kulminasiya nöqtəsinə çatdı. Kişinyovun bu addımı atması bir daha onu göstərir ki, MDB vaxtilə “sülh və əməkdaşlıq” məqsədi ilə təsis edilsə də, lakin bu qurum ötən 35 il ərzində nə üzv ölkələr arasında ciddi iqtisadi inteqrasiya yaratmağa müvəffəq ola bildi, nədəki onların suverenliyinin və təhlükəsizliyinin qorunmasına önəmli töhfə verməyi bacardı. Çünki bu qurum yaradıldığı gündən üzv ölkələrin kollektiv maraqlarına deyil, məhz Rusiyanın fərdi hegemonluq iddialarına, geosiyasi hədəflərinə xidmət edib.

Ona görə də Rusiya MDB-ni postsovet ölkələri üçün cazibəli birlik halına gətirməyi bacarmadı. Bu da o deməkdir ki, hazırkı qlobal geosiyasi təlatümlər fonunda MDB-nin sıralarında “yarpaq tökümü” – seyrəlmə prosesi bundan sonra da davam edəcək. Ümumiyyətlə, dünya hazırda çox ciddi dəyişikliklər prosesi içindədir. Bu baxımdan, yeni çağırışlar bütün ölkələri, o cümlədən MDB üzvlərini də qlobal güc balanslarını, geosiyasi prioritetləri və iqtisadi əlaqələrin vektorlarını yenidən nəzərdən keçirməyə vadar edir. Azərbaycan da qlobal prosesləri yaxından izləyir və prioritetləri gözdən keçirir. Müstəqil Dövlətlər Birliyi ilə yolları ayırmaq nə vaxtsa bizim üçün də aktuallaşa bilər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »