Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik ABŞ-İran atəşkəs razılaşmasını İran rəsmiləri ölkə üçün “qələbə” kimi qiymətləndiriblər. Həmçinin ABŞ və İsrail sözçüləri də 1 aydan çox davam edən bu son savaşı keçən ilin yayında baş verən “12 günlük müharibə”də olduğu kimi “qələbə” kimi təqdim edirlər. Düzdür, atəşkəs qərarı ABŞ, İran və İsrail arasında davam edən hərbi gərginliyin fonunda gələcəkdə əldə oluna biləcək yekun sülh razılaşmasının mühüm mərhələsi kimi qiymətləndirilir. Hazırda ümumi mənzərədən görünən budur ki, iki həftəlik atəşkəs əslində hər iki tərəf üçün taktiki gediş xarakterini daşıyır. Odur ki, bu razılaşmanın yaxın gələcəkdə uzunmüddətli sülhə çevrilib-çevrilməyəcəyi hələlik sual altındadır.
Danılmaz fakt isə budur ki, ortada mütləq və real qalib yoxdur. Trampın və Netanyahunun bütün nikbinliklərinə baxmayaraq ABŞ və İsrail İranı qeydsiz-şərtsiz təslim aktına imza atdırmağa və molla rejimini devirməyə nail ola bilmədilər. Burdan da çıxan nəticələrdən biri budur ki, əslində, Ağ Evin ümumiyyətlə ilk başdan İranda rejim dəyişikliyinə nail olmaq planı yox imiş. Trampın yeganə amacı molla rejimini də Venesuelanın yeni rəhbərliyi kimi sözəbaxan duruma gətirmək və nəticədə həm İran neftinə əl qoymaq, həm də Çinə qarşı qlobal mübarizədə əsas geosiyasi plasdarmlardan birinə nəzarəti ələ keçirmək olub.
Ona görə də bu atəşkəs nəticəsində ABŞ-ın imicinin ayaqlar altına düşməsi Trampı qətiyyən narahat eləmir. O, işbaz adamdır və onu yalnız iqtisadi mənafelər maraqlandırır, gerisi isə təfərrüatdır. Ancaq reallıq isə budur ki, bu uğursuz və ya yarımçıq müharibə nəticəsində ABŞ və İsrailin sarsılmaz birgə güc mifi darmadağın oldu, ABŞ-ın “şəriksiz dünya ağalığı”na, hegemonluğuna son qoyuldu, Pentaqon və MKİ-nin dünyada yaratdığı qorxunc ABŞ xofu tamamilə alt-üst oldu və eyni zamanda isə, fars-molla rejimini çökdürüb sıradan çıxarmaq əvəzinə, onu daha da gücləndirdilər. Bəli, məhz ABŞ və İsrailin “xidmət”i sayəsində İran bundan sonra qlobal güc iddiası ilə çıxış etməyə başlayacaq və nəinki qonşu ölkələr üçün, hətta Avropa qitəsi üçün də daha böyük təhdid mənbəyinə çevriləcək. Bu mənada, ABŞ və İsrail bəşəriyyətə həqiqətən də “ayı” xidməti göstərmiş oldular.
Bu arada bizim bəzi iranpərəstlərimizin sözügedən atəşkəsi “haqqın qalib gəlməsi” kimi xarakterizə edib İranın “qələbə”si kimi qiymətləndirməyə çalışması da yersiz nikbinlikdir. Çünki ABŞ+İsrail-İran müharibəsində tərəflərdən heç biri birmənalı olaraq nə qalib deyil, nədəki haqlı deyil. Bu müharibə əsl həqiqətdə çox böyük bir oyun idi. ABŞ-ın təklif etdiyi İrana dair 15 maddədən ibarət uzunmüddətli razılaşma üzrə son günlərdə aparılan qızğın danışıqlar prosesi də əsas etibarilə məhz İranın neft ixracının ABŞ-ın nəzarəti altına alınmasına xidmət edir. Yəni ki, sonda təxminən “Venesuela ssenarisi”nin təkrarını görəcəyik. Çünki Tramp üçün İranı kimin idarə etməsinin elə də ciddi bir fərqi yoxdur. Əsas məsələ budur ki, tərəflər (Tramp və molla rejimi) qlobal iqtisadi və geosiyasi maraqları naminə ortaq məxrəcə gəlmək yolunu tutdular. İran xalqının azadlıq ümidləri isə növbəti dəfə qırıldı. Tramp İran xalqına vəd etdiyi “yardım”ı etmədi. Fars-molla rejimi bundan sonra daha da amansızlaşacaq. Güney azərbaycanlıların və digər qeyri-fars mənşəli xalqların müstəqillik arzuları növbəti dəfə böyük maraqlara qurban verildi.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.