Azərbaycan–Gürcüstan tandemi Türkiyə ilə birlikdə Cənubi Qafqazda yeni iqtisadi-siyasi blokun əsasını qoya bilər

Gürcüstan-Azərbaycan münasibətlərində son vaxtlar xüsusi dinamika müşahidə olunur. Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfərinə gəlməsi Gürcüstanın xarici siyasətində yeni mərhələ kimi qiymətləndirilir. Dövlətimizin başçısının yüksək hörmət və ehtiramla qarşılanması sıx qonşuluq və tərəfdaşlıq münasibətlərimizin göstəricisidir. Azərbaycan və Gürcüstan indiyə qədər bütün beynəlxalq təşkilatlarda həmişə bir-birinə sıx dəstək verib. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik və dəstəkləməyə də davam edirik. Azərbaycan–Gürcüstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq formatı deyil, həm də regionun gələcək siyasi və iqtisadi arxitekturasını formalaşdıran əsas sütunlardan biridir. Odur ki, İlham Əliyevin bu səfərinin ardınca yeni regional layihələr və təşəbbüslərin ortaya çıxacağı ehtimalı kifayət qədər yüksəkdir.

Cənab Prezident özü də bu gün Tiflisdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirdi ki, “əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək və Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək”. Nəqliyyat və logistika sahəsindəki birgə fəaliyyətlərimiz, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu və yeni infrastruktur layihələri iki ölkəni Avropa–Asiya ticarətində daha da önəmli edəcək. Eləcə də enerji təhlükəsizliyi istiqamətində əməkdaşlığımız daha da genişlənəcək. Belə ki, Gürcüstanın enerji sisteminin modernləşdirilməsində Azərbaycanın rolu artacaq. Həmçinin, regional inteqrasiya müstəvisində aktivlik müşahidə olunacaq. Bunun fonunda Azərbaycan–Gürcüstan tandemi Türkiyə ilə birlikdə Cənubi Qafqazda yeni iqtisadi-siyasi blokun əsasını qoya bilər.

Bir sözlə, Azərbaycanın əsas marağı strateji tərəfdaşımız olan Gürcüstanı yeni regional iqtisadi-siyasi məkana tam şəkildə daxil etməkdir. Bu prosesə son vaxtlar Cənubi Qafqazdakı təsir çərçivəsini genişləndirən ABŞ tərəfindən də dəstək veriləcəyi ehtimalı kifayət qədər yüksəkdir. Gürcüstanın rəhbərliyinin də hazırda əsas marağı həm ABŞ tərəfindən legitimlik əldə etmək, həm də nəqliyyat-logistika layihələrində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməkdir. Dövlətimizin başçısı da Tiflisdə verdiyi bəyanatında qeyd etdi ki, “bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir”.

Yeri gəlmişkən, Azərbaycan–Gürcüstan münasibətlərinin son 35 illik tarixinə nəzər salsaq görərik ki, 1990-cı illərin sonlarından etibarən reallaşdırılmasına başlanılan Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri iki ölkənin strateji tərəfdaşa çevrilməsində həlledici rol oynayıb. Bu gün isə nəqliyyat dəhlizlərinin daha da genişləndirilməsi istiqamətində işlər aparılır. Prezident İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü zamanı Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi. Dövlətimizin başçısı qeyd etdi ki, “Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək”. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri bu iki qonşu ölkənin gələcəyi üçün deyil, bütövlükdə regionun gələcək siyasi və iqtisadi arxitekturasının formalaşmasında həlledici faktordur. Eyni zamanda, iki ölkə arasındakı əməkdaşlıq təkcə enerji və nəqliyyat sahəsində deyil, həm də regional inteqrasiya və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Sıx əməkdaşlığımız regional sabitlik və təhlükəsizliyimizin zəmanətidir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »